(sədrlik edən İ.Şirinov)
Şikayətçi Məmmədov Sərdar Cəlal oğlunun
nümayəndəsi Məmmədov Qurban Cəlal oğlunun
09 yanvar 2008-ci il tarixli məhkəmə iclasındakı
MƏHKƏMƏ ÇIXIŞI
Hörmətli sədr, hörmətli proses iştirakçıları!
S.Cəlaloğlunun Azərbaycan Respublikası DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mübarizə İdarəsində (bundan sonra MCQBMİ) saxlandığı vaxt, yəni 2003-cü ilin 19 oktyabrında işgəncələrə və qeyri-insani rəftara məruz qalması barədə şikayət ərizəsinin araşdırılması nəhayət ki, başa çatdı.
Mən öncə şikayətin tam, hərtərəfli və obyektiv təhqiqatını, eləcə də CPM-nin 28-ci və 32-ci maddələrində nəzərdə tutulan «cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi» və «cinayət prosesində tərəflərin çəkişməsi» prinisiplərini təmin etdiyinə görə sədrlik edənə və bu prosesdə fəal iştirak etdiyinə görə bütün iştirakçılara öz minnətdarlığımı bildirirəm.
Məhkəmənin qəbul edəcəyi yekun qərarın S.Cəlaloğlunun xeyrinə olub-olmayacağından asılı olmayaraq hesab edirəm ki, proses indiki ana qədər, yəni məhkəmə çıxışlarına qədər mövcud cinayət prosessual qanunvericiliyinə tam əməl edilməklə aparılmışdır. Bizə isə yalnız araşdırılmış sübut və dəlillər haqqında öz mövqe və baxışlarımızı bildirmək qalır. Buna başlamamışdan öncə, mən bu işin ölkəmizdə qanunçuluq və dövlətçilik baxımından əhəmiyyəti barədə, qısa da olsa, fikrimi bildirmək istərdim.
Bu iş həm də, Azərbaycanın ədalət mühakiməsi tarixində Avropa Məhkəməsinin qərarı əsasında aparılan ilk iş kimi də olduqca əhəmiyyətlidir.
Hörmətli proses işitirakçıları!
S.Cəlaloğlunun o vaxtkı müdafiəçilərindən biri Qasımov Süleyman Ələsgər oğlunun məhkəmə iclasında verdiyi ifadə yəqin Sizi də təəccübləndirdi: «Mən işgəncə ilə bağlı şikayət vermək istəmirdim, çünki bunun dövlətimiz üçün ziyanlı olacağını başa düşürdüm. Həmin şikayəti mən S.Cəlaloğlunun təkidi ilə yazmışam».
Nə qədər əcaib və paradoksal görünsə də, bu fikirlər artıq rəsmiyyətə keçmiş və təkzibi qeyri-mümkün olan bir faktdır. Azərbaycanlı vəkil belə hesab edir ki, müdafiəsi altında olan şəxsə verilmiş işgəncədən şikayət edilməsi dövlətə ziyandır. Bu həm də, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinin əsl keyfiyyətini və real vəziyyətini göstərir.
Təbii sual doğur: hər hansı məmurun özbaşınalığından və törətdiyi cinayətdən şikayət verilməsi dövləti həqiqətən də nüfuzdan sala bilərmi, yaxud da onu ləkələyə bilərmi? Bu sualların cavablarına bir azdan aydınlıq gətirəcəyimi nəzərə alaraq, S.Cəlaloğlunun şikayətinin əsaslı olduğunu sübut edən dəlil və faktlar barədə fikrimi bildirmək istəyirəm.
S.Cəlaloğlu məhkəməyə ona görə müraciət edib ki, o, 2003-cü ilin prezident seçkilərindən sonra, 18-19 oktyabr 2003-cü ildə DİN-nin əməkdaşları tərəfindən işgəncələrə və qeyri-insani rəftara məruz qalmış, bədən xəsarəti almış, ardıcıl olaraq, alçaldılaraq təhqir edilmiş və bununla da, istər beynəlxalq, istərsə də milli qanunvericiliklə nəzərdə tutulmuş hüquqları pozulmuşdur.
AR Konstitusiyasının 46-cı maddəsinin 3-cü hissəsinə əsasən, «heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz».
AR CPM-nin 13-cü maddəsinə əsasən, «cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. Cinayət təqibi gedişində heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz, insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz, ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz».
Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli, 236-İİQ saylı Qanunla qoşulduğu «İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında» Avropa Konvensiyasının (Roma, 4 noyabr 1950-ci il) 3-cü, BMT Baş Məclisinin «İnsan Hüquqları haqqında Ümumi Bəyyannamə»sinin (10 dekabr 1948-ci il) 5-ci, eləcə də «Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın» 7-ci maddəsinə əsasən, «heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır».
Sivil və mədəni dünya işgəncələrlə bağlı insan hüquqlarının pozulmasına çox böyük önəm verdiyi üçün də «İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyası»na əsasən, İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Avropa Komitəsi yaradılmış və Respublikamız 25 dekabr 2001-ci il tarixli, 237-İİ Q saylı qanunla bu Konvensiyaya qoşulmuşdur.
Elə həmin Komitənin də nümayəndələri 2004-cü ilin yanvar ayında Azərbaycana gəlmiş və DİN-in 1 saylı Bayıl istintaq təcridxanasında saxlanılan S.Cəlaloğlu ilə şəxsən görüşərək ona verilən işgəncə barəsində araşdırma aparmış və müvafiq rəyi Avropa məhkəməsinə təqdim etmişlər.
Hörmətli proses iştirakçıları!
Respublikamız yuxarıda qeyd etdiyim Konvensiyalara qoşulmaqla özünün mədəni və sivil dünyanın bir parçası olduğunu elan etmiş və hüquqi dövlət quruculuğundakı istək və niyyətlərini qanunlaşdıraraq bütün dünyaya bəyan etmişdir. Dövlətimizin belə bir rəsmi iddiada olduğu halda hər hansı məmurun cinayəti nəticəsində dövlətimizin nüfuzdan düşə biləcəyini güman etmək nə qədər ağlabatan bir mühakimə sayıla bilər?
Diqqət edin: işgəncələr əleyhinə bütün beynəlxalq Konvensiyaların hazırlanmasında və qəbul edilməsində baş rolda çıxış edən Amerika Birləşmiş Ştatlarında bu gün bir olay yaşanır. ABŞ-ın Ədliyyə Nazirliyi Federal İstintaq Orqanlarını məhkəməyə verərək, onları, əsir götürülmüş talibançılara işgəncə verilməsini sübut edən dəlillərin məhv edilməsində ittiham edir. Söhbət hər hansı adi vətəndaşdan yox, ABŞ-ın başına «11 sentyabr» faciəsini gətirən və bütün Amerika xalqının terrorçu kimi lənətlədiyi Əl-Qaidə üzvlərinə verilən işgəncələrdən gedir. Görəsən, Ədliyyə Nazirliyinin bu hərəkəti Amerika dövlətinə ləkə gətirir, yoxsa baş ucalığı? Əlbəttə, baş ucalığı. Çünki bu hərəkətlə ABŞ Qanunun aliliyi prinsipinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə sadiqliyini bir daha sübut etmiş olur. Biz isə hələ də elə düşünürük ki, dövlət deyəndə hakimiyyətdə olan fərd, yaxud da rejim başa düşülməlidir. Ona görə də, psevdo--təəssübkeşlik hissi ilə yaşayan, əsil insani və dünyəvi dəyərlərin nədən ibarət olduğunu anlamayan və belə dəyərləri korporativ maraqlardan ayıra bilməyən müstəntiqlər, prokurorlar, hakimlər və nə qədər təssüf doğursa da, vəkillər uzun illərdir ki, Azərbaycan vətəndaşlarına verilən işgəncələrin gizlədilməsində bütün «qabiliyyət və bacarıqlar»ını əsirgəmirlər. Bu gün araşdırılan iş də elə bu qəbildəndir.
Bizim ölkəmizdə vəhşicəsinə döyülüb öldürülən, polis idarəsinin 3-cu mərtəbəsindən atılan, küçənin ortasında həyat yoldaşının gözü qarşısında vəhşicəsinə döyülərək öldürülən, bütün cəza müəssisələrində və istintaq təcridxanalarında döyülən, fiziki işgəncələrə məruz qalan, eləcə də alçaldılaraq müxtəlif bədən xəsarətləri alan minlərlə Azərbaycan vətəndaşının hüquqları müdafiəsiz qalmaqdadır. Dövlət dediyimiz bir qurum isə məhz həmin vətəndaşların da iştirakı ilə yaradılan, məhz onların da müdafiəsi və vergisi hesabına mövcud olan bir təsisatdır. Yaradan özü zəyiflədikcə yaradılanın da zəyifləməsi qaçılmaz bir prosesdir və bunu başa düşmək üçün ən bəsit ağıl belə kifayətdir. Mən bu işə yalnız Sərdar Cəlaloğlunun fərdi işi kimi baxmıram. Əksinə, dövlətimizin, xalqımızın və millətimizin hüquqi dövlət yaratma, eləcə də insan hüquq və azadlıqlarının təmini prosesində bir dönüş nöqtəsi kimi baxıram.
Ya biz Allahın yaratdığı normal insan kimi bir-birimizin, eləcə də başqa ölkə vətəndaşlarının hüquqlarına hörmət etməkdə qərarlı olduğumuzu rəsmi məhkəmə qərarı ilə bir daha sivil dünyaya elan etməliyik, ya da insan hüquqlarının pozulmasına göz yummaq və buna daha da rəvac verməklə barbar, gerizəkalı və vəhşi bir toplum olduğumuzu yenə də rəsmi məhkəmə qərarı ilə etiraf etməliyik.
Mən çox ümid edir və inanıram ki, Azərbaycan dövlətinin və xalqının adından qərar qəbul etmək hüququna malik olan bir hakim kimi Siz məhz birinci qərarı qəbul edəcək və Sərdar Cəlaloğluna işgəncə verilməsi faktını təsdiq etməklə, eləcə də təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsini əlaqədar orqanlardan tələb etməklə, hörmətli məhkəmə, bundan sonra kimliyindən- irqindən, cinsindən, milliyyətindən və sair əlamətindən asılı olmayaraq hər hansı bir şəxsin dövlətimizin ərazisində işgəncəyə məruz qoyulması praktikasına son verəcək bir prosesin başlangıcını elan edəcəksiniz.
son verəcək bir prosesin başlangıcını elan edəcəksiniz.
S. Cəlaloğluna işgəncə verilibmi?
Hörmətli sədr və hörmətli proses iştirakçıları!
Bu suala cavab verməmişdən öncə ««işgəncə» nədir?», ««işgəncə» dedikdə nə başa düşülməlidir?» suallarına cavab verilməsinin zəruriliyi qənaətindəyəm.
Bu suallara AR-nın 1996-cı il 31 may tarixli, 103-İ Q saylı Qanunla qoşulduğu, BMT-nin Baş Məclisinin «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya»sının 1-ci maddəsində belə cavab verilir: ««işgəncə» dedikdə hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsddən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür». Həmin maddəyə əsasən, yalnız qanuni sanksiyalar nəticəsində baş verən, bu sanksiyaların ayrılmaz tərkib hissəsi olan, yaxud onların təsədüfən doğurduğu ağrı və ya əzablar bu anlayışa daxil deyil.
Mən həmin Konvensiyanı burada bütövlükdə şərh etməklə vaxtınızı almayacağam. Çünki Konvensiyanın bu çıxışıma qoşulmuş mətni, hörmətli sədr, Sizə təqdim ediləcəkdir. Yalnız bir neçə maddəni nəzərinizə çatdırmağı çox vacib bilirəm.
Konvensiyanın 3-cü maddəsinin birinci hissəsində deyilir: «heç bir iştirakçı dövlət heç bir şəxsi ona işgəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar mövcud olduğu başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı və ya ekstradisiya etməməlidir». 8-ci maddənin birinci hissəsinə əsasən isə, «Konvensiyanın 4-cü maddəsində göstərilən cinayətlər iştirakçı dövlətlər arasında ekstradisiyaya dair hər hansı mövcud müqaviləyə daxil edilməli olan ekstradisiya cinayətləri sayılır. İştirakçı dövlətlər belə cinayətləri ekstradisiyaya dair aralarında bağladıqları hər hansı müqaviləyə ekstradisiya cinayətləri kimi daxil etməyi öhdələrinə götürürlər».
Fikir Verin: mədəni dünya hətta terrorçunun, veriləcəyi ölkədə işgəncəyə məruz qalacağı ehtimalında belə ekstradisiya edilməsini qəbul etmir və eyni zamanda, işgəncə ilə bağlı cinayətlərin iştirakçılarının ekstradisiyasını zəruri sayır.
Konvensiyanın 4-cü maddəsinə əsasən, «hər bir iştirakçı dövlət bütün işgəncə hərəkətlərinə, onun cinayət qanunvericiliyinə müvafiq olaraq cinayət kimi baxılmasını təmin edir. Bu, işgəncə vermək cəhdinə və hər hansı bir şəxsin işgəncədə iştirakçılığı, yaxud iştirakı anlamına gələn hərəkətlərinə də aiddir. Hər bir iştirakçı dövlət bu cinayətə görə onların ağırlıq xarakteri nəzərə alınmaqla müvafiq cəzalar müəyyən edir».
Məhz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sadiq qalaraq və özünün həqiqətən də mədəni dünyanın tərkib hissəsi olduğunu və hüquqi dövlət quruculuq niyyətinin dönməz olduğunu isbat edərək, Azərbaycan Respublikası öz Cinayət Məcəlləsində işgəncələrə dair cəza müəyyənləşdirmişdir və həmin cinayət ağır cinayət hesab edilir. AR Cinayət Məcəlləsinin 113-cü maddəsinə (İşgəncə) əsasən, «tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə —yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır».
Özünün Cinayət Məcəlləsində işgəncə ilə bağlı cinayətin cəzalandırılmasını nəzərdə tutan bir dövlət, həmin cinayəti törətmiş hansısa məmurunun və ya rəsmi şəxslərinin cəzalandırılmasına görə nüfuzdan düşə bilərmi?
Əlbəttə, yox və yenə də yox!!!
Qalır əsas suala cavab vermək. Günlərlə aparılan bu məhkəmə araşdırması nəticəsində Sərdar Cəlaloğluna işgəncə verilib-verilmədiyinə cavab tapıldımı?
O, həqiqətən də işgəncəyə məruz qalıbdırmı? Tutulduğu andan və saxlandığı yerdə S.Cəlaloğlu qeyri-insani rəftara və insan ləyaqətini sair formada alçaldan cəzaya məruz qoyulubmu?
Bu suallara cavab vermədən öncə, DİN-nin, prosesdə iştirak edən, nümayəndəsinin bir fikrinə də münasibətimi bildirməyi vacib hesab edirəm.
Hörmətli həmkarım məhkəmənin gedişi zamanı CPM-nin 450.1-ci maddəsinə istinad edərək, orada nəzərdə tutulan şikayətə baxma müddətinin pozulmasını sədrlik edənə dəfələrlə irad tutdu.
Bildirmək istəyirəm ki, CPM-nin 450.1-ci maddəsində qanunverici cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından verilmiş şikayətlərə 10 gün müddətində baxılmasını nəzərdə tutarkən, «10 gün müddətində baxılır» göstərişi sadəcə olaraq, məhkəmələrdə bu qəbildən olan şikayətlərə baxılmasının operativliyinin təmin edilməsi məqsədini güdmüşdür və bu norma «malı- məli” şəkilçisi ilə ifadə olunan imperativ norma deyil. Məqsəd göstərilən müddətə əməl etmək yox, mahiyyətcə şikayətə tam, hərtərfli və obyektiv baxılmasıhı təmin etməkdir ki, bunu da hörmətli sədrlik edən peşəkarcasına həyata keçirdi. Müddətin belə qısa göstərilməsi lazımi sübutların, konkret olaraq, işgəncə izlərinin aradan çıxmadan, vaxtında toplanmasına xidmət edir.
S.Cəlaloğluna işgəncə verilmişdirmi?
Hörmətli sədr, hörmətli proses iştirakçıları!
Əslində, sual belə qoyulmalıdır: Sərdar Cəlaloğluna işgəncəni kim verib? Çünki ona işgəncə verilməsi və bunun nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması iş materiallarında olan rəsmi sənədlərlə, şahid ifadələri ilə, xüsusilə də, məhkəmə--tibb ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Sadəcə olaraq, həmin rəydə ekspert həkim öz vəzifəsinə vicdanla yanaşmayaraq, xəsarətlərin yetirilmə vaxtı ilə bağlı bilə-bilə və qəsdən yalan məlumat vermişdir ki, guya həmin xəsarətlər həbs edilməmişdən qabaq, yəni 16 oktyabr 2003-cü ildə məlum hadisələr zamanı yetirilmişdir.
Halbuki, iş materiallarından da görünür ki, 18 oktyabr 2003-cü ildə həbs edilib DİN-nin MCQBMİ-nin istintaq təcridxanasına aparılarkən onun üzərində xarici müayinə keçirilmiş və bədənində heç bir işgəncə və xəsarət izi aşkar edilməmişdir. Bunu məhkəmə iclasında şahid kimi ifadə verən DİN MCQBMİ-nin istintaq təcridxanasının rəisi Mehdiyev Fərhad Süleyman oğlu öz ifadəsində təsdiq edərək göstərdi ki, S.Cəlaloğlunu 18 oktyabr 2003-cü ildə şəxsən o özü qəbul etmiş və bu zaman onun üzərində heç bir işgəncə və xəsarət izi müşahidə etməmiş, eləcə də S.Cəlaloğlu hər hansı işgəncəyə dair həmin günü ona şikayət etməmişdir. Lakin şikayətçi istintaq təcridxanasında saxlandığı 18-22 oktyabr tarixlərində, günün müxtəlif vaxtlarında, eləcə də hava qaralandan sonra saat 22:00-dək müxtəlif vəzifəli şəxslərin təşəbbüsü ilə saxlandığı kameradan çıxarılıb aparılmışdır. Hara aparıldığı, kimlərin yanına aparıldığı ona məlum deyil. İstər indiki məhkəmə iclasında, istərsə də işgəncə faktı ilə bağlı aparılmış başqa istintaq və məhkəmə proseslərində F.Mehdiyev S.Cəlaloğluna heç bir işgəncə verilmədiyini təkidlə bildirmiş, bununla da şahid kimi düzgün ifadə verməsi ilə bağlı ona elan edilmiş məsuliyyəti və içdiyi andı pozaraq qəsdlə və bilə-bilə məhkəməyə yalan izahat vermişdir. Çünki S.Cəlaloğlunun məhz F.Mehdiyevin rəisi olduğu istintaq təcridxanasında saxlandığı dövrdə xəsarət alması Avropa Məhkəməsinin məlum qərarı ilə təsbit edilmişdir. Qalır sadəcə olaraq, həmin işgəncəni verən və işgəncə verilməsini gizlədən polis işciləri, müstəntiqlər, prokurorlar və hakimlərin fərdi məsuliyyətini müəyyənləşdirmək.
Məhkəmə iclasında ifadə verən şahid, DİN-nin MCQBMİ-nin şöbə rəisi, Səməd Cəfərov ifadə verərək göstərdi ki, o, əməliyyat tapşırığı ilə onun iş ortağına gətirilmiş S.Cəlaloğlu ilə 30 dəqiqəyədək bir yerdə olmuş və həmin vaxt orada onun tanımadığı başqa iki-üç şəxs də olmuşdur. Bir qədər saxlandıqdan sonra keçmiş rəisi Vaqif Məmmədovun tapşırığı ilə o, S.Cəlaloğlunu Respublika Prokurorluğunun istintaq qrupunun sərəncamına göndərmişdir.
Hörmətli sədr!
Mən hesab edirəm ki, S.Cəfərov məhkəməyə yalan ifadə vermiş və onun bu əməli iş materiallarındakı faktlarla sübut edilmişdir.
Belə ki, S.Cəlaloğlunun, əməliyyat tapşırığına əsasən onun kabinetinə gətirilməsini göstərən S.Cəfərov yaxşı bilir ki, S.Cəlaloğlu onun kabinetinə yalnız 19 oktyabr 2003-cü ildə gətirilmiş (bu, iş materiallarında olan rəsmi sənədlərlə sübuta yetirilir) və məhz elə həmin gün də işgəncəyə məruz qalmışdır. S.Cəlaloğlu əməliyyat tapşırığı əsasında artıq 18 oktyabr 2003-cü ildə gətirilərək DİN MCQBMİ-nin istintaq təcridxanasına yerləşdirilmişdi. Bir binanın zirzəmisində saxlanılan şəxslərin isə həmin binanın üçüncü mərtəbəsinə əməliyyat tapşırığı əsasında aparlımadığını S.Cəfərov yaxşı bilir.
Hörmətli sədr!
Diqqət etdinizsə, mən nə Fərhad Mehdiyev, nə Səməd Cəfərov, nə də DİN-nin əməkdaşları olan şahidlərə S.Cəlaloğluna işgəncə verib-verməmələri ilə bağlı heç bir sual vermədim. Çünki mən özüm siyasi məhbus kimi cəza müəssisələrində olduğum 6 il 3 ay ərzində minlərlə dustaqla görüşdüm və bir dustağın da həqiqətən qanunu pozduğunu və haqlı cəzalandırıldığını etiraf etməsinin şahidi olmadım. Mən Səməd Cəfərovdan da belə bir etirafı gözləmədiyimə görə ona sual vermədim. Lakin S.Cəlaloğlunun özünün və həmin vaxt onunla bir kamerada saxlanılan şahidlər: Quluzadə Həzi və Xəlilov Arifin ifadələri ilə sübuta yetirilir ki, 19 oktyabr 2003-ci ildə, axşam saat 18:00-dan sonra S.Cəlaloğlu kameradan aparılmış, işgəncə verildikdən sonra, yəni 22:00 raddələrində yenidən kamerasına qaytarılmışdır. Şahidlərin hər ikisi göstərdi ki, S.Cəlaloğlu kameraya qaytarıldıqdan sonra onun bədənində işgəncə izlərini görmüş, şəxsi cib dəsmalları ilə onun ayaqlarının şişmiş yerlərinə «kompres» qoymuşlar. Həmin vaxt S.Cəlaloğlu sərbəst hərəkət edə bilmədiyinə görə ona yardım etmişlər, hətta yoxlama zamanı ayaq üstə dura bilmədiyi üçün S.Cəlaloğlu öz çarpayısında uzanmış vəziyyətdə qalırmış. Həmin vaxt S.Cəlaloğlunun bədənində xəsarətlərin və işgəncə izlərinin olmasını onun müdafiəçiləri Qasımov Süleyman Ələsgər oğlu və Xasıyev Vüqar Nəriman oğlu da öz ifadələri ilə təsdiq etdilər. Kamerada olmadığı və işgəncəyə məruz qoyulduğu həmin vaxtda isə S.Cəlaloğlunun məhz S.Ğəfərovun iş otağında olmasını o özü etiraf etdi.
Beləliklə də, 19 oktyabr 2003-ci ildə S.Cəlaloğlunun DİN MCQBMİ-nin istintaq təcridxanasında saxlandığı müddətdə işgəncələrə məruz qalaraq xəsarət alması tamamilə sübuta yetirilmişdir.
Qalır yalnız bu işgəncənin kim tərəfindən və kimin təşkilatçılığı ilə verilməsinin müəyyən edilməsi. Bunu etmək isə indiki məhkəmə prosesinin yox, istintaq orqanlarının vəzifəsidir.
Hörmətli sədr!
Məsələ təkcə, fiziki işgəncə ilə bitmir. Yuxarıda istinad etdiyim BMT-nin məlum Konvensiyasının 1-ci maddəsinin 1-ci bəndinə əsasən, «işgəncə» dedikdə həm də, «mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür». Məhkəmə iclasında şahid kimi dindirilən Məmmədova Tülay Sərdar qızı, Məmmədova Fatma Abbas qızı, eləcə də şikayətçi özü ifadələrində göstərdilər ki, 18 oktyabr 2003-cü ildə, saat təqribən 18:00 radələrində 20 nəfərədək qara masqalı, əli avtomatlı, mülki geyimli şəxslər onların yaşadığı mənzilə hücum edərək, pəncərələri sındıraraq içəri daxil olmuş, həmin vaxt evdə olan bütün qonaqları üz üstə yıxmış, küçə söyüşləri ilə söyərək təhqir etmiş, qadınlı –uşaqlı hamının üstünə silah çəkmiş, S.Cəlaloğlunu isə ailə üzvlərinin, azyaşlı uşaqlarının və qonaqlarının gözü qarşısında üzü üstə yerə uzadaraq onu təpik və əllərindəki silahın qundağı ilə vurmuş, sonra da sürüyərək aparmışlar. Aparıldığı maşında təkrarən S.Cəlaloğlu biədəb küçə söyüşlərinə məruz qalmış, yumuruqla vurulmuş və təhqir edilmişdir.Basqın zamanı evdən qiymətli əşyaların oğurlanması da yaddan cıxmamışdır.
Bütün bunlar onu göstərir ki, S.Cəlaloğlunun işgəncəyə məruz qalması kimlər tərəfindənsə öncədən planlaşdırılmış və həyata keçirilmişdir.
Çox hörmətli proses iştirakçıları və hörmətli sədr!
Mən diqqətinizi həm də bu prosesdə müəyyənləşdirilən və ölkəmizdə çox tez-tez rast gəlinən kobud bir qanun pozuntusuna da yönəltmək istəyirəm.
Bildiyiniz kimi AR Konstitusiyasının 33-cü maddəsinə (Mənzil toxunulmazlığı hüququ) əsasən, «hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz».
AR CPM-nin 17-ci maddəsinə əsasən, «bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəs mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil ola bilməz. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, orada axtarış və mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual hərəkətlər, bir qayda olaraq, məhkəmənin qərarı əsasında məcburi həyata keçirilir».
Məhkəmə iclasında şahid qismində dindirilən və 19 oktyabr 2003-cü ildə S.Cəlaloğlunu yaşadığı mənzilindən məhz özlərinin apardığını iddia edən şahidlər: Seyidov Səid Aqil oğlu, Məmmədov Nadir Cəmil oğlu, Bilalov Kamil Məhəmməd oğlu istər mənim, istərsə də hörmətli sədrlik edənin suallarına cavab verərək göstərdilər ki, onlar S.Cəlaloğlunun mənzilinə daxil olarkən əllərində S.Cəlaloğlunun şahid, ya da başqa bir simada çağırılması barədə, eləcə də onun mənzilinə məcburi girmək barədə heç bir məhkəmə qərarı olmamışdır. Faktik olaraq isə həmin gün Sərdar Cəlaloğlunun tutulması həyata keçirilmişdir. Şəxsin tutulmasının əsasları isə CPM-nin 148-ci maddəsində nəzərdə tutulmuşdur. S.Cəlaloğlunun tutulması və məcburi olaraq onun mənzilinə girilməsi üçün isə, həmin maddədə nəzərdə tutulan hər hansı bir əsas olmamışdır.
CPM-nin 445.1.4-cü maddəsinə əsasən, «yaşayış yerlərinə daxil olma yalnız məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat –axtarış tədbirlərinə aiddir».
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» AR-ı Qanununun 10-cu maddəsinin İV hissəsinin ikinci bəndinə və CPM-nin 445.2-ci maddəsinə əsasən, «QANUNDA GÖSTƏRİLMİŞ HALLARDA yaşayış yerlərinə daxil olma məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə də həyata keçirilə bilər”.
Əvvəla, məlum hadisələr 16 oktyabr 2003-cü ildə, yəni Sərdar Cəlaloğluna işgəncə verilməsindən iki gün öncə baş vermişdir. Bu qısa müddət ərzində S.Cəlaloğlunun həmin hadisələrdə iştirakçılığını sübut edən kifayət qədər dəlil toplamaq fiziki baxımdan mümkün deyildi.
İkincisi isə, artıq qüvvədə olan məhkəmə qərarları ilə və icraatınızdakı iş materialları ilə sübut edilir ki, həmin hadisələrlə bağlı Sərdar Cəlaloğluna qarşı 18 oktyabıradək heç bir ciddi sübut əldə edilməmişdi və artıq qeyd etdiyim kimi, bu, fiziki baxımdan mümkün də deyildi. Belə olduğu halda Sərdar Cəlaloğlunun və onun ailə üzvlərinin mənzil toxunulmazlıq hüququna qəsd etməklə, yaşadığı evə girilməsi üçün «QANUNDA GÖSTƏRİLMİŞ» hansı hüquqi əsaslar olmuşdur? Cavab aydındır: heç bir hüquqi əsas olmamışdır. Sadəcə olaraq, cinayət baş vermiş və bu cinayəti S.Cəlaloğlu yox, onun mənzilinə girənlər və bunu təşkil edənlər, S.Cəlaloğluna işgəncə verənlər və bunu təşkil edənlər, eləcə də bütün bu cinayətləri ört-basdır edən hakimlər və nəzarət funksiyalarını həyata keçirən prokurorlar törətmişlər.
Kimdir onlar!
1. AR.Daxili İşlər Naziri Ramil Usubov və AR-nın Baş prokuroru
Zakir Qaralov -Az.TV ilə çıxış edərək S.Cəlaloğluna işgəncə
verilməməsinə dair rəsmi bəyanat verərək cinayəti gizlətdiklərinə
və bu faktın araşdırılması ilə bağlı öz vəzifələrini qəsdlə yerinə
yetirmədiklərinə görə,
2. Vilayət Eyvazov- DİN-nin MCQBMİ-nin keçmiş rəisi, indi DİN-nin
müavini- işgəncəyə ümumi rəhbərlik etməsinə görə,
3. Səməd Cəfərov- DİN-nin MCQBMİ-nin şöbə müdirinin keçmiş
müavini, indi rəis- işgəncəni təşkil etməsinə görə,
4. Adlarını yalnız Səməd Cəfərovun bildiyi, işgəncənin icraçısı
olan iki nəfər şəxs- işgəncədə icraçılığa görə,
5. Müstəcəb Əliyev- Respublika Prokurorluğunun Ağır Cinayətlər
üzrə İstintaq İdarəsinin müstəntiqi, indi orada ittiham idarəsinin
prokuroru –işgəncənin təşkilində iştirakçılığa və işgəncə faktını
gizlətdiyinə, eləcə də yalan ifadə verməyə görə,
6. Tahir Kazımov- Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə
İstintaq İdarəsinin keçmiş rəisi- işgəncə faktını gizlətdiyinə və
işgəncəyə görə qəsdlə «cinayət işinin başlanmasının rədd
edilməsinə dair» qanunsuz qərar qəbul etdiyinə görə,
7. Mehdiyev Fərhad Süleyman oğlu- DİN-nin MCQBMİ-nin İstintaq
təcridxanasının rəisi- S.Cəlaloğluna qarşı qeyri-insani rəftara, onu
təhqir etməsinə, ona çatası baratın (yeməyin) verilməməsinə, yalan
ifadə verməsinə, işgəncədə yardımçı olduğuna və işgəncə faktını
gizlətdiyinə görə,
8. Səid Seyidov, Nadir Məmmədov və Kamil Bilalov –əməliyyat
müvəkkili kimi qanunsuz olaraq mənzilə daxil olmağa və yalan
ifadə verərək işgəncə faktını gizlətməyə cəhd etdiklərinə görə,
9. Eldar Məcidov- Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə
İstintaq İdarəsinin prokuroru- yalan ifadə verərək işgəncə faktını
gizlətdiyinə görə,
10. Nəsimi rayon məhkəməsinin keçmiş hakimi M.M.Zülfüqarov--- 29
iyun 2004-cü il tarixli, MN 27/2004 saylı qərara görə.
11. Keçmiş AR Apellyasiya məhkəməsinin hakimləri Abdullayev
Elmar İsvəndiyar oğlu, Həsənov Qədir Məhərrəm oğlu və
Zeynalov Mübariz Hüseyn oğlu----(24 sentyabr 2004-cü il tarixli,
PHQŞ-75/2004 saylı qərara görə.
12. Nəsimi rayon məhkəməsinin keçmiş hakimi Gülnarə Tağızadə---
bilə-bilə qanunsuz qəbul etdiyi 18 fevral 2004-cü il tarixli qərara görə,
13. Nəsimi rayon məhkəməsinin 18 fevral 2004-cü il tarixli qərarının
təsdiqinə dair keçmiş AR Apellyasiya məhkəməsinin 17 mart 2004-cü il
tarixli qərarını qəbul edən hakimləri.---bilə-bilə qanunsuz qərar qəbul
etdiklərinə görə
Hörmətli sədr!
Bu mənim məhkəmə araşdırmasından sonra gəldiyim şəxsi qənaətimdir. Mənim qənaətim yanlış da ola bilər. Ancaq əsil cinayətkarlar istintaq yolu ilə müəyyənləşdirilməli, məhkəmə hökmü ilə cəzalandırılmalıdırlar.
Üçüncüsü isə, S.Cəlaloğlunun mənzilinə girən polis əməkdaşları göstərdilər ki, mənzilə daxil olmaq və S.Cəlaloğlunu zorla aparmaq üçün, nəinki əllərində heç bir məhkəmə qərarı olmamışdır, həm də CPM-nin 445.2-ci maddəsində tələb edildiyi kimi, «əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin lazım olan əsaslandırılmış qərarı» da olmamışdır. Burası demokratik və hüquqi dövlət qurmaq niyyətini rəsmi olaraq dünyaya bəyan edən Azərbaycandır, diktatura, avtoritorizm və ekstremizmin əlində can verməkdə olan İrak, Əfqanstan, ya da Afrika cəngəlliklərində olan hər hansı «banan ölkəsi» deyil.
Ona görə də yuxarıda qeyd edilənlərə, CPM-nin 449.3.4, 451.1.2, 451.2.8-ci və 451.3-cü maddələrinə əsasən,
Sizdən xahiş edirəm:
S.Cəlaloğlunun şikayətinin təmin edilməsi - AR DİN-nin əməkdaşları, eləcə də cinayət işinin istintaqını aparan və ona rəhbərlik edən şəxslər tərəfindən S.Cəlaloğluna işgəncə verilməsinin və ləyaqətinin alçaldılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və bu hərəkətləri törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi vəzifəsinin prokurorluq orqanlarına həvalə edilməsi haqqında qərar qəbul edəsiniz .
Hörmətli sədr!
AR Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Qərarının 24-cü maddəsinə əsasən, «işin məhkəmə baxışı zamanı Konvensiyada nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının pozulmasına səbəb olan halların aşkara çıxması məhkəmələrə Azərbaycan Respublikası CPM-in 355-ci və MPM-in 265-ci maddəsinə əsasən xüsusi qərar çıxarmasına əsas verir. Xüsusi qərarda hüquq və azadlıqların pozulmasına səbəb olan fakt və hallar vəzifəli şəxslərin nəzərinə çatdırılmaqla, pozulmuş hüquqların bərpası, onlara yol vermiş şəxslərin cəzalandırılması və gələcəkdə bu kimi hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsini ehtiva edir.»
Bu Qərara və CPM-nin 355-ci maddəsinə əsasən də,
X A H İ Ş E D İ R Ə M:
S.Cəlaloğluna verilmiş işgəncə faktının gizlədilməsi ilə bağlı qərar qəbul edən hakimlər və müstəntiqlər, yalan rəy vermiş ekspertlər, eləcə də qanunsuz olaraq onun mənzilinə girən və bunu təşkil edən, yuxarıda adları gösətirlmiş sair vəzifəli şəxslər haqqında da xüsusi qərar qəbul edəsiniz.
Çünki «dövləti müdafiə» bəhanəsi ilə kimlərinsə qanunsuz tapşırığına və şəxsi maraqlarına uyğun qərar qəbul edən hər hansı müstəntiqə, prokurora və ya hakimə insan talelərinin həlli tapşırıla bilməz.
Ümid edirəm ki, qəbul edəcəyiniz qərar Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarının dönmədən qorunmasında sabitqədəm olduğunu və üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməkdə qərarlı olduğunu mədəni dünyaya bir daha sübut edəcəkdir.
Bununla da çıxışımı yekunlaşdırır və uca məqamınıza hörmət və ehtiramımı bir daha bəyan edirəm.
«_09_» _yanvar_ 2007-ci il
S.Cəlaloğlunun nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu.
Hiç yorum yok:
Yorum Gönder