Dur, burası məzar deyil
Dizini qarnına yığıb
öz içində ölən insan,
Dur, burası məzar deyil.
Ölmək istəyirsən adam kimi öl,
Ölüm sənin üçün
insanın ucuzlaşdığı bazar deyil.
Bazar deyil burası,
Matahları baha satıb
ucuz alasan,
Müştərisi Allah olan ölümü
fırlayıb gözdən salasan.
Uca tut ölümü,
Ölüm haqqın sorağı.
Ölümdür şərəflə yaşanan həyatın
şölə saçan çırağı.
Daş kimi sallanma
sənə ağlayacaqlar deyə,
ölümün gül yaxasından.
Ölüm odur ki,
həsrətlə boylansınlar arxasından.
At da, it də öləcək,
Atın at, itin it kimi ölməsi gərək,
Hərə bir cür öləcək.
Yaşamırsa adam kimi,
Adamın çatlayıb,
it kimi ölməsi gərək.
Bir daş altdan, bir daş üstdən
Qaldın iki daş arasında
sıxıla-sıxıla.
Özün çuval içində,
Dünyanın çuval yükü
sənin çiynində,
Nə üzlə gedirsən indi
ölümün üzünə
yıxıla-yıxıla.
Başı var, ayağı var,
Dünyanın binadan dağılmayan
dayağı var.
Nə düşünən baş,
Nə kimsəyə dayaq oldun.
Diriliyə sahib durmadın,
Gözəlim ölümə yamaq oldun.
Qabığından çıx,
İlan tək süründüyün həyatın.
Gör ki, insan kimi yaşamaq nədir,
Yaşaması da kişi kimi,
Ölməsi də kişi kimi,
Bil, insanın öz əlindədir.
Nurəddin 20.06.2010
Hiç yorum yok:
Yorum Gönder