12/23/2010

"PASSİV ÇOXLUĞUN HESABINA FƏAL AZLIQ da ƏZAB ÇƏKMƏKDƏDİR . "Ayna" qəzetinə müsahibə

  Qurban Məmmədov:

"PASSİV ÇOXLUĞUN HESABINA FƏAL AZLIQ da ƏZAB ÇƏKMƏKDƏDİR
ADP funksionerinin fikrincə, xalqın mütləq əksəriyyəti mübarizəyə qoşulmadığından bu bəlalar davam edəcək


M.ZEYNALOV

Parlament seçkilərindən xeyli vaxt keçsə də, müxalifət özünün gələcək fəaliyyət proqramını ortaya qoya bilmir. Bir sıra düşərgə təmsilçiləri seçkilərin hələ başa çatmadığını bəyan edib öz müttəfiqlərini də bu istiqamətdə gələcək mübarizəyə səsləyir. Amma bir qisim "çamadan" əhval-ruhiyyəsindədir. Daha doğrusu, parlamentin toplantılarına qatılmaq arzusunda olanlar indi liderlərin qərarını gözləməkdədir. Nə etməli? Hara və nə cür getməli? Bu suallara bu gün izahatı ADP-çi Qurban Məmmədov verməyə çalışacaq.


 
- Seçki başa çatdı. Bundan sonrakı dövr üçün fəaliyyət proqramınız varmı?
- Fikrimcə, Azərbaycan müxalifəti seçkiqabağı kampaniya dövründə üzərinə düşən bütün funksiyaları layiqincə yerinə yetirdi. Artıq müəyyən mərhələ arxada qalıb, faktlar ortaya qoyulub, sənədlər Avropa Məhkəməsinə göndərilib. Müxalifətdə istər dərindən, istərsə də üzdən inteqrasiya prosesi getməkdə, daha da inkişaf etməkdədir. Yaxın zamanlarda bunun daha da inkişafının şahidi olacaqsınız.
Bu gün müxalifət Avropa qurumlarının, ATƏT-in, Avropa Şurasının və Avropa Məhkəməsinin parlament seçkilərinin nəticələri ilə bağlı son qərarını gözləyir. Məhz bu qərarlar açıqlandıqdan sonra buna uyğun addımlar atılacaq. Biz hesab edirik ki, bu gün 4 - 5 mandata sahib çıxmaq olmaz. Təkrar seçkilərə getmək olmaz. Düzdür, bu məsələdə bizim müxalifətçi qardaşlarımızın, azlıqda da qalsalar, fərqli mövqeləri var, mən onları başa düşüb, bu fikirlərə hörmətlə yanaşıram. Bu, daha çox Rauf bəyin dilindən səslənir və mən onu da alqışlayıram. Amma burada hamımız bir şeyi başa düşməliyik ki, 3 - 4 mandata sahib çıxıb parlamentə getmək o deməkdir ki, qalan 110 - 111 dairədə seçkinin nəticələrini qəbul edirik.
Təkrar seçkiyə qatılmaqla isə bu günə qədərki proseslərin legitimliyini qəbul edirik. Açığı, mən bunun və təkrar seçkiyə getməyin də əleyhinəyəm. Mən istərdim bu fikri xüsusi vurğulayasınız: bizim parlamentə getməməyimizin səbəbi guya azlıqda olduğumuzda deyil. Ola bilsin ki, normal seçkilərdə "Azadlıq" bloku bir yer qazanardı və o zaman mütləq bizim namizəd iclaslara qatılmalı idi. Bu gün Azərbaycanda parlament seçkiləri kütləvi saxtalaşdırılıb, parlament qanunsuzluqla formalaşdırılıb, bir nəfər YAP-çı belə qalib gəlməyib. Ona görə də Milli Məclisin iclaslarına qatılmaq olmaz.
- Amma müxalifətin daxilində təkrar seçkilərlə bağlı ziddiyyətli fikirlər səslənməkdədir. Əgər təkrar seçkidə iştirakla bağlı qərar dəyişsə, blokun taleyi necə olacaq?
- Bu mövqe daha çox Rauf bəyin dilindən səsləndirilir. Bu adamlar elə hesab edir ki, 10 dairə üzrə təkrar seçkilərdə də qanunun imkan verdiyi vasitələrdən istifadə edib, hakimiyyəti daha çox ifşa etmək lazımdır. Bu da hörmətəlayiq bir mövqedir. Lakin mən hesab edirəm ki, biz bir blok kimi fəaliyyət göstəririksə, siyasi oyun qaydalarına da birgə əməl etməliyik. "Azadlıq" bloku adından namizəd kimi seçkiyə qatılıb səs toplayan adamların hamısının səsində bütün blokun payı və haqqı var. Ona görə də təşkilat kimi qərarlara tabe olmalıyıq.
Təkrar seçkilərdə iştirak etmək istəyənlər əgər blokun bu barədə qərarı yoxdursa, "Azadlıq" adı altında yox, fərdi qaydada qatılmalı və məqsədlərinə çatmalıdır. Amma biz bir blok olaraq seçkidə iştirakın qəti əleyhinəyik, qərarımız da qətidir.
- Əgər əvvəlcədən bütün dairələrdə qələbə şansınızın üstün olduğu ortaya çıxsa necə, yenə də qərar dəyişməyəcək? Hər halda, 14 - 15 mandat müxalifət üçün pis nəsə vəd etmir...
- Gəlin özümüzü aldatmayaq. Kimsə mazoxistlər kimi haqqının pozulmasından ləzzət alırsa, buyurub bu oyunu davam etdirə bilər. Biz illüziyalara qatılmamalıyıq. Bir hüquqşünas kimi deyirəm: hətta hakimiyyət bu başdan 100 faizli zəmanətlə bütün yerləri müxalifətə verəcəyini, satacağını vəd etsə belə, mən təkrar seçkidə iştirakın qəti əleyhinəyəm. Çünki söhbət bütün dairələrdə seçki saxtakarlığından gedir. Hətta "Azadlıq" blokunun bəzi nümayəndələrinin guya seçildiyi dairələrdə belə qanun pozuntuları var. Hakimiyyət daha çox özünə münasib adamları seçib. Eləcə də "Azadlıq" blokunun haqlı olaraq qalib gəldiyi adamları da özünün çirkin siyasi niyyətlərinə görə parlamentə buraxıb.
- Yəni demək istəyirsiniz ki, hakimiyyət "Azadlıq" blokunun bəzi nümayəndələrinin də xeyrinə saxtakarlıq edib?
- Bilirsiniz, saxtalaşma nə mənada aparılıb? "Azadlıq" blokunun istənilən namizədinin qalib gəlməsinə şübhə yoxdur. Sadəcə, hakimiyyət 3 - 4 nəfəri parlamentə buraxmaqla blok daxilində çaxnaşma salmağa çalışdı. Yəni hakimiyyətin niyyəti saxtakarlıq olub. 2003-cü ildə hakimiyyəti zorla ələ keçirənlər bu gün onu zorla əldə saxlamağa çalışır. 26 noyabr hadisələri bir daha sübut etdi ki, bu rejim hakimiyyəti zorla əldə saxlamağa çalışır.
Ola bilsin ki, xalqın müqaviməti zəifdir. Ola bilsin ki, kimlərsə qorxur və küçələrə çıxmaq istəmir. Amma bu, deməyə əsas vermir ki, onlar hakimiyyət olaraq haqlıdırlar. Bir zaman gələcək, bu adamlar məsuliyyətə cəlb olunacaqlar. Heç kimin ixtiyarı yoxdur ki, xalqın iradəsini ifadə etməyə mane olsun.
- Amma bu da bir faktdır ki, ABŞ-ın ölkəmizdəki səfiri müxalifətin seçilmiş deputatlarının Milli Məclisin toplantılarına qatılmasını istəyir. Əgər səfirin israrlı tələbləri olarsa, qərar dəyişə bilərmi?
- Azərbaycan xalqının taleyini səfir yox, xalqın özü müəyyənləşdirməlidir. İkincisi, Rino Harnişdən əvvəlki səfir bu gün Azərbaycanda bizneslə məşğuldur. Üçüncüsü, Qərb dünyası rüşvəti Şərq dünyasından çox əvvəllər almağa başlayıb. Dördüncüsü, conlar, smitlər bu gün yalnız neftlə, pulla maraqlanırlar, azərbaycanlı fatmanisələrin, tükəzbanların həyatı ilə yox. Son hadisələr bir daha sübut etdi ki, ABŞ-ı, başda səfir olmaqla xalqımızın demokratik yaşaması yox, demokratiya pərdəsi altında, müxalifəti xoxan kimi hakimiyyətə göstərməklə ondan iqtisadi üstünlükləri əldə etmək siyasəti yeridirlər.
Sərdar bəyin bir fikri var və onu hamımız rəhbər tutmalıyıq: "Əgər demokratik rejimin qurulması ilə bağlı Azərbaycan xalqı ilə ABŞ-ın mənafeləri indiki halda ziddiyyət təşkil edirsə, biz öz xalqımızın nümayəndələriyik və biz də Amerika ilə üz-üzə duracağıq".
- Axı həmin müxalifətdir ki, bir ay öncə mitinqlərdə Corc Buşun portretlərini başları üzərinə qaldırmaqdan fəxr duyurdu. Bəs indi nə dəyişdi?
- Bu da təbii idi. İnauqurasiya mərasimində Corc Buş "azadlıq istəyənlərin yanında olacağıq" demişdi. Biz də inanırdıq ki, o, dediklərinə sahib çıxacaq. Çox təəssüf ki, belə olmadı. Təbii ki, Azərbaycanın ictimai rəyində antiqərb əhval-ruhiyyəsi getdikcə güclənməkdədir və bir daha aydın oldu ki, Qərbin mövqeyi sırf islam - xristian problemindən qaynaqlanır. Qərb islam ölkələrində demokratiyanın qurulmasını istəmir. Ona görə də dünən portretini qaldıranlar bu gün Buşu söyməyə başlayıblar.
- İndi müxalifətin pat vəziyyətinə düşdüyünü demək olarmı?
- Qətiyyən. Müxalifət çox böyük ləyaqətlə 26 noyabrda göstərdi ki, üzərinə düşən hər bir şeyi etdi. Mən sizə indiki vəziyyətin yaranma səbəbini deyim. Passiv çoxluğun hesabına fəal azlıq da əzab çəkməkdədir. Xalqın mütləq əksəriyyəti mübarizəyə qoşulmadığından bu bəlalar davam edəcək. Əgər xalqın çoxluğu bu zülmə dözməyə qərar veribsə, buna hörmətlə yanaşmaq lazımdır.
- Onda belə çıxır ki, hakimiyyət "müxalifət xalqdan dəstək ala bilmir" bəyanatını verməkdə haqlıdır...
- Xalq dəstəyini seçki qutularında verir. İqtidar özü gözəl bildi ki, onun ən böyük düşməni xalqdır. Çünki 90 faizi onun əleyhinə səs verdi. Rəsmi dəstəyi xalq verib, sadəcə, ona qarşı kütləvi hücumlar xalqı qorxuya salıb. Görünür, xalq hələ ciddi, əzab-əziyyətli mübarizəyə hazır deyil. Ona görə də biz xalqın o mövqeyini nəzərə almalıyıq.
- Sizə elə gəlmirmi ki, xalqın passiv olmasına həm də Rəsul Quliyevin Bakıya qayıda bilməməsi öz təsirini göstərdi?
- Şübhəsiz, bunu gizlətmək olmaz. Rəsul bəyin Azərbaycana qayıda bilməməsi, buraxılmaması ictimai rəydə böyük düşkünlük yaradıb.
- Onun qayıdışı necə, gündəmdən düşdümü?
- Mənə elə gəlir ki, xalq öz azadlığını, demokratiya arzularını bir-iki nəfərin qayıdışına bağlamalı deyil. Aydın Quliyevin özü də bu günlərdə etiraf etdi ki, Rəsul Quliyevin qayıtmamasını o, məsləhət görüb. Ona görə məsləhət görüb ki, indiki vəziyyətdə onun qayıdışı demokratik proseslərdə heç bir dəyişiklik yarada bilməz. Bu da artıq Rəsul Quliyevi təmsil edən adamların etirafıdır. Əgər onun qayıdışı doğrudan da demokratik proseslərdə dəyişiklik yarada bilməzsə, deməli, onun qayıdışına da ehtiyac yoxdur.
- Artıq ADP-də rəsulçu və antirəsulçu qruplaşmaların mövqelərinin üzə çıxması görüntüsü aydın hiss olunur. Siz də bunu görürsünüzmü?
- Mən sizə deyim ki, bu, ciddi məsələdir və siz görünür ciddi məlumat almısınız. Sizə də halal olsun. Belə qruplaşma yoxdur. Sadəcə, bəzi adamlar siyasi səbatsızlıqdan, bəziləri isə qəsdən ADP-də antirəsulçu qrupun olduğu obrazını yaradıb, Rəsul Quliyevdən əlavə nələrsə qopartmaq taktikasını yeridirlər. Dünənki iclasımızda da bu özünü göstərdi. Xətai rayon təşkilatının rəhbərləri və onların arxasında duran və partiya quruculuğunda heç bir iştirakı olmayan adamların qurduğu bir şeydir və bu da onların öz işidir. ADP-dən getmək istəyənlər getsələr, daha yaxşı olar.

Hiç yorum yok:

Yorum Gönder