12/21/2010

Dövlətçiliyə parodiya: Heydər Əliyev doğrudanmı cinayətkarın qaçırılmasına göstəriş verib?


Kimdir cinayətkar: Heydər Əliyev, yoxsa Ramil Usubov?

Prezident İlham Əliyev atasının ruhuna vurulmuş ləkəni silmək fikrindədirmi? Yoxsa Ramil Usubov düz deyir?



Xüsusilə ağır cinayətlər törətmiş dağıstanlı Abuzər Abuzərovun qaçırılması göstərişini şəxsən Heydər Əliyevin verdiyini və bu göstərişin Hacı Məmmədov və Zakir Nəsirov tərəfindən icra edildiyi barədə daxili işlər naziri Ramil Usubovun verdiyi bəyanatdan sonra bir çox qaranlıq məqamlara aydınlıq gətirilməsi zərurəti yaranmışdır. Bu barədə yazdığım əvvəlki yazılarda da dəfələrlə bildirmişəm ki, şəxsən mən Heydər Əliyevin belə qanunsuz və kobud göstəriş verməsinə inanmıram. Heydər Əliyevin Abuzərovu qaçırmaq fikri olsaydı, onun sadəcə olaraq, Ali Məhkəmənin sədrinə göstəriş verməsi kifayət idi. Qanuni məhkəmə hökmü ilə Abuzərovun əməllərində cinayət əlamətlərinin olmaması və ya ittihamın ümumiyyətlə sübut edilməməsi əsaslarına görə o, azadlığa buraxıla bilərdi. Ancaq Ramil Usubovun bu bəyanatı verdiyi dövrün bəzi hadisələrini analiz edəndə başqa mətləblər ortaya çıxır. Diqqət edin:

1.        Çox ağır cinayət törətmiş müxtəlif şəxslərin cəzaçəkmə müəssisələrindən qanunsuz olaraq buraxılmasına görə 20-25 nəfər vəzifəli şəxs artıq məhkum edilmişdir. Abuzərovun qaçırılması ilə həmin hadisələr də eyni dövrə düşür. Düzdür, həmin cinayət işində də əsas füqur – Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımov çox müəmmalı şəkildə məsuliyyətdən kənarda qalmışdır. Bu başqa mövzudur. Ancaq Aydın Qasımov və onun həbs olunan əməkdaşları da Ramil Usubov kimi dustaqların qaçırılmasının Heydər Əliyev tərəfindən tapşırıldığını iddia etsələr, bunun tərsini sübut etmək mümkündürmü?

2.        Ramil Usubovu həmin bəyanatı verməyə məcbur edən nə oldu? Həmin tele-müsahibə hamının yaxşı yadındadır. Ramil Usubov heç bir səbəb olmadan, heç bir sual olmadan, birdən-birə, öz təşəbbüsü ilə həmin bəyanatı verdi. Hacı Məmmədov və onun daxil olduğu dəstənin həbsinə 15-20 gün qalırdı. Hacı Məmmədov haqqında ilk rəsmi məlumat da, Ramil Usubov tərəfindən verildi. Verildi, ancaq necə: Heydər Əliyevin Abuzərlə bağlı tapşırığının icrasını Hacı Məmmədovla Zakir Nəsirov həyata keçirib. Elimizin yaxşı sözü var: «Qarnının üstündən basan var idimi?», yəni bunu deməyə onu kim məcbur etmişdi? Artıq çox sonralar Hacı Məmmədov məhkəmə zalında bildirəcək ki, Abuzər Abuzərovun qaçırılması bir yana, onun cibinə hələ iki min dollar da pul qoyulub.

3.        Həmin dövrün ən mühüm amili isə, Heydər Əliyevin sağ olmaması idi. Ramil Usubov Heydər Əliyevin danışa bilməyəcəyindən istifadə edərək ona böhtan atmaqda nə məqsəd güdürdü?

Həmin bəyanatdan bu günədək keçən dövr ərzində baş vermiş hadisələrin analizi göstərir ki, onun məqsədi Heydər Əliyevə böhtan atmaq yox, sadəcə olaraq, prezident İlham Əliyevi şantaj etmək, özünə qarşı qəbul edilə biləcək qərarlardan prezidenti bu şantaj altında geri çəkilməyə məcbur etmək imiş. Nəticə göz qabağındadır. Cəmiyyət düz bir ildən artıqdır ki, prezidentdən qətiyyətli addımlar gözləyir, belə addımlar isə yoxdur. Deyəsən, Ramil Usubov İlham Əliyevi atasının doğrudan da cinayətkar olduğuna inandıra bilib.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 304-cü maddəsi (azadlıqdan məhrumetmə yerindən, həbsdən və ya mühafizə altından qaçma): «Cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrumetmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçması – 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır».

Ramil Usubov özü etiraf etmişdir ki, o, Heydər Əliyevin tapşırığına  əsasən, Hacı Məmmədov, Zakir Nəsirov, Abuzər Abuzərov və bizə məlum olmayan digər vəzifəli şəxslərlə əlaqəyə girərək, Abuzər Abuzərovun qaçışını təşkil etmişdir.

Prezident susur, Baş Prokuror göstəriş gözləyir. Vaxtilə Hacı Məmmədovla bağlı olduğu kimi öz vəzifəsini icra etmir. Qanun işləmir. Hüquqi mexanizmlər işə salınmır. Və bütün bunlar dünyanın gözü qarşısında baş verir. Göstərişin həqiqətən də Heydər Əliyev tərəfindən verildiyini qəbul etsək belə, Ramil Usubov, Hacı Məmmədov, Zakir Nəsirov və başqaları Cinayət Məcəlləsinin 304-cü maddəsi ilə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu isə baş vermir. Son vaxtlar cəmiyyətdə şaiyələr yayılmaqdadır ki, Eynulla Fətullayevin qəzetlərinin bağlanması, məhz Ramil Usubovun tələbi ilə baş vermişdir. Guya o, prezident İlham Əliyevi həmin qəzetlərin fəaliyyətinin dayandırılmayacağı təqdirdə Heydər Əliyev haqqında daha mühüm məlumatları yayacağı və gəmini bütövlükdə batıracağı ilə hədələmişdir. Məhz elə bundan sonra Ramil Usubovun növbəti bəyanatı səsləndi: «Mən istədiyim qədər Daxili İşlər Naziri vəzifəsində çalışacağam». Deputat Hüseyn Abdullayev başda olmaqla, bəzi deputatlar etirazlarını bildirdilər və tezliklə də susduruldular. Görünür, vəziyyət həqiqətən də ciddidir. Ancaq bu rejimi və onu təmsil edən şəxslərin keyfiyyətini bilənlər yaxşı başa düşürlər ki, Ramil Usubov «ümummilli liderin», «dahi rəhbərin» şəxsiyyətinə və fəaliyyətinə kölgə sala biləcək bir kəlmə də olsun demək cəsarətində buluna bilməz. Deməli, hadisələrin arxasında daha güclü füqurlar və Ramil Usubovdan fərqli olaraq, siyasi texnoloqlar dayanır. Siyasi texnologiya isə dəfələrlə sınaqdan çıxarılmış elə siyasi fəaliyyət və mübarizə metod və üsulların məcmusudur ki, o, mütləq gözlənilən nəticəni verir. Nəticə isə artıq ortadadır. Prezident İlham Əliyev doğmaca atasının şərəfini və adını, ləyaqətini və ruhunu qorumaqdan imtina etməyə məcbur edilmişdir. Bəlkə də, o, öz məqamını gözləyir. Ramil Usubovun tək olmadığını bilir. Onun arxasında duran maliyyə və inzibati resursların gücünə bələddir. Bizim bilmədiyimiz başqa nüanslar da ola bilər. Ancaq hər halda,  ortada sıravi vətəndaşın da çox aydın başa düşdüyü bir fakt var. Bu fakt da ondan ibarətdir ki, ya Ramil Usubov həqiqətən  düz  deyir: o özü də daxil olmaqla, mərhum prezident Heydər Əliyev CM-nin 304-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ya da Ramil Usubov yalan deyir: o, Heydər Əliyevə böhtan atır və həm böhtançı kimi, həm də CM-nin 304-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməlidir.

Hacı Məmmədov və başqalarının cinayət işi ilə bağlı gedən məhkəmə prosesində sübut edilməkdədir ki, ən yüksək səviyyədə cinayətkar qruplar mövcuddur və dövlətin bəzi güc və iqtisadi strukturları sözün əsl mənasında cinayətkarların əlindədir.

Xalqın gözləməyə və prezident İlham Əliyevdən qətiyyətli qərarlar tələb etməyə haqqı var. Tədbirlər bir qədər də geciksə, ümumxalq etirazının birbaşa Əliyevlər ailəsinə qarşı yönələcəyindən təəccüblənməyə dəyməz. Çünki Ramil Usubov məlum bəyanatı və sonrakı hərəkətləri ilə cəmiyyətimizə belə bir fıkir aşılamışdır ki, o, bu cinayətləri törətməyə Heydər Əliyev tərəfindən məcbur edilmişdir və bunu İlham Əliyev də yaxşı bilir.

Ramil Usubovun bəyanatının qərəzli olduğunu başqa bir hadisə ilə müqayisədə daha aydın görmək olur. Diqqət edin: Fərhad Əliyev və qardaşı, eləcə də onlarla başqası əsassız dövlət çevrilişi ittihamları ilə bir ildən artıqdır ki, həbsdədirlər. Onlara qarşı qanunsuzluq törədilməsi bütün dünyaya bəllidir. Fərhad Əliyevə əlavə olaraq özəlləşmə sahəsində yol verdiyi «qanunsuzluqlara» görə də, ittiham irəli sürülmüşdür. Hamı yaxşı bilir ki, ən mühüm obyektlər məhz ailə üzvləri və onlara yaxın şəxslər tərəfindən dəyər-dəyməzinə özəlləşdirilmişdir. Ancaq nədənsə, Fərhad Əliyev Ramil Usubovdan fərqli olaraq susur, iştirakçısı olduğu oyunun qaydalarına, özünun qurban verilməsi ilə də olsa, əməl edir və ona məlum olan faktları açmaqla, prezidenti şantaj etmək yolundan imtina edir. Fərhad Əliyevin yerinə Ramil Usubov olsaydı, nə edərdi? Heç bir pislik görməyə-görməyə, heç bir qanunsuz təqibə məruz qalmaya-qalmaya Ramil Usubovun, atası ilə bağlı İlham Əliyevi şantaj etməsi tamam başqa insani əxlaqın göstəricisidir. Bu gün çoxları Fərhad Əliyevin Ramil Usubov kimi danışmasını istəyir. Və aydındır ki, Fərhad Əliyev də danışa bilər. Həm də nələr, nələr?! O da deyə bilər ki, filan-filan obyektlərin qanunsuz olaraq dəyər-dəyməzinə bəzi şəxslərin mülkiyyətinə verilməsini ona Heydər Əliyev tapşırmışdı. Tərsini sübut etmək olarmı? Ramil Usubovun dediklərinin tərsini sübut etmək olarsa, hə. Onda bəs nədən Ramil Usubovun dediklərinin tərsini sübut etməyə cəhd göstərilmir? Axı İlham Əliyev kimdən və nədən qorxur? Bəlkə yuxarıda qeyd etdiyim o gözəgörünməz siyasi texnoloqdan? Bəlkə onların əlindəki iqtisadi qaynaqlardan və qeyri-rəsmi silahlı qruplardan? Bütün bu suallar cəmiyyətimizi düşündürür və narahat edir. İlham Əliyev isə öz qərarsızlığı və son dövrlər verdiyi bəzi bəyanatlarla daha çox nüfuzdan düşməkdədir. Mən inanıram ki, həmin bəyanatları da verməyə onu təhrik edənlər, Ramil Usubovu məlum bəyanatı səsləndirməyə ruhlandıranlardır.

Son vaxtlar internet səhifələrində xarici müəllifin adı ilə bir məqalə yayılmaqdadır. Məqalədə İlham Əliyevin müxtəlif vaxtlarda və yerlərdə Azərbaycanda yeni iş yerlərinin açılması ilə bağlı səsləndirdiyi rəqəmlər analiz edilir və lağ obyektinə çevrilir. Məqalə müəllifi prezidentin çıxışlarındakı rəqəmləri analiz edərək belə qənaətə gəlir ki, «İlham Əliyevin dediyinə görə sən demə Azərbaycanda hər gün 2700 yeni iş yeri açılır». Prezidentin məruzəsini hazırlayanlar kimlərdir? Bu rəqəmləri ona dedirdənlər nə məqsəd güdüblər? Prezident özü necə, həmin adamlardan hesabat tələb edibmi? Axı dünya indi əl içi kimidir. Hər deyilən söz, hər fikir az qala lupa ilə analiz edilir. Prezidentin yalançı və savadsız obrazını yaratmaq kimlərə lazımdır?

Yaxud da son günlər İlham Əliyevin «2008-ci ildən sonra müxalifətin olmayacağı» barədə fikir səsləndirməsi ona hörmətmi gətirir? Bəs bu fikri ona dedirdən kimdir? Yoxsa, prezident güman edir ki, xristian dünyası – Qərb bir müsəlman ölkəsində müxalifətsiz rejimin qurulacağına üstüörtülü də dəstək verəcək? Müxalifətsiz bolşevik rejiminin – qapalı sistemin taleyi İlham Əliyevə bəlli deyilmi? Axı qapalı sistemlərin məhvə məhkumluğu bir elmi aksioma kimi ona da bəlli olmalıdır.

Yaxud da xarici jurnalistlərlə görüş zamanı müxalifət qəzetlərini oxumamağı məsləhət görən İlham Əliyev bir prezident və siyasətçi kimi öz səviyyəsi barədə başqalarında yaratdığı təəssuratın fərqindədirmi?

Bir il bundan öncə, Azərbaycanda həqiqətən də monopoliyanın mövcudluğu və bu monopoliyanın məhz onun öz nəzarətində olması barədə dediyi fikirlər necə, ona hörmət gətirirmi? Axı bütün vətəndaşlarımıza bəllidir ki, Respublikamızda monopoliya adlanan rəsmi «reketçilik» var. Və bu «reketlər» iş adamlarından hər gətirilən vaqonun üstündə, dövlət büdcəsinə keçiriləcək vergidən 8-10 dəfə artıq olan əlavə haqq almayınca, vaqonların gömrük məntəqələrindən keçməsinə imkan vermirlər. Dövlət Gömrük Komitəsi isə bu reketçiliyin baş təşkilatçısı və icraçısıdır. Yoxsa İlham Əliyev demək istəyir ki, yığılan «levi» pullar şəxsən ona çatır? Mən qəti əminəm ki, iş adamı ilə həmin pulları toplayan birinci adamın arasında əlavə bir neçə şəxs də vardır ki, hər biri öz «dolyasını» qoya-qoya iş adamlarını soyurlar və həmin fantastik məbləğlərdən İlham Əliyev istəsə belə, dəqiq xəbər tuta bilməz. Buna onun ehtiyacı da yoxdur. Ancaq görünür, bu fikirləri prezidentin dili ilə səsləndirənlər bir güllə ilə iki ov vurmaq niyyətindədirlər: bir tərəfdən öz məsuliyyətlərini prezidentin üzərinə qoymaq, digər tərəfdən isə prezidenti nüfuzdan salmaq.

Kimdir onlar? Bütün xalq cavab gözləyir. «Reketlər» getdikcə quduzlaşır, soyğunçuluq daha amansızcasına inkişaf edir, qiymətlər od tutub yanır, millət çox böyük surətlə aclıq və səfalətə sürüklənir, paralel olaraq da prezident çox böyük surətlə nüfuzdan düşür. Bax elə bu fondaca Ramil Usubov istədiyi qədər nazir işləyəcəyi, Ramiz Mehdiyev Seçki Məcəlləsində yalnız texniki dəyişikliklər ediləcəyi haqqında bəyanatlar verir, gömrüyün bu gün də faktik şefi sayılan və artıq yayılan şaiyələrə görə tezliklə baş nazir təyin ediləcək Kəmaləddin Heydərov isə fövqəladə hallar üzrə məşqlər keçirməklə Ramil Usubovla birlikdə güc nümayiş etdirir.

Hacı Məmmədov: cinayətkar, yoxsa əmr icraçısı?

Ramil Usubov Abuzər Abuzərovun qaçırılma tapşırığını Heydər Əliyevin verdiyini bəyan etməklə CM-nin 304-cü maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən hələ ki yayına bilir. Qanunsuz əmrin icrası məsuliyyətdən azad etməsə də, təcrübədə bunun əksini görürük. Bu, hələlik belədir. Hacı Məmmədovun məhkəməsi sübut edir ki, o və Zakir Nəsirov da yuxarıların tapşırığı və himayəsi ilə hərəkət etmişlər. Bəs onda Ramil Usubovun eyni prinsiplə azadlıqda gəzməyi bir yana, nazir postunda qala bilirsə,  onlar niyə həbs ediliblər? Qanun qarşısında hamının bərabərliyi prinsipi harada qaldı? Axı indiki reallıqlara görə, Ramil Usubov kimi, Hacı Məmmədov da cinayətkar hesab edilməməlidir.


Kimdir onlar? Bütün xalq cavab gözləyir. «Reketlər» getdikcə quduzlaşır, soyğunçuluq daha amansızcasına inkişaf edir, qiymətlər od tutub yanır, millət çox böyük surətlə aclıq və səfalətə sürüklənir, paralel olaraq da prezident çox böyük surətlə nüfuzdan düşür. Bax elə bu fondaca Ramil Usubov istədiyi qədər nazir işləyəcəyi, Ramiz Mehdiyev Seçki Məcəlləsində yalnız texniki dəyişikliklər ediləcəyi haqqında bəyanatlar verir, gömrüyün bu gün də faktik şefi sayılan və artıq yayılan şaiyələrə görə tezliklə baş nazir təyin ediləcək Kəmaləddin Heydərov isə fövqəladə hallar üzrə məşqlər keçirməklə Ramil Usubovla birlikdə güc nümayiş etdirir.

Hacı Məmmədov: cinayətkar, yoxsa əmr icraçısı?

Ramil Usubov Abuzər Abuzərovun qaçırılması tapşırığını Heydər Əliyevin verdiyini bəyan etməklə CM-nin 304-cü maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən hələ ki yayına bilir. Qanunsuz əmrin icrası məsuliyyətdən azad etməsə də, təcrübədə bunun əksini görürük. Bu, hələlik belədir. Hacı Məmmədovun məhkəməsi sübut edir ki, o və Zakir Nəsirov da yuxarıların tapşırığı və himayəsi ilə hərəkət etmişlər. Bəs onda Ramil Usubovun eyni prinsiplə azadlıqda gəzməyi bir yana, nazir postunda qala bilirsə,  onlar niyə həbs ediliblər? Qanun qarşısında hamının bərabərliyi prinsipi harada qaldı? Axı indiki reallıqlara görə, Ramil Usubov kimi, Hacı Məmmədov da cinayətkar hesab edilməməlidir.

O da yuxarıların tapşırığını icra etmiş, siyasi sifarişləri həyata keçirmişdir. Hacının mövqeyindən yanaşsaq, o, öz dövlətinə və rəhbərlərinə xidmət edən və bu gün də onları ələ verməkdən yayınan sədaqətli bir icraçıdır. 3-4 siyasi qətl həyata keçirən cinayətkar qrupun maliyyələşdirilməsi lazım deyildimi? Əlbəttə, lazım idi! Hacı artıq nə edib ki? 5-6 nəfər dövlət əmlakını oğurlayanların hesabına siyasi qətillərin icraçılarını təmin etməyə çalışıb. Vaxtilə Stalin də belə etmişdi. Nə qədər gülünc müqayisə olsa da, bu bir faktdır. Və bu gün də dövlət başçısı tərəfindən Hacının himayədarlarının və sifarişçilərinin cəzalandırılmaması, həm də öz vəzifələrində işləmələri bu eybəcər bənzətmənin yersiz olmadığının bir sübutudur. Hacı və onun adamları dövlət naminə özlərini qurban vermişlər. Kənardan bu, məhz belə görsənir. Abuzər Abuzərovun qaçırılması ilə bağlı Heydər Əliyevin tapşırığını icra edən Hacı Məmmədov niyə cəzalandırılmalıdır? O ki, dövlət başçısının istəyini yerinə yetirib? Bax, bu cinayətkar qrupun cinayətkar fəaliyyətinin əsas fəlsəfəsi də bundadır. «İkisini dövlət naminə, bir-ikisini də özüm üçün», burda nə qəbahət var ki? Afiyəddin Cəlilov, Şəmsi Rəhimov, Ziya Bünyadov, Fətulla Hüseynov və Rövşən Əliyev kimi qiymətli dövlət adamlarının və mütəxəssislərin öldürülməsi fonunda adi iş adamlarının oğurlanaraq pullarının alınmasına heyrətlənməyə dəyərmi? Fikir verin: Hacı Məmmədov  hətta oğurladığı bəzi adamlardan Azərbaycan xalqının intiqamını aldığını iddia edir. Bu qəhrəmanlıq deyil, bəs nədir? Ancaq ona bu psevdo-qəhrəmanlıq hissini aşılayan, buna şərait yaradan, onun cinayətlərinə göz yuman və himayə edən kimlərdir? Hörmətli oxucu hiss edir ki, mən bu mövzu ilə bağlı yazdığım bütün yazılarda eyni sualları dönə-dönə təkrarlayıram. Bu sualların cavabını prezident İlham Əliyev və vəzifəsi cinayətkarlığa  qarşı mübarizə olan dövlət orqanlarının başçıları verməlidir. O adamlar ki, sıravi azərbaycanlının ödədiyi vergi hesabına zəhməthaqqı alıb və orta azərbaycanlının həyat tərzindən milyonlarca fərqli, təmtəraqlı həyat keçirirlər. Cavabsa, yoxdur. Olacağına da inanmıram. Çünki, Ramil Usubovun bəyanatı- Heydər Əliyev  haqqında məlum açıqlaması hamını vahimədə saxlayır.

Gələcəkdə də bu tip cinayətlərin baş verməməsi üçün 2 vacib addım mütləq atılmalıdır. Birincisi, bu cinayəti obyektiv, tam və hərtərəfli araşdıraraq başa çatdırmaq və bütün iştirakçıları, xüsusilə də, sifarişçi və siyasi himayədarları cəzalandırmaq. Bu, onun üçün lazımdır ki, cəzanın ümumi xəbərdarlıq funksiyası, yəni, başqa vətəndaşların da bu tip hərəkətlərdən çəkindirilməsi baş tutsun.

İkincisi, bu tip cinayətlərin baş  verməsi mümkün omasın.

Birinci məsələ ilə bağlı hər şey aydın olsa da, ikincisi ilə əlaqədar müəyyən fikirlərimi bildirmək istərdim.

Daxili İşlər Nazirliyinin əməkdaşları öz cinayətlərini uzun illər boyu davam etdirmişlər. Cinayətlər həm də coğrafi baxımdan müxtəlif məntəqələrdə baş vermiş, müxtəlif üsullarla törədilmişdir. Haqlı bir sual doğur: bəs, həmin yaşayış məntəqələrində fəaliyyət göstərən polis, prokurorluq, milli təhlükəsizlik və icra hakimiyyəti orqanları nədən, öz xidməti vəzifəlrinə uyğun olaraq, bu cinayətlərdən xəbər tutmamış, yaxud da lazımi tədbirlər görməmişlər? Bu sualın cavabını işıqlandıra biləcək bir məktubun bəzi hissələrini sizin diqqətinizə çatdırmaq istəyirəm. Məktub məlum səbəblərdən adını gizlətməyə məcbur olmuş bir qusarlı vətəndaşımız tərəfindən yazılıb.

Hörmətli Qurban Məmmədov, «Hürriyyət» qəzetindəki silsilə məqalələrinizi oxumuşam. Hacı Məmmədovun bandasının törətdiyi cinayətlər ətrafındakı araşdırmalarınız və gəlinmiş nəticələr məni həm heyrətləndirir, həm də  hiddətləndirir.

Qurban müəllim, hüquqda belə bir anlam var ki, cinayətin kökünü cinayətin törənmiş yerində, yəni hadisə yerində axtararlar. Belə ki, Hacı Məmmədovun bandasının törətdiyi citnayətlərin bir qisminin Qusarın «Qarabulaq» istirahət zonasında baş verməsi sübut olunmuşdur. Maraqlıdır. Bəs elə isə, orada törədilən cinayətlərin kökü niyə orada axtarılmır? Cinayəti törətmək üçün cinayətkar olur və cinayəti törətmək üçün şərait yaranır. Deməli, orada cinayətkardan başqa cinayəti törətmək üçün şəraiti yaradan şəxs və ya şəxslər məsulyyət daşıyır.

Həcı Məmmədov qusarlı deyil. O, 20 yanvar hadisələrindən öncə   Qusar rayonuna gəlmiş və Qayakənd kəndi ərazisindəki «Üzvü sintez» zavoduna məxsus istirahət zonasında özünə şəxsi villa tikmişdir. O vaxt kim idi ona villa tikmək üçün gözdən iraq yerdə, meşənin içində tənha bir yerdə, yer ayırıb verən.

Bir qədər sonra Hacı Məmmədovun gözü doymayıb, öz evinin yaxınlığında yerləşmiş köhnə «Qarabulaq» restoranını alır. Yəni, ona bağışlayırlar və orada uzun müddət işləyən işçiləri oradan qovur və ətrafına öz cinayətkar qruppasını yığır. Deməli, ona cinayət törətmək üçün şərait yaradılır.

Qusarlıların çoxusu yay vaxtı öz istirahətlərini «Qarabulağa» bitişik çay kənarında edirdilər. Ancaq Hacı Məmmədov oranı da zəbt edir.  Təxminən 20 ha yaxın çaykənarı sahəni bağlayır. Qusarlılar ora istirahətə gedəndə elə yüksək qiyəmtələr deyirdilər ki, qusarlılar ora gedə bilməsin. Hacı deyirdi ki, mənə qusarlılar lazım deyil. Mənə Bakıdan gələnlər bəsimdir. Mənim Qusarda üç-dörd dostum var, onlar mənə bəsdir.  Həmin ərazidə qısa müddətdə geniş tikintilər aparıldı. Hətta, o vaxt Qusarda  tez-tez işıq kəsildiyi halda oraya daima işıq verilirdi. Deyirdilər ki, Daxili İşlər Nazirliyinin yüksək çinli şəxslərin evləridir. O vaxtlar Qusarda polis rəisi işləmiş Bəylər adlı şəxs (əsli laçınlı olan, deyilənə görə R.Usubovun dayısı oğludur) orada özünə ev tikdirib və «Qarabulağ»a nəzarəti o edirmiş. (DİN-nin göstrişi əsasında ) Rayon Polis Şöbəsinin rəisi, prokuroru, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin rəisi, rayon icra hakimiyyəti hər axşam «Qarabulaq»da kef çəkəndə onlar bilmirdilərmiki, ora qan çanağıdır, cinayətkar yuvasıdır?! Bilirdilər. Bilirdilər ki, orada atəş açırlar və ya atəş səsləri gəlir. Yaşadığı evin pəncərəsinin altında atəş açılır, meyid basbırılır. Deməyə qorxublar, çünki o şəraiti Hacıya özləri yaratmışdılar. Onlara o göstərişi vermişdilər. Qusarda bir nəfər içkili şəxsi görən kimi tutub başına it oyunu açırdılar. Amma «Qarabulaq»da içənlərə gözün üstə qaşın var deyən yox idi. Hətta rayon polis rəisi və icra hakimiyyəti polis işçilərinə demişdi ki, sizi çayın o tərəfində – «Qarabulaq»da görsəm, canınızı alaram. İşdən qovulacaqsınız. Yoxlaya bilərlər ki, o zaman baş vermiş heç bir cinayət hadisəsi Qusar rayon Polis İdarəsində qeydə alınmayıb. Halbuki, cinayətlərin əksəriyyəti orada baş vermişdi.  

Köhnə icra hakimiyyəti işləmiş Zeynəddin Çələbovun evinə qumbara atmışdılar. Bütün rayon bilir ki, onun evinə qumbaranı kim atmışdı. Kim sifariş vermişdi və kimlər həmin cinayət işini batırmışdı. Sifarişin  o vaxtkı rayon icra hakimiyyətinin başçısı İ. Əmirov tərəfindən verilməsini çoxları bilirdi. O Əmirov ki, Hacını rayona gətirmiş, ona bütün «Qarabulağ»ı bağışlamış, orada quldurlar üçün evlər tikməyə yer ayırmış, Hacıya rayonun fəxri vətəndaşı adı vermişdi. (halbuki, rayonun inkişafına Hacının bir qəpiklik xeyri belə olmamışdı.)  Niyə?  Çünki, quldur Şirxanın Cip maşınını Hacı onu öldürəndən sonra Əmirova bağışlamış və özlərinə uyğun notarius vasitəsilə Əmirovun adına keçirimişdi. O da ... həmin maşını gecələr gizlicə sürürdü.

Həmin icra başçısı ki, bütün rayon əmlakını  həzmi rabedən keçirmişdi. Həmin icra başçısı ki, qızının toyunda öz dostları olan Daxili İşlər naziri və o vaxtki baş parokuror ilə qol – qola oynayırdı. Deyərdi: mən bu rayonda haqqı tələb edənin, baş qaldıranın başını qarışqa başı kimi əzərəm.  İndi onu Allah elə əzib ki,  dili topuq çalır.

Həmin prokuror Həkimxan idi ki, Hacının cinayətlərinə göz yuman- indi Allahın qəzəbinə gəlib, yorğan - döşəyə düşüb. Həmin prokuror ki, çox gözəl bilirdi ki, Çələbovun evinə qumbaranı kimlər atıb (onlar könüllü surətdə boyunlarına da almışdılar) və onun kişiliyi, cəsarəti çatmadı ki, açılmış işi məhkəməyə versin. Çox guman ki, yuxarıların göstərişi əsasında, cinayət işini qapadı. Elə ondan başqa  o dövrdə işləyən bir neçə prokurorun kişiliyi çatmadı ki, o açılmış işi məhkəməyə versin.  Hacının cinayət işlərini bilə-bilə, göz yumdular, «Qarabulaq»da daim onun hesabına çörək yeyə-yeyə nakişilik etdilər və ona daha böyük cinayətlər etməyə imkan yaratdılar. Ona görə də onları Hacıdan da qorxulu adam hesab edirəm.

Həmin polis rəisi idi ki, Hacıya tikdirdiyi villasında indi itlər ulayır və onu dərd götürüb ki, ömrünün kef vaxtları keçdi, canını qoyduğu o villa qan çanağındadır və özünə qismət olmadı. Həmin rəis idi ki, Çələbovun evinə qumbara atanın kim olduğu və sifarişçinin kim olduğunu bilə-bilə Ramil Usubovun göstərişinə əsasən cinayət işin batırdı. İşi aparan müstəntiqə hədə – qorxu gəldi. Cinayətkarlar  indi də azadlıqda gəzir. Bunlar deyildimi, Hacının bandasında olanlar və «Qarabulaq»da işləmiş bir neçə köhnə dövlət məmuru (bəziləri qohumlarının köməyi ilə indi də azadlıqda gəzir).

Bəs, hakimiyyət, istintaq niyə buna göz yumur? Ona görə ki, sifariş yuxarıdan gəlmişdi...

Çələbovun işi, onun təkidinə və şikayətinə əsasən 12 ildən sonra  təzədən qaldırılıb. İndi də bir nakişi müstəntiq, prokuror və ya rəis axtarırlar ki, işi təzədən qapasınlar. Çox guman ki... bu işin öhdəsindən çox «professionallıqla» gələcəklər.

Qurban müəllim, yazmaqda məqsədim odur ki, qoy cəmiyyət bilsin ki, yerlərdə cəzasız qalan (ancaq Allah cəzalarını verib) neçə belə hacı məmmədovlar və ona himayədarlıq etmiş cinayətkarlar var.

Bir də xahişim odur ki, siz gələsininiz Qusara və baxasınız «Qarabulağ»a və onun ətrafındakı villalara. Əminəm ki, siz yox, hər hansı hüquqşunas olmayan bir şəxs də həmin istirahət zonasına baxıb, o saat anlayar ki, bura istirahət zonasından çox Daxili İşlər nazirliyinin təcridxanasına, cinayət və cinayətkarlar zonasına daha çox oxşayır.



14 oktayabr 2006-cı il  

Qusar

Məktub imzasızdır.



Rəna Nəsibovanın taleyi, görünür, bu məktub müəllifinə də yaxşı bəllidir. Mən isə getdim «Qarabulağ»ı sadəcə kənardan seyr etdim. Burası mənə 5 il siyasi məhbus həyatı keçirdiyim  cəza müəssisəsini xatırlatdı. Tikanlı məftillər, divarların üstünə hörülmüş şüşələr... Ancaq, axı 1994-cü ildən  bugünədək Qusar rayonunda və Hacı Məmmədovun cinayət törətdiyi başqa rayonlarda işləyən polis rəisləri, prokurorlar, xüsusilə də Milli Təhlükəsizlik nazirliyinin əməkdaşları dindiriliblərmi? Onlardan vəzifələrinin öhdəsindən gəlməmələrinin səbəbləri soruşulubmu? Bugünədək aldıqları rüşvətlər bir yana, aldıqları əməkhaqqı geri qaytarılıbmı? Məsuliyyətə cəlb ediliblərmi? Əgər Qusar rayonunda bu qədər ağır cinayətlər qeyd olunmamış və açılmamış qalıbsa, onda polis rəisi, prokuror və MTN əməkdaşları  orada nə işlə məşğul olublar?  Məktub müəllifinin yazısından aydın olur ki, məlum dövrdə Qusarda polis rəisi işləyən Bəylər adlı şəxs Daxili İşlər naziri R.Usubovun yaxın qohumudur və mən özüm Qusarda olarkən rayon ziyalıları ilə apardığım söhbətlərdən aydın oldu ki, Ramil Usubov çox tez-tez «Qarabulaq»da olurmuş. O, qan çanağında olanda isə bütün ərazi polis tərəfindən mühasirəyə alınırmış.

Ramil Usubovun Hacı Məmmədovla şəxsi yaxınlığı, məhz öz yaxın qohumunu Qusara polis rəisi təyin etməsi və... 20 yanvar hadisələrindən sonra Moskva tərəfindən mükafatlandırılanların sırasında Hacı Məmmədovla Ramil Usubovun bir yerdə olması daha dərin mətləblərdən xəbər verir.     

 Adi bir polis əməkdaşının SSRİ dönəmində villa tikdirməsinin nə demək olduğunu hamı yaxşı başa düşür. Bu, Hacılıq deyil. Və bu villanın məhz 20 yanvardan öncə tikilməsi, istirahət zonası adı altında oranın məhz ağır cinayətlərin baş verdiyi dönəmlərdə daha da genişləndirilərək tikanlı məftillərlə qorunması, Daxili İşlər naziri R.Usubovun isə oraya tez-tez getməsi və yüksək çinli polis cinayətkarları üçün orada villaların salınması, Azərbaycan və çeçen xalqlarının arasını vurmaq məqsədi ilə cinayətlərdə çeçen əsilli vətəndaşlardan istifadə olunması məncə onun göstəricisidir ki, söhbət sadəcə Azərbaycan miqyaslı hadisədən getmir.

Hacının məhkəmə işini yekunlaşdırmağa tələsirlər. Çünki bəziləri tam ifşa olunduqlarının fərqindədirlər. Ancaq tələsməyin, cənablar. Cinayətin baş verdiyi səbəb  və şərait obyektiv araşdırılmasa, həmin cinayətlərin törədilməsinə şərait yaradan, onlara göz yuman, bilib xəbər verməyən və gizlədən rəislərin, prokurorların və MTN əməkdaşlarının sırasından gələcək hacı məmmədovların yetişməyəcəyinə təminat yoxdur. Bu şəxslər istənilən vaxt rus kəşfiyyatı, eləcə də Azərbaycanın xüsusi orqanlarına yeridilmiş bizə düşmən dövlətlərin  agentləri tərəfindən şantaj edilə və yeni cinayətlərə məcbur edilə bilərlər.

Ramil Usubovun bəyanatına görə mərhum Heydər Əliyev Hacı Məmmədovun varlığını bilirmiş. Əlbəttə, böyük idarəçilik təcrübəsinə malik Heydər Əliyevin bunu bilməməsi də mümkün deyildi. Ancaq görünür, o, həm də 20 yanvardan Qusar meşələrinə uzanan Kreml yollarından da xəbərdar olduğu üçün tədbir görməkdən çəkinibmiş. Bəlkə, bu gün İlham Əliyevi şantaj edən R.Usubov Heydər Əliyevi də başqa üsullarla şantaj edirmiş?

Adətən, hökmdarları onun ətrafındakılar hakimiyyəti itirə biləcəyi ilə qorxudurlar. Əvvəlki yazılarmda da qeyd etdiyim kimi, istənilən  hökmdar üçün bundan dəhşətli hiss yoxdur. 1993-cü ildən başlayaraq, Azərbaycanda «terror və dövlət çevrilişləri» ilə bağlı Daxili İşlər naziri, Baş Prokuror və MT naziri tərəfindən uydurulan əfsanələr də məhz buna xidmət edirdi: hökmdarı vahimədə saxlamaq, onu qorxutmaq, onu hakimiyyətdə qaldığına görə məhz özlərinə minnətdar olduğuna inandırmaq və ... bunun əvəzində rüşvət almaq, manapoliya adı altında reketçilik etmək, korrupsiya sistemi qurmaq, rəqiblərini fiziki cəhətdən məhv etmək, eləcə də adam oğurluğu ilə məşğul olub, pul yığmaq.

Fərhad Əliyev və qardaşının dövlət çevrilişində ittiham edilməsi, bax elə bu məqsədə xidmət edən növbəti əfsanələrdən biridir.

Daxili işlər naziri Ramil Usubovun Əliyevlər ailəsinə görə nəvələrinə də düşmən qazanması və Prezident Aparatının rəhbərliyinə (Ramiz Mehdiyevi nəzərdə tutduğuna heç kəsin şübhəsi yoxdur) və ona qarşı aparılan kampaniyanın arxasında hakimiyyəti ələ keçirmək istəyən iqtidardaxili və kənar qüvvələrin durması barədə rəsmi dövlət qəzetində dedikləri də İlham Əliyevi hakimiyyəti itirmək qorxusu altında saxlamağa xidmət edir. Yəni, nə cinayət törətsəm də, Hacı Məmmədov və başqalarını bəsləsəm də, cinayətlərinə göz yumsam da vəzifəmdə qalıb işləməliyəm və sən hakimiyyətdə qaldığın üçün mənə və Ramiz Mehdiyevə minnətdar olmalısan. Bax, Ramil Usubovun İlham Əliyevi mərhum atasına böhtan atmaqla şantaj etməsində əsas məqsəd də budur.

Hacı Məmmədovun Elmar Hüseynovu Fərhad Əliyevin sifarişi ilə qətlə yetirməsi ilə bağlı verdiyi yalan ifadə artıq dəqiq dairəsi bəlli olan siyasi – maliyyə və güc qruplarının hazırladıqları ssenarinin tərkib hissəsidir. Onlar 3 əsas məqsəd güdürlər.

Birincisi, Elmar Hüseynovun Hacı Məmmədovun rəhbərliyi altında qətlə yetirilməsini iddia etməklə milli təhlükəsizlik naziri Eldar Mahmudovun və bütövlükdə Təhlükəsizlik Nazirliyinin işinə kölgə salmaq və prezidenti onların səlahiyyətsizliyinə və qabiliyyətsizliyinə inandırmaq. Çünki, MTN-nin bəyanatına görə Hacı Məmmədov həbs edilməmişdən öncə, yəni, Elmar Hüseynov qətlə yetiriləndən də xeyli qabaq Hacı və onun dəstəsi bütövlükdə MTN-nin tam nəzarətində olub və bütün addımları izlənilib. Ssenari müəllifləri, xüsusilə də baş siyasi texnoloq yaxşı başa düşür ki, ictimaiyyətdə haqlı bir sual doğacaq: Hacı Məmmədov və onun adamları MTN tərəfindən həqiqətən də izlənilibsə, onda Elmar Hüseynov necə qətlə yetirilib? Və ən vacibi: əgər bu qətil doğrudan da Hacı tərəfindən və məhz izlənmə dövründə MTN-nin gözü qarşısında baş vermişsə, onda Eldar Mahmudovun həmin cinayəti gizlətməkdə məqsədi nə olub? Bax elə incəlik də burdadır. Deməli, sağlam məntiqə görə MT naziri Eldar Mahmudov Hacı Məmmədovu yox, dolayısı ilə Fərhad Əliyevi məsuliyyətdən gizlədib. Bu həm də o deməkdir ki, Eldar Mahmudov prezident İlham Əliyevə sədaqətli deyil, Fərhad Əliyevin adamıdır və ona inanmaq olmaz. Bəs İham Əliyev nə etməlidir? Nəticə: İlham Əliyev yenə də, Ramil Usubova, Ramiz Mehdiyevə və onların «pul kisəsi» olan gömrük, vergi və sair iqtisadi və maliyyə orqanlarında çalışan şəxslərə  arxalanmalı və yalnız onlara etibar etməlidir. Bu məqsədə isə artıq çatılıb.
Ramil Usubov dünyanın gözü qarşısında, ağır cinayətlər törətmiş dağıstanlı Abuzər Abuzərovun məhz Heydər Əliyevin tapşırığı və Hacı Məmmədovun iştirakı ilə qaçırıldığını və bundan sonra da istədiyi qədər daxili işlər naziri vəzifəsində işləyəcəyini desə də, İlham Əliyev heç bir tədbir görmür və əksinə Ramil Usubovu açıq şəkildə müdafiə mövqeyini tutub.


İkincisi, birinci məqsədə nail olunmayacağı təqdirdə MTN-nin və bütün cəmiyyətin diqqətini Hacı Məmmədovdan, dolayısı ilə isə Ramil Usubov və onun daxil olduğu məlum qrupdan yayındırmaqdır. Yəni, Hacı Məmmədov və onun adamları MTN-nin nəzarətində ola-ola Elmar Hüseyov qətlə yetirilibsə, deməli, Hacı Məmmədovdan başqa da kimsə var və bu qətillərin əsil müəllifi də odur. Başqa sözlə, məqsəd Hacı Məmmədovu və onu himayə edənləri məsuliyyətdən yayındırmaqdır.


Üçüncüsü, daha məkrlisi isə, Elmar Hüseynovun qətli ilə prezident İlham Əliyevi və bütövlükdə ailəni xalqın nifrətinə tuş gətirməkdir. Hamı yaxşı bilir ki, mərhum Elmar Hüseynov qətlə yetirilməmişdən qabaq «Monitor»da çap edilən ən kəskin və etiraf edək ki, bəzən də təhqir dolu yazılar məhz İlham Əliyevin həyat yoldaşı Mehriban xanıma, baldızı Nərgiz xanıma və onun başqa yaxın qohumlarına həsr edilmişdi. İstənilən halda, xalqın bu qətlə görə ailədən şübhələnəcəyi bir aksiomadır. Məqsəd: bu baş tutacağı təqdirdə ölkədə siyasi vəziyyət qarışır, stabillik pozulur, prezident Ramil Usubova və onun daxil olduğu komandaya möhtac qalır və... bu gün artıq açılmış qorxulu cinayətlərə görə Ramil Usubov və başqaları məsuliyyətdən xilas olur.



Əslində, 1993-cü ildən bugünədək ölkəni çapıb-talayan, prezidentləri terror və dövlət çevrilişi vahiməsi altında saxlamaqla korrupsiya piramidası ilə milyardlarla sərvət toplayanlar öz məqsədlərinə demək olar ki, çatmışlar. İndi ölkə tam bir anarxiya içindədir. İt yiyəsini tanımır. Rüşvətxorluq və korrupsiya bütün sahələri öz ağuşuna almışdır. Gömrük Komitəsinin vasitəsi ilə dövlət büdcəsinə daxil olan gömrük vergilərindən 8-10 dəfə artıq vəsait qanunsuz üsullarla hamıya bəlli şəxslərinə cibinə axır. Məhkəmə sistemi deqradasiyaya uğrayıb. Bu sistemdəki rüşvətxorluq və cəzasızlıq mühiti dövlət hakimiyyətinin əsas qollarından biri olan məhkəmə hakimiyyətini tamamilə sıradan çıxarıb. Məhz İcra Hakimiyyətinin planlı və məqsədyönlü şəkildə bu vəziyyətə saldığı məhkəmə hakimiyyəti istənilən dövlətin və toplumun mövcudluğu üçün zəruri olan hakimiyyət qolunu tam iflic vəziyyətə salmışdır. Polis və prokurorluq orqanlarında qeyri-adi cəzasızlıq və qanunsuzluq mühiti hökm sürür. Yuxarıların cinayətkar əməllərinə göz yumulmasını görən bu orqanların aşağı səviyyəli işçiləri də məhz belə davranmaqda mənən özlərini haqlı sayırlar. Başqa cür də ola bilməz. Ramil Usubov, Zakir Nəsirov, Hacı Məmmədov və başqa rəhbərlər belə hərəkət edərək cəzasız qalırlarsa, mən nədən çəkinməliyəm?! Bax, budur aşağıların fəlsəfəsi. Çox düzgün və haqlı mövqedir.



Ramil Usubov, Zakir Qaralov və Namiq Abbasov  başda olmaqla, DİN-nin və sair güc orqanlarının vəzifəli şəxslərinin törətdiyi hərəkət və hərəkətsizliklər, xüsusilə də, Baş Prokurorluğa Hacı Məmmədov haqqında rəsmi ərizə ilə müraciət etdikdən sonra Rəna Nəsibovanın qətlə yetirilməsi və Baş Prokurorun məlum hadisələrlə bağlı prezidentə məruzə edəcəyindən bir gün qabaq pokuror – kriminalist Rövşən Əliyevin qətlə yetirilməsi birmənalı olaraq xalqın hüquq-mühafizə orqanlarına, xüsusilə DİN və Baş Prokurorluğa olan inamını sarsıtmış və həmin orqanları tamamilə nüfuzdan salmışdır. Köklü dəyişikliklər edilmədən dövlət üçün çox vacib olan bu strukturlara zəruri ictimai inamın qaytarılması qeyri-mümkündür. Xalqımız şəxsi həyatının və hüquqlarının tam təminatsız qaldığının fərqindədir və bu, gələcəkdə bütövlükdə dövlətçiliyimizi sarsıda biləcək qorxulu hadisələrlə nəticələnə bilər. Respublikanın surətlə boşalması və vətəndaşlarımızın öz doğma yurdlarını tərk edərək yad ölkələrə üz tutması həmin vəziyyətin bir göstəricisidir. Bəlkədə, müəyyən qüvvələrin və beynəlxalq güclərin əsil niyyəti də elə budur – Azərbaycanda etnik nisbətin dəyişdirilməsi.


Cinayətkar aləmdə cinayətkar olmamaq cinayət sayılır. Bu gün Azərbaycan bütövlükdə cinayətkarların əlinə keçmiş və bu rejimdə istər məhkəmə, polis, prokurorluq, istərsə vergi, gömrük, bank və maliyyə, istərsə də, maarif, səhiyyə və başqa sahələrdə namusla çalışmaq mümkün deyil. Belələrini korrupsiya piramidası həmən basıb məhv edir, öz sıralarından atır. Çünki xalq tərəfindən seçilməyən, ondan asılı olmayan, ona hesabat verməyən istənilən qanunsuz rejimin mövcudluğunun yeganə şərti korrupsiya, rüşvət və bütün məmurların cinayətə bulaşmasıdır.


Haqlı bir sual meydana çıxa bilər. Bu ssenariyə niyə məhz Fərhad Əliyev salınıb?


(Ardı var)

Qurban Məmmədov

Hiç yorum yok:

Yorum Gönder