12/27/2010

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti-- rüşvət və korrupsiya yuvası

Nərimanov Rayon Məhkəməsinə

Ərizəçi: maraqlı şəxslər Məcidov İsgəndər ƏhmədAğa oğlunun və
Cavadov İbrahim Naib oğlunun
Nümayəndəsi Məmmədov Qurban Cəlal oğlu
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05

Hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilən orqan:
Əmlak Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi,
Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu.


Ə R İ Z Ə
(MPM-nin 296-300-cü maddəsinə uyğun olaraq)

      Möhtərəm hakim!
     Bakı şəh., H.Cavid küç., dalan 2, ev 2 ünvanında qeydiyyatda olan Məcidov İsgəndər ƏhmədAğa oğlu, DƏDRX-də nümayəndəsi olmaq, sənədlər təqdim etmək, arayış və reyestrdən çıxarış almaq, bütün məhkəmələrdə onu təmsil etmək, iddia ərizəsini imzalamaq və s. hüquqlara dair mənə 12 mart 2010-cu il tarixli etibarnamə vermişdir.

    Mən, həmin etibarnaməyə əsasən, İ.Ə.Məcidova məxsus dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Nəsimi rayonu H.Cavid küçəsi dalan 2-də yerləşən 2 saylı evin altında yerləşən torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununun 13.7-ci maddəsinə uyğun olaraq vahid obyekt kimi qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün 20 aprel 2010-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişəm.
    Qeydiyyata dair sənədlərin 18 may 2010-cu ildə hazır olacağı barədə mənə rəsmi qəbz verildi. Başqa sözlə, mənə 28 gün gözləmək təklif edildi. Mənim müraciətimdən 1 aydan çox vaxt keçməsinə baxmayaraq, mənə bu barədə heç bir rəsmi məlumat verilmir.
    Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununun 9.2-ci maddəsinə əsasən, “Qeydiyyat orqanı bu Qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır”.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununun 14.1-ci maddəsi:
    Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər.
   “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununun 15-ci maddəsi:
15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;
15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;
15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
 “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli, 155-IQ saylı Qanununun 9-cu maddəsinə əsasən, “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir”.
    “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı  Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 4-5-ci maddələrinə əsasən, “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir.
    Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Mən, sonuncu dəfə 26 may 2010-cu ildə DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin binasında 1-ci otaqda oldum. Mənə bildirdilər ki, “Texniki Pasport hazırdır, lakin Nigar xanımı görmək lazımdır”.
Mən, bu “görməyin” nədən ibarət olduğunu aydınlaşdırmaq üçün Nigar xanımın qəbuluna qalxmaq istədim. Buraxılış məntəqəsində duran polis əməkdaşı mənə bildirdi ki, rəhbərlik göstəriş verib ki, nümayəndələr idarəyə buraxılmasın.  Beləliklə də, bir nümayəndə kimi, mənim öz vəzifələrimi icra etməyə imkan verilmədi və bununla da, mənim işgüzar nüfuzuma böyük ziyan vuruldu.
   Digər tərəfdən isə, qanunda göstərilən müddətlərdə DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin öz vəzifələrini icra etməməsi bir mülkiyyətçi kimi, Məcidov İsgəndər ƏhmədAğa oğlunun hüquqlarını da pozur. Çünki, mülkiyyət hüququnun qeydiyyatı barədə rəsmi sənədin verilməməsi ilə Məcidov İsgəndər ƏhmədAğa oğlunun özünə məxsus əmlak üzərində sərəncam vermək hüququ məhdudlaşdırılır.
MPM-nin 297.1.1 və 297.1.2-ci maddələrinə əsasən, “Müvafiq icra hakimiyyəti orqanlarının şəxsin hüquq və azadlıqlarını pozan və şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaradan hərəkətləri və ya hərəkətsizliklərinə qarşı məhkəmədə mübahisə edilə bilər”.
    Möhtərəm hakim!
    Mülki Məcəllənin 777.1 və 777.2-ci maddəsinə əsasən, “777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir”.
     Vətəndaş Məcidov İsgəndər ƏhmədAğa oğlu da yuxarıda qeyd etdiyim kimi, Mülki Məcəllənin 362-ci maddəsinə uyğun olaraq, mənə 12 mart 2010-cu il tarixli etibarnamə vermiş və ona məxsus fərdi yaşayış evinin və onun altındakı torpaq sahəsinin vahid obyekt kimi qeydə alınmasını tapşırmışdır.
    Möhtərəm hakim!
   Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən, “Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsilə məhkəməyə iddia verə bilər”.
   Həmin Məcəllənin 47.2-ci maddəsində, işdə iştirak edən şəxslərin, o cümlədən də, nümayəndələrin geniş hüquqları öz əksini tapmışdır.
   Avropa dəyərlərini qəbul edən və Avropa Məhkəməsinin qərarlarını presedent ( latınca: praecendens, praecendentis-əvvəlki, qabaqca olan, ingilis-amerikan hüquq sisemi) hüququna əsasən tətbiq etməklə hüquqi, sivil və demokratik dövlət quruculuğu istiqamətində inkişaf etməkdə olan ölkəmizdə hansısa məmurun və ya yerli icra hakimiyyəti orqanının “nümayəndəlik institutunu ləğv etməsi” və nümayəndələrə öz vəzifələrini icra etməyə imkan verməməsi və vətəndaşları “şəxsən qəbula dəvət etmələri”, yumşaq desək, özbaşınalıqdır və qanunları çeynəməkdir. Bu yolla bəzi məmurlar vətəndaşların hüquqi savadsızlığından istifadə edərək, onlardan rüşvət qoparmağa cəhd edirlər. Bütün bunlar isə, ulu öndər və dahi rəhbər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və qanunçuluq kursuna bir sui-qəsddir, Azərbaycan dövlətçiliyinin altına qoyulmuş bir bombadır.
Mülki Prosessual Məcəllənin 300.1-ci maddəsinə əsasən, “Hakim ərizəni əsaslı hesab etdikdə müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin yol verdikləri hüquq və azadlıqların pozulmasına və ya məhdudlaşdırılmasına dair halların onlar tərəfindən tamamilə aradan qaldırılması vəzifələri barədə qətnamə çıxarır”.
    Möhtərəm hakim!
    Şikayət olunan hərəkət və hərəkətsizlik DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində ilk deyil. Bundan öncə, Nərimanov Rayon Məhkəməsinin hakimi Arif İsmayılovun icraatında olmuş “Haqverdiyeva Turan Qurban qızının DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinə qarşı” və Əzizbəyov Rayon Məhkəməsinin hakimi Fatma Miriyevanın icraatında olmuş “Cavadov İbrahim Naib oğlunun DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinə qarşı” iddiaları üzrə mülki işlərdə də DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin eyni mahiyyətli qanunsuz hərəkətlərinə baxılmışdır.
Bütün bunlar onu göstərir ki, DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin rəhbərliyi sistemli və prinsipial olaraq qanunsuz fəaliyyət yolu tutmuşlar.
    Möhtərəm hakim!
  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununun 5.3-cü maddəsinə əsasən, “Qeydiyyat orqanı 5 iş günü müddətində, müraciət etmiş şəxsə arayışı və ya əsaslandırılmış imtina məktubunu verməlidir”.
Lakin, DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin rəhbərliyi qanunun bu tələbini pozaraq, “Forma-1” arayışını vətəndaşlara bəzən 1 ay müddətində verir. “Forma-1” arayışının verilməsi üçün Dövlət Rüsumu Haqqında Azərbaycan Respublikasının Qanununun 26.6-cı maddəsində 10 manat nəzərdə tutulsa da, DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi “arayışın tez verilməsi” və ya “xidmət haqı” bəhanəsi ilə vətəndaşlardan artıq vəsait alır.
   Nümayəndəsi olduğum vətəndaş Cavadov İbrahim Naib oğlu ilə bağlı da məhz belə olmuşdur. Mən, 13 aprel 2010-cu ildə DƏDRX-in Əzizbəyov (indiki Xəzər rayonu) Ərazi İdarəsinə “Forma-1” almaq üçün müraciət etmişdim. Həmin arayış mənə 30 gündən sonra verildi və məndən əlavə olaraq 39 manat 26 qəpik pul alındı.
   Bütün bunlar onu göstərir ki, DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi öz fəaliyyətində qanunları yox, hansısa korporativ maraqları rəhbər tutur.
  Yuxarıda qeyd edilənlərə və MPM-nin 296-300-cü maddələrinə əsasən,

XAHİŞ EDİRƏM:

1. Vətəndaş Məcidov İsgəndər ƏhmədAğa oğluna H.Cavid küç., dalan 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsinin vahid obyekt kimi qeydə alınması barədə dövlət reyestrindən çıxarışın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununun 9.2-ci maddəsində nəzərdə tutulan 20 gün müddətində verilməməsi qanunsuz hesab edilsin,
2. H.Cavid küç., dalan 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsinin vahid obyekt kimi qeydə alınması barədə dövlət reyestrindən çıxarışın Vətəndaş Məcidov İsgəndər ƏhmədAğa oğluna verilməsi vəzifəsi DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulsun,
3. DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin “Forma-1” arayışlarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununun 5.3-cü maddəsində nəzərdə tutulan 5 gündən gec verməsi qanunsuz hesab edilsin,
4. DƏDRX-in Əzizbəyov rayon Ərazi İdarəsinə Cavadov İbrahim Naib oğluna “Forma-1” aryışı almaq üçün ödədiyim 39 manat 26 qəpik pul DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsindən mənim xeyrimə tutulsun.

Qoşma: -- Şikayət ərizəsinin surəti,
                   -- Q.C.Məmmədovun adına verilmiş 12 mart 2010-cu il tarixli etibarnamənin notarial qaydada təsdiqlənmiş surəti,
                  -- İ.Ə.Məcidova məxsus Bakı şəhəri, Nəsimi rayonu H.Cavid küçəsi dalan 2-də yerləşən 2 saylı evin altında yerləşən    
                     torpaq sahəsi  üzərindəki mülkiyyət hüquqlarının vahid obyekt kimi qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi 
                      üçün 20 aprel 2010-cu ildə DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə müraciətin edilməsi barədə qəbzin surəti,
                   -- 18 aprel 2009-cu il tarixli etibarnamənin surəti,
                  -- “Haqverdiyeva Turan Qurban qızının DƏDRX-ə qarşı” məhkəmə işinə aid 11 yanvar 2010-cu il tarixli ərizənin surəti,
                  -- “Haqverdiyeva Turan Qurban qızının DƏDRX-ə qarşı” məhkəmə işinə aid Nərimanov Rayon Məhkəməsinin 03 may
                       2010-cu il  tarixli Qətnaməsinin surəti,
              -- 10 iyun 2009-cu il tarixli etibarnamənin surəti,
              -- “Cavadov İbrahim Naib oğlunun DƏDRX-ə qarşı” məhkəmə işinə aid CVH seyiyalı 280129 saylı və 280130 saylı ödəniş
                  qəbzlərinin surəti,
               -- “Cavadov İbrahim Naib oğlunun DƏDRX-ə qarşı” məhkəmə işinə aid 09 fevral 2010-cu il tarixli iddia ərizəsinin surəti,
                -- “Cavadov İbrahim Naib oğlunun DƏDRX-ə qarşı” məhkəmə işinə aid 30 mart 2010-cu il tarixli İddia Ərizəsinə Əlavənin
                                         surəti,
              -- “Cavadov İbrahim Naib oğlunun DƏDRX-ə qarşı” məhkəmə işinə aid 13 aprel 2010-cu il tarixli “İddiadan imtina barədə”
                  ərizənin surəti,
              -- “Cavadov İbrahim Naib oğlunun DƏDRX-ə qarşı” məhkəmə işinə aid Əzizbəyov Rayon Məhkəməsinin 13 aprel 2010-cu il
                  tarixli qərardadının surəti,
             -- Dövlət Rüsumunun ödənilməsi barədə qəbz.

         29 may 2010-cu il
  
                                                                 İmza:                                                 / Q.C.Məmmədov /

Hiç yorum yok:

Yorum Gönder