12/19/2010

Hicaba qarşı səlib yürüşü

Abşeron Rayon Məhkəməsinə
(sədrlik edən: İ.Ə.Kərimli)

İddiaçı  Hüseynova Tünzalə Əli qızının
etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05



                                                                İ  Z  A  H  A  T
 Möhtərəm hakim!
İddiaçı Hüseynova Tünzalə Əli qızının,  cavabdeh - Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Əliyeva Sevinc İnqilab qızına qarşı “İşə buraxılma, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddia ərizəsi üzrə icraatınızda olan mülki işlə bağlı aşağıdakıları nəzərinizə çatdırıram.

    Cavabdeh -- Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Əliyeva Sevinc İnqilab qızı 14 oktyabr 2010-cu ildə iddiaçı T.Ə.Hüseynovanı dərsə buraxmamış, onu məktəbdən kənarlaşdırmış və iddiaçıya, bu hərəkətlərini əsaslandıran heç bir yazılı sənəd təqdim etməmişdir. İddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti və əmək kitabçası ona vaxtında təqdim edilməmişdir.
  Məhkəmə prosesi davam etdiyi dövrdə,  yəni 11 dekabr 2010-cu ildə cavabdeh poçt vasitəsilə 2 vərəq “sənədi” iddiaçının anasının yaşadığı ünvanda onun valideynlərinə təqdim etmişdir.
 Həmin “sənədlər”dən biri məktəbin blankında yazılmaqla, “Hüseynova Tünzalə Əli qızı” başlıqlı olub, məktəbin direktoru cavabdeh S.Əliyeva tərəfindən imzalanıb. Məktubun məzmunu belədir: “08.11.2010-cu il tarixdə verilmiş əmrin çıxarışını sizə göndərdik, Əmək kitabçasını isə, şəxsən özünüzə təqdim etməliyik”.
  İkinci “sənəd”  “Əmr N 35, Çıxarış” sözləri ilə başlayır, möhürlə təsdiqlənməyib və imza yerində “S.Əliyeva” yazılsa da, imzalanmayıb.

Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir”.
Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndinə əsasən, İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir”.
İmzasız və möhürsüz olan  „Əmr N 35 Çıxarış“  başlıqlı vərəqdən aydın olur ki, cavabdeh S.Əliyeva iddiaçı T.Ə.Hüseynova ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün 2 əsas göstərib:
“Hüseynova Tünzalə Əli qızı Abşeron Rayonu Xırdalan şəhəri 1 N-li orta məktəbin kimya müəllimi 08 dekabr 2010-cu il tarixdən etibarən:
 1.      Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a”, 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçinin heç bir üzrlü səbəb olmadan işə gəlməməsi);
 2. 15.09.2009-cu ildə işə qəbul edilərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.03.2008-ci il tarixli 299 N-li əmrinə riayət edilməməsi və müvafiq orqanın razılıq məktubu alınmaması səbəbindən əmək müqaviləsi etibarsız olduğu üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilsin”. 

Başqa sözlə, cavabdeh iddiaçını;
---  həm Əmək Məcəlləsinin 70-ci maddəsinin „ç“ bəndinə əsasən,
---  həm də işə qəbul edilərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.03.2008-ci il tarixli 299 N-li əmrinə riayət edilmədən bağlanmış əmək müqaviləsinin etibarsız olduğu üçün işdən azad etmişdir.
İkinci arqumentini əsaslandırmaq üçün, cavabdeh Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad etmişdir.
Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, “Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər”. 
Cavabdeh S.Əliyeva böyük bir kollektivə rəhbərlik etməsinə baxmayaraq, hələ də bilmir ki, onun əmrdə istinad etdiyi Mülki Məcəllənin 337.1-ci maddəsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərə aiddir və işçi ilə işəgötürən arasındakı münasibətlər yalnız Əmək  Məcəlləsi ilə nizama salınır. Cavabdeh onu da bilmir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, “Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsız hesab edilməsi” məhkəmənin müstəsna səlahiyyətidir və bir rəhbər işçi kimi o bunları bilməyə borcludur.
İndiki halda, cavabdeh S.Əliyeva məhkəmənin səlahiyyətini mənimsəmiş, etibarsız olub-olmaması məhkəmə qətnaməsi ilə müəyyənləşdirilməmiş əmək müqaviləsini etibarsız hesab edərək, onu qanunsuz olaraq ləğv etmişdir.
  Digər tərəfdən, Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən,1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
 2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin  qanunvericilikdə nəzərdə tutulmayan əsasla habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz".
 Bu maddənin 1-ci hissəsinin məzmunundan göründüyü kimi, əmək müqaviləsinə Əmək Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan yalnız bir əsasla xitam verilə bilər.

Maddənin 2-ci hissəsinin məzmunundan göründüyü kimi isə, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmayan əsasla və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
Əmək Müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları isə, Əmək Məcəlləsinin X fəslində -- 68-76-cı maddələrdə nəzərdə tutulub. Bu maddələrdə əmək müqaviləsinə xitam verilməsi üçün Mülki Məcəlləyə istinad edilməsi nəzərdə tutulmamışdır. 
Möhtərəm hakim!
35 saylı əmrdə cavabdeh S.Əliyeva bir tərəfdən iddiaçı ilə bağlanmış müqavilənin etibarsızlığını iddia edir, digər tərəfdən isə, əmək müqaviləsinə xitam verilməsi üçün iddiaçının üzrlü səbəb olmadan işə gəlməməsini göstərir.
Maraqlıdır: əmək müqaviləsi etibarsızdırsa, onda, işçinin işə gəlməmə səbəbinin üzrlü olub-olmamasının nə mənası var?
Cavabdehin nümayəndəsi 15 dekabr 2010-cu il tarixli məhkəmə iclasında iddiaya qarşı etirazla bərabər, Sizə bəzi sənədlər təqdim etdi. Həmin sənədlərdən biri məktəbin direktor müavini S.Rəhimova və əlavə üç şəxs tərəfindən imzalanmış “Təqdimat” adlanır.
“Təqdimat”da yazılıb: “Yazaraq nəzərinizə çatdırıram ki, məktəbdə kimya müəllimi işləyən Hüseynova Tünzalə Əli qızı əvvəlki təqdimatımda (24.09.2010) Sizə bildirdiyim kimi, yenə də dərslərə normal gəlməmiş, tələb etdikdə isə yolunun uzaq və uşaqlarının körpə olduğunu bildirir.
 Qeyd edim ki, müəllimə dərsə hicabda gəlir. İradımıza etinasız yanaşır. Tədbir görməyinizi xahiş edirəm. Yazdıqlarımı tədris işləri üzrə digər müavinlər də öz imzaları ilə təsdiq edirlər
 02 oktyabr 2010-cu il, imza: S.Rəhimova, R.Əkbərova, X.Rzayeva, A.Aslanova”.


    Möhtərəm hakim!
Bu “təqdimat”dan aydın olur ki;
1. T.Ə.Hüseynova əvvəllər də “dərslərə normal gəlməmiş” və məktəbin direktor müavini S.Rəhimova 24 sentyabr 2010-cu il tarixli təqdimatla cavabdeh S.Əliyevaya müraciət etmişdir. İndiki təqdimat sayca ikincidir. Başqa sözlə, 8 gün ərzində T.Ə.Hüseynova ən azı 2 dəfə dərslərə normal gəlməmiş və onun haqqında 2 dəfə təqdimat verilmişdir.
2. İddiaçı T.Ə.Hüseynova dərsə hicabda gəldiyinə görə ona irad bildirilmiş, o isə bu iradlara erinasız yanaşdığına görə cavabdehdən T.Ə.Hüseynova haqqında tədbir görülməsi xahiş edilmişdir.
Möhtərəm hakim!
Gördüyünüz kimi, təqdimat  02 oktyabr 2010-cu ildə verilmişdir.
 02 oktyabr 2010-cu il həftənin şənbə günüdür və iddiaçı T.Ə.Hüseynova 8-ci siniflərə dərs dediyinə görə, həmin gün onun üçün qeyri-iş günüdür.
 Cavabdehin direktor olduğu məktəbdə isə, həftənin şənbə günü yalnız 10-11-ci siniflərə dərs keçilir. Beləliklə də, təqdimatın sonradan yazıldığı, yəni cavabdeh tərəfindən məhkəməni aldatmaq məqsədi ilə saxta sübut düzəldilməsi göz qabağındadır.
 Cavabdeh saxta sübut düzəltmək fəaliyyətini bu təqdimatla bitirməyib.

Möhtərəm hakim!
Cavabdehin nümayəndəsinin Sizə təqdim etdiyi ikinci sənədə diqqətlə baxın. Bu sənəd Xırdalan şəhər 1 N-li orta məktəbin Həmkarlar təşkilatının 04 dekabr 2010-cu il tarixdən (sitat olduğu kimi verilir)  98 saylı protokolundan Çıxarış adlanır.
Mən həmin “sənəd”dəki,  müəllimə yaraşmayan qramatik səhvləri bir kənara qoyur və diqqətinizi  “sənəd”in məzmununa yönəltmək istəyirəm.
1. Bu “Çıxarış”ın  hansı sənədə aid olması, yəni hansı sənəddən çıxarış edilməsi başa düşülmür. Guya, cavabdehin direktor olduğu məktəbin həmkarlar təşkilatı 04 dekabr 2010-cu ildə iclas keçirib. Lakin çıxarışdan bəlli deyil ki, bu iclasın gündəliyində hansı məsələlər olub, neçə nəfər iştirak edib, hərəkətləri müzakirə edilən 1 N-li məktəbin kimya müəllimi -- iddiaçı T.Ə.Hüseynova həmin iclasda iştirak edibmi və iştirak etməyibsə, bunun səbəbi nə olub?
Sənəd “protokoldan Çıxarış” adlansa da, iclasda iştirak edənlərin sayı və çıxış edənlərin kimliyi məlum deyil. Bu sənəddə, sanki, rayon təhsil şöbəsinin və ya məktəb direktorunun hansısa araşdırması əks etdirilib. “Çıxarış”,  “Aşağıda adı göstərilən şəxsin işdə nöqsanlara yol verdiyi haqda” cümləsi ilə başlayır və sonra T.Ə.Hüseynovanın işə qəbul zamanı nöqsanlara yol verildiyini göstərən aşağıdakı cümlələr yazılır:
“1 N-li məktəbin kimya müəllimi Hüseynova Tünzalə Əli qızı 2008-ci il dekabr ayında əvəzçi müəllim kimi işə götürülmüşdür. Həqiqətdə isə o vaxt heç bir müəllim öz hesabına məzuniyyətə çıxmamışdır. Əmr kitabında heç bir kimya müəlliminin məzuniyyətə çıxması öz əksini tapmamışdır. Müəllimənin ərizəsində göstərilir ki, 2008-ci ilin dekabr ayından 2009-cu ilin 30 aprelinədək əvəzçi müəllim kimi, 15 sentyabr 2009-cu il tarixdən isə daimi müəllim kimi əmr almışdır.
Araşdırmalar zamanı aydın olmuşdur ki, I əmr qeyri-qanunidir, II əmr isə nazirin əmri olmadığı üçün qeyri-qanuni sayılır”.
Möhtərəm hakim!
Bu cümlələrdən bəlli deyil ki, 1 N-li orta məktəbin Həmkarlar təşkilatı “nazir” deyəndə hansı nazirliyin rəhbərini nəzərdə tutur və hansı “nazir əmri”ndən söhbət gedir.
Digər tərəfdən isə, “Çıxarış”da yazılan bəzi məlumatlar tamamilə yalandır. Məktəbin kimya müəlliməsi Dünya xanım 2008-ci ilin 01 dekabrından 2009-cu ilin may ayınadək öz hesabına məzuniyyətdə olub və iddiaçı da məhz onu əvəzləyib. Həmin dövrün “əmr jurnalı”na baxış keçirməklə bu faktı asanlıqla müəyyən etmək olar.
 Daha sonra, “Çıxarış”da qeyd edilir ki, “2009-cu ilin tarifləşmə siyahısında da müəllimənin adı yazılmamışdır.Müəlliməyə sənədlərini qanuniləşdirmək tapşırılmış, həmin gündən müəllimə dərsə gəlməmişdir. Dərs hissə müdirinin dəfələrlə iradına baxmayaraq, müəllimə heç bir izahat verməmişdir”.
 Başa düşmək olmur ki,

---- bu cümlələrdəki “müəlliməyə sənədlərini qanuniləşdirmək tapşırılmış” sözləri ilə nə nəzərdə tutulur,
---  “sənədlərin qanuniləşdirilməsi” nə deməkdir və
--- bunun üçün iddiaçı T.Ə.Hüseynova nə etməli idi?
“Çıxarış”dakı sonuncu cümlədən isə aydın olur ki, guya iddiaçı “sənədlərini qanuniləşdirmək tapşırığı alandan sonra dərsə gəlməmiş və hansısa dərs hissə müdirinin iradlarına baxmayaraq, heç bir izahat verməmişdir”. Bu hadisənin nə vaxt olması isə “Çıxarış”da göstərilməyib.
 “Çıxarış”ın “Qərar”  hissəsində göstərilir:

 “Məktəb Həmkarlar Təşkilatı yığıncağı dinləyir (???), qərar alır:
  1. 1.   Hüseynova Tünzalə Əli qızı Abşeron rayonu Xırdalan şəhər 1 N-li orta məktəbin kimya müəllimi 08.10.2010 tarixdən əmək müqaviləsinin ləğv olunması barədə direktor s.Əliyevanın, Abşeron Təhsil Şöbəsinin aparıcı məsləhətçi A.Qurbanovun təqdimatı, Abşeron rayon Təhsil Şöbəsinin müdirinin sizin işə qəbul olunduğunuz 184 N-li, 15.09.2009 tarixli əmri, Təhsil Nazirliyinin 03.03.2008 299 N-li əmrin tələblərinə uyğun olmadığı üçün qeyri-qanuni hesab edilməlidir. (??????)
  2. 2.   Məktəb Həmkarlar Təşkilatı Tünzalə Hüseynovanın əmək müqaviləsində nəzərdə tutulmuş funksiya və öhdəliklərini yerinə yetirmədiyi üçün bağlanmış əmək müqaviləsinin ləğvinə etiraz etmir”.
Qərarın 1-ci bəndinin hansı dildə yazıldığı müəyyən deyil. Bu cümlələri yazan adamın müəllim olması şübhə altındadır və əgər həqiqətən də bu cümlələr müəllim vəzifəsini daşıyan bir şəxsin qələmindən çıxıbsa, tutduğu vəzifəyə layiq olmadığı üçün, həmin şəxsin dərhal işdən kənarlaşdırılması barədə Təhsil Naziri hörmətli Misir Mərdanov cənablarına təqdimat göndərilməlidir.
Möhtərəm hakim!
Xahiş edirəm, diqqət edin!
Həmin qərarın 1-ci bəndindəki sizin işə qəbul olunduğunuz 184 N-li, 15.09.2009 tarixli əmri, Təhsil Nazirliyinin 03.03.2008 299 N-li əmrin tələblərinə uyğun olmadığı üçün qeyri-qanuni hesab edilməlidirsözləri ilə, mənim Sizə təqdim etdiyim Abşeron RTŞ-nin müdiri N.Ağayevin iddiaçı T.Hüseynovaya ünvanladığı 04 oktyabr 2010-cu il tarixli 557 saylı məktubun sonuncu cümləsindəki Sizin pedoqoji işə qəbulla bağlı verilmiş 184 N-li, 15.09.2009-cu il tarixli əmr TN-nin 03.03.2008-ci il tarixli, 299 nömrəli əmrinin tələblərinə uyğun olmadığı üçün, qeyri-qanuni hesab edilməlidir sözlərinə fikir verin və onları müqayisə edin.


Möhtərəm hakim!
Gördüyünüz kimi, hansısa sehirli bir əl həmkarlar təşkilatının protokoluna Abşeron RTŞ-nin müdiri N.Ağayevin məktubundakı sözləri olduğu kimi köçürmüşdür.
Ən maraqlısı isə, qərarın 2-ci bəndidir. Bu bənddən belə aydın olur ki,  Məktəb Həmkarlar Təşkilatı “Tünzalə Hüseynovanın əmək müqaviləsində nəzərdə tutulmuş funksiya və öhdəliklərini yerinə yetirmədiyi üçün bağlanmış əmək müqaviləsinin ləğvinə etiraz etmir”.

Möhtərəm hakim!
Həmkarlar təşkilatının həmin çıxarışının təsviri hissəsində göstərilib ki, iddiaçı T.Ə.Hüseynova işə qəbul edilərkən hansısa qaydalar pozulub, hansısa nazirin əmrinə əməl edilməyib və onun adı  2009-cu ilin tarifləşmə siyahısında da yoxdur.
Qərarın 2-ci bəndində isə, əmək müqaviləsində nəzərdə tutulmuş funksiya və öhdəliklərin T.Hüseynova tərəfindən yerinə yetirilməməsi göstərilmişdir.
Lakin mövcud qanunlara görə, orta məktəblərdə işə götürmək hüququ məktəbin direktoruna məxsusdur və işə qəbul barədə ərizə də, bilavasitə, məktəbin direktoruna təqdim edilir. Təhsil Nazirliyi ilə bağlı qalan razılaşma və tarifləşmə məsələləri məktəb direktorunun funksiyalarına daxildir və məktəb direktorunun öz vəzifələrini yerinə yetirməməsi müəllimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün  əsas ola bilməz.
Ən maraqlısı isə: T.Ə.Hüseynova, ümumiyyətlə, məktəb həmkarlar təşkilatının üzvü deyil.
Görünür, cavabdeh Sevinc Əliyeva bu adi qayda-qanunlardan da xəbərsizdir və onun böyük bir pedoqoji kollektivə direktor kimi rəhbərlik etməsi bundan sonra da çox böyük acı nəticələrə səbəb olacaqdır.
Hesab edirəm ki, gənc nəslin təlim-tərbiyəsi, məşğul olduğu sahənin qanun-qaydalarını bilməyən, yaxud da, qəsdlə və bilə-bilə bu qanun-qaydaları pozan şəxsə tapşırıla bilməz və bu dəhşətli fakta dərhal son qoymaq üçün Təhsil Naziri hörmətli Misir Mərdanov cənablarına xüsusi təqdimat göndərilməlidir. 
Möhtərəm hakim!
İndi də diqqətinizi bu mübahisə ilə bağlı bəzi hüquqi məsələlərə, maddi hüquq normalarına cəlb etmək istəyirəm.
Cavabdehin nümayəndəsinin 15 dekabr 2010-cu il tarixli məhkəmə iclasında bildirdiyi kimi, birinci “təqdimat” 24 sentyabr 2010-cu ildə, ikinci təqdimat 02 oktyabr 2010-cu ildə verilmiş, 1 N-li orta məktəbin Həmkarlar Təşkilatının yığıncağı isə 04 dekabr 2010-cu ildə keçirilmişdir. Yəni, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərlə sübut edilir ki, guya iddiaçı T.Ə.Hüseynova sonuncu dəfə əmək intizamını 02 oktyabr 2010-cu ildə pozmuşdur.
Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinə əsasən,  İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər”.
Deməli, cavabdeh, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “ç” yarımbəndində göstərilən intizam tənbehi kimi, iddiaçının işdən azad edilməsi üçün yalnız 02 noyabr 2010-cu ilədək tədbir görə bilərdi.
Cavabdeh S.Əliyevanın imzaladığı 35 nömrəli əmrlə isə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 08 dekabr 2010-cu ildə xitam verilmişdir. Yəni, guya iddiaçı əmək intizamını pozaraq, üzrsüz səbəbdən işə gəlmədiyi gündən 2 ay 6 gün sonra ona intizam tənbehi tətbiq edilib.
Möhtərəm hakim!
Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən,  “İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir”.
İddiaçı T.Hüseynovadan heç bir izahat alınmamış, bu barədə ona heç müraciət də edilməmişdir. T.Hüseynovanın tələb edilən izahatı verməkdən imtina etməsi barədə cavabdehin nümayəndəsinin Sizə təqdim etdiyi həmkarlar təşkilatının 04 dekabr 2010-cu il tarixli 98 saylı protokolundan “Çıxarış”da göstərilənlər isə tamamilə uydurmadır. Çünki hər-hansı bir dərs hissə müdiri T.Ə.Hüseynovadan işə gəlməməsinin səbəbləri barədə izahat tələb etməmişdir və edə də bilməzdi. Ona görə ki, belə bir hal qətiyyən baş verməmişdir.
Qədim Çinlilər demişkən: “Qaranlıq  otaqda qara pişiyi tutmaq çox çətindir”. Cavabdeh S.Əliyeva isə, “Qaranlıq otaqda olmayan qara pişiyi tutmağa” cəhd etmiş və bununla da özünü, həm bir məktəb direktoru, həm də bir insan kimi, ifşa etmişdir.
Möhtərəm hakim!
Əmək Məcəlləsinin 188-ci maddəsinin 1-ci bəndinə əsasən, İntizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər”.
Bu maddənin məzmunundan  göründüyü kimi, “intizam tənbehini yalnız işə götürən verə bilər”. İddiaçı T.Ə.Hüseynovaya intizam tənbehini cavabdeh – 1 saylı orta məktəbin direktoru S.Əliyeva veribsə, deməli, işə götürən də odur.
Onda,  təbii olaraq bir sual doğur:  həmkarlar təşkilatının 04 dekabr 2010-cu il tarixli protokolundan “Çıxarış”da göstərilən “müəlliməyə sənədlərini qanuniləşdirmək tapşırılmışdır” fikri nə məqsədlə yazılmışdır və nəyi ifadə edir?
 Məncə, bu sözlər məhz hicablı olduğuna görə T.Ə.Hüseynovanın işdən azad edilməsi üçün əsassız bəhanə kimi göstərilmişdir.
O ki qaldı, cavabdeh Sevinc Əliyevanın özündən əvvəlki məktəb direktorunun hərəkətlərini təftiş etməsinə, bu onların öz şəxsi problemləridir və buna görə, yəni keçmiş məktəb direktorunun öz vəzifəsini layiqincə yerinə yetirib-yetirməməsi, işə qəbul edilən müəllimlər üçün məsuliyyət yarada bilməz.
Möhtərəm hakim!
Bir neçə kəlmə də cavabdeh Əliyeva Sevinc İnqilab qızının Sizə təqdim etdiyi “Etiraz” barədə bildirmək istəyirəm.
Nümayəndəsi vasitəsilə və şəxsən özünün məhkəməyə təqdim etdiyi sənədlərlə məhkəməyə hörmətsizlik edərək, iddiaya qarşı  saxta sübutlarla əsassız  yerə müdafiə olunmağa çalışan Əliyeva Sevinc İnqilab qızı, sadəcə olaraq, şərləmə və böhtan atmaq yolunu tutmuş, etirazında göstərmişdir ki, guya, “Tünzalə Hüseynova ondan kömək istəmiş, əvəzində də ona “hörmət” edəcəyini bildirmişdir. O isə, kəskin reaksiya bildirərək, qeyri-qanuni işlərlə məşğul olmadığını və onun edəcəyi “hörmətə” ehtiyacı olmadığını bildirmişdir”.
Möhtərəm hakim!
Belə əxlaq sahibi bir adamın gənc nəslin tərbiyəsi ilə məşğul ola bilib-bilməməsi probleminin həllini cənab Misir Mərdanovun vicdanına buraxıram.
Nəzərinizə çatdırmağı özümə borc bilirəm ki, iddiaçı Tünzalə Hüseynova çox kasıb bir ailədə doğulmuş və indi də kasıb bir ailənin xanımıdır. Aldığı əmək haqqı cəmi 55 manat olub. Uğrunda mübarizə apardığı gələcək əmək haqqının məbləği də elə 55 manatdır. Başqa sözlə, Əliyeva Sevinc İnqilab qızının iddia etdiyi kimi, iddiaçının ona “hörmət” etmək imkanı yoxdur, heç belə bir fikri olmayıb və bundan sonra da olmayacaq. Sevinc Əliyevanın özü kimi haqsız adamlar kimlərəsə  “hörmət” təklif edə bilərlər.
Sevinc Əliyevanın,  “kəskin reaksiya bildirməsi” və “qeyri-qanuni işlərlə məşğul olmadığı” barədə etirazında yazdıqları isə, şirin nağıllardan başqa bir şey deyil.  Bir məmurun dilindən təmizlik, düzlük və "hörmət"qəbul etməmə barədə çıxan sözlər, təbii ki,  adama xoş gəlir, qulaq oxşayır. Atalar demişkən: "avazın yaxşı gəlir, oxuduğun Quran olsa.."
 Məktəblilərə, qanunsuz olaraq, keyfiyyətsiz məktəbli forması “sırımağa” cəhd etməsi barədə “ANS” TV-də 2010-cu ilin oktyabr-noyabr aylarında getmiş verilişlər silsiləsi S.Əliyevanın məhz qeyri-qanuni işlərlə məşğul olmasının bir sübutudur. Həmin verilişlərdə səsləndirilən məlumatlara  bu günədək təkzib verilməyib.
Möhtərəm hakim!
Əliyeva Sevinc İnqilab qızının qeyri-qanuni işlərlə məşğul olmasının ikinci əyani bir sübutu icraatınızda olan indiki mülki işdir.
Yuxarıda şərh etdiyim və Əliyeva Sevinc İnqilab qızının şəxsən özü və nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdəki ziddiyyətlər, eləcə də, yenə də yuxarıda qeyd etdiyim maddi hüquq normalarının kobud şəkildə pozulması, cavabdehin qeyri-qanuni işlərlə məşğul olmasının mötəbər bir sübutudur və onun saxta sənədlər vasitəsilə məhkəməni həqiqətdən azdırmağa cəhd etməsi isə, heç bir tənqidə tab gətirməyəcək kobud bir qanun pozuntusudur və bu hərəkətlərin zərif cinsin nümayəndəsi olan və gənc nəslin tərbiyəsi ilə məşğul olmaq missiyasını daşıyan bir adam tərəfindən törədilməsi isə, Azərbaycanın təhsilinə və Azərbaycan qadınının adına ləkədən başqa bir şey deyil.
İnanıram ki, bu barədə hörmətli Təhsil Nazirimiz Misir Mərdanov cənablarını düşündürmək üçün xüsusi qərardad qəbul edilməsinə çox böyük ehtiyac var.
Cavabdeh “etiraz”ında bildirir ki, “dəfələrlə iddiaçı ilə əlaqə saxlamağa çalışsalar da, onun hansı səbəbdən işə gəlməməsi barədə məlumat ala bilməmişdir. Yalnız iddia ərizəsi barədə Abşeron Rayon Məhkəməsi tərəfindən göndərilmiş bildirişdən sonra iddiaçının üzrsüz səbəbdən işə gəlməməsi ona məlum olmuşdur”.
Möhtərəm hakim!
Məhkəmə qarşısında bu qədər ağ yalan danışmağı bacaran bir qadının nə qədər qorxulu bir şəxsiyyət olduğunu anlamaq çox da çətin deyil. Ümid edirəm ki, hörmətli Misir Mərdanov da tezliklə bunu anlayacaqdır. Məhz bunu Təhsil Nazirliyinə çatdırmaq üçün də biz nazirliyin üçüncü çəxs kimi məhkəməyə cəlb edilməsini xahiş etmişdik. Çox təəssüf ki, təhsil nazirliyinin rəhbərliyi məhkəmənin çağırışına hörmətsizlik,  öz vəzifələrinə isə laqeydlik göstərərək burada iştirak etmir.
Cavabdehin nümayəndəsinin Sizə təqdim etdiyi 02 oktyabr 2010-cu il tarixli “Təqdimat” məhz cavabdeh S.Əliyevaya şəxsən təqdim edilib və həmin təqdimatda göstərilib ki, guya “iddiaçı T.Ə.Hüseynova işə normal gəlməməsinin səbəbini “yolunun uzaq və uşaqlarının körpə olduğu” ilə izah etmişdir.”
Yenə də həmin “Təqdimat”da  iddiaçı ilə cavabdehin arasında yaranmış mübahisənin məhz hicabla bağlı olduğu göstərilib.
 Deməli, cavabdeh Əliyeva Sevinc İnqilab qızı, sadəcə olaraq, öz etirazında yalan danışır. Onun məhkəməni aldatmağa cəhd etməsi onunla bir daha sübut edilir ki, mənim 15 dekabr 2010-cu il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsinə verdiyim: “Cavabdeh hansı üsullarla və hansı vaxtlarda iddiaçı ilə əlaqə saxlamağa cəhd edib” sualıma, o: “Bilmirəm”—deyə,  cavab verdi. Onun bunu bilməsi mümkün də deyil. Çünki qaranlıq otaqda axtarılan qara pişik, ümumiyyətlə,  orada yoxdur”.
    Sual olunur: “Məhkəmənin 01 dekabr 2010-cu il tarixli  hazırlıq  iclasından dərhal sonra xeyli saxta sübut hazırlayan və 11 dekabr 2010-cu ildə iddiaçının anasının yaşadığı ünvanı taparaq möhürsüz və imzasız, eləcə də, savadsız yazılan 35 saylı əmri iddiaçının anasına çatdıran cavabdeh Əliyeva Sevinc İnqilab qızı, görəsən nəyə görə iddiaçının işə çıxmamasının səbəblərini araşdırmaq üçün, “öz elçilərini” həmin qapıya göndərməmişdir?”
Digər tərəfdən də, Abşeron Rayon Məhkəməsi tərəfindən göndərilmiş bildiriş noyabrın sonlarında cavabdehə təqdim olunub. Görəsən, 08 dekabr 2010-cu ilədək, yəni 35 saylı əmri verənədək cavabdeh S.Əliyeva nə barədə düşünürmüş?
Təbii ki, bu müddət ona saxta sübutlar təşkil etmək üçün lazım idi.
Möhtərəm hakim!
Əliyeva Sevinc İnqilab qızı bir müəllimə və bir qadına yaraşmayacaq dərəcədə
--- yalan danışır,
---  məhkəməyə hörmətsizlik edir və
---  iddiaçı Hüseynova Tünzalə Əli qızına ağır cinayətdə böhtan atır.
Şəxsən mən, iddiaçının rəsmi nümayəndəsi və dayısı kimi, 18-20 noyabr 2010-cu il tarixlərində hər gün 2 dəfə S.İ.Əliyeva ilə görüşüb problemin mahiyyətini öyrənməyə çalışmışam. Səhər gedəndə, qapıda qoyduğu polislər vasitəsilə “axşam gəlməyimi” bildirib, saat 15:00-dan sonra getdikdə isə, yenə də polislər vasitəsilə müxtəlif bəhanələr gətirərək, mənimlə görüşməkdən yayınıb. Əlbəttə, biz rüşvət verməyə cəhdə görə T.Hüseynovaya atdığı böhtan üçün, S.Əliyevaya qarşı xüsusi ittiham qaydasında iş qaldıracağıq.
Ancaq:
--savadsız olduğuna (bu onun yazdığı yazılarda buraxdığı səhvlərdən görünür),
-- saxta sübutlar düzəltdiyinə,
-- başqa müəllimələri də öz çirkin əməllərinə alət etdiyinə,
-- məhkəməyə hörmətsizlik edərək, məhkəməni aldatmağa cəhd etdiyinə,
-- məşğul olduğu sahənin qanun və qaydalarını bilmədiyinə,
-- yaxud da, bilə-bilə və qəsdlə həmin qanun və qaydaları pozduğuna  və
-- Hüseynova Tünzalə Əli qızına “rüşvət verməyə cəhd” cinayətinə görə böhtan atdığına,
-- bir sözlə, müəllim adına yaraşmayan həmin hərəkətləri etdiyinə görə, 
 MPM-nin 265-ci maddəsinə əsasən, cavabdeh--- Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Əliyeva Sevinc İnqilab qızının haqqında xüsusi qərardad qəbul edərək, prokurorluq orqanlarına və Təhsil Nazirliyinə göndərməyinizi xahiş edirəm.
Möhtərəm hakim!
Vaxtınızı aldığıma görə üzr istəyir, cavabdehin etirazındakı bir məntiqsizliyə də fikrimi bildirmək istəyirəm.
Cavabdeh yazır: “Hüseynova Tünzalə Əli qızı mənimlə söhbət edərkən, özünün qeyri-qanuni yolla əmək müqaviləsinin bağlandığından xəbəri var idi. Belə ki, iddiaçının rəsmi müraciətinə cavab olaraq, Abşeron Rayon Təhsil Şöbəsinin ünvanladığı məktubunda, onun 15 sentyabr 2009-cu ildən işə qəbul edilərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 mart 2008-ci il tarixli 299 N-li əmrinə riayət edilməməsi və müvafiq orqanın razılıq məktubu alınmaması səbəbindən, müvafiq əmrin qeyri-qanuni hesab edilməsi göstərilmişdir.
Buradan məlum olur ki, iddia ərizəsində göstərilən səbəblər, iddiaçının əvvəlcədən özünü sığortalamaq məqsədi daşıyır və iftiradır”.
Möhtərəm hakim!
Cavabdehin savadsızlığı və böhtançı olması onun özünün bu fikirləri ilə bir daha sübut edilir.
Belə ki, 07 yanvar 2010-cu ildə məktəb direktoru təyin edildikdən 5-6 gün sonra, S.Əliyeva iddiaçı T.Hüseynovanı iş otağına dəvət edərək, işə qəbul edilməsi üçün keçmiş direktora nə qədər pul verdiyini soruşmuş və onu dərsə buraxmayacağı ilə hədələmişdir. Bu söhbət, demək olar ki, hər gün təkrarlanmış və məcburiyyət qarşısında qalan T.Hüseynova 29 sentyabr 2010-cu il tarixli ərizə ilə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri N.Ağayevə müraciət etmişdir. Yalnız, sonuncunun 04 oktyabr 2010-cu il tarixli cavab məktubu ilə iddiaçıya məlum olmuşdur ki, Təhsil Nazirliyinin 03 mart 2008-ci il tarixli 299 N-li bir əmri var və keçmiş direktor tərəfindən, həmin əmrin tələbləri pozulubmuş.
Təbii ki, özünü bu pozuntuda (belə bir pozuntu həqiqətən olmuşsa da) təqsirli bilməyən T.Hüseynova dərslərini deməkdə davam etmiş, yalnız 14 oktyabr 2010-cu ildə cavabdehin kobud fiziki təzyiqləri ilə məktəbdən birdəfəlik kənarlaşdırılmışdır.
MPM-nin 77.1-ci maddəsinə əsasən, “hər bir tərəf gətirdiyi dəlilləri sübut etmək vəzifəsi daşıyır.</span>”  İddiaçının iddia ərizəsində göstərdiklərini sübut edən rəsmi sənəd və digər sübutları biz Sizə təqdim etmişik. Cavabdeh və onun nümayəndəsi tərəfindən isə hələ ki heç bir sübut növü məhkəməyə təqdim edilməyib.
Möhtərəm hakim!
Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VIII hissəsinə əsasən, “Heç kəs dərc edilməmiş normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və <span>belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz”.
Təhsil Nəzirliyinin, haqqında söhbət gedən 03 mart 2008-ci il tarixli 299 N-li əmri hansı dövlət qəzetində, mərkəzi mətbuat orqanında çap edilib və ya digər formada yayılıb?
İddiaçıya məlum olmayan əmri icra etməməyə görə, o, məsuliyyət daşıya bilərmi?
Ən əsası isə, həmin əmrdə işə götürülən şəxslərin hansı vəzifələri nəzərdə tutulub ki, bu vəzifələri də icra etmədiyinə görə, iddiaçı T.Hüseynova işsiz qalıb və məhkəmə zallarında əsassız yerə vaxt itirməyə məhkum edilib? Nəhayət ...
Möhtərəm hakim!
Özünə qarşı baş vermiş bu haqsızlıqlardan dolayı və dininə, inancına və hicabına cavabdeh tərəfindən göstərilən ikrahlı münasibət, eləcə də iştirakçısı olduğumuz bu təqib kompaniyası, T.Ə.Hüseynovanın dərin əsəb sarsıntısı keçirməsinə səbəb olmuş və o, bu məhkəmə binasının 150 metrliyində yerləşən Abşeron Rayon Poliklinikasına müraciət etməyə və müalicə almağa məcbur olmuşdur.
Möhtərəm hakim!
Çoxlarına kənardan əhəmiyyətsiz və kiçik iş kimi görünə biləcək indiki mübahisəyə bu qədər vaxt sərf etməyim və izahatımla bunca qiymətli vaxtınızı almağım səbəbsiz deyil.
Son vaxtlar, Respublikamızda hansısa məkrli qüvvələr tərəfindən növbəti qarşıdurma ocağı yaradılır və millətimiz
--- vətəndaş müharibəsinə,
---  terrora və
---  qan dəryasına doğru sürüklənir.
 Hicablı qızlarımız orta məktəblərə buraxılmır. Türkiyə Cumhuriyyətinin 70 il bundan öncə buraxdığı səhvi biz XXI əsrin başlanğıcında təkrar etmək istəyirik. 10 yaşınadək qızlarla bağlı bu məsələni, bəlkə də, başa düşmək mümkündür. Ancaq Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, “I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz”.
Bu maddənin II hissəsində göstərilən hər kəsin istədiyi dinə etiqad etmək hüququ  eyni zamanda:
--- həmin dinin tələblərinə uyğun yaşamaq,
--- geyinmək və ...
--- ölmək hüququnu da özündə ehtiva edir.
Hicab da etiqad etdiyimiz İslam dininin qadınlarımızın geyimi ilə bağlı irəli sürdüyü bir tələbdir (“Ən-Nur” Surəsi) və heç kəs hicaba bürünməyə məcbur edilə bilmədiyi kimi (çünki İslamda zor yoxdur), heç kəsi də hicabdan  məhrum etmək olmaz.
İnsanın iki hissi olduqca həssasdır və istər dövlət, istərsə də, şəxslər bu hisslərlə ehtiyatlı davranmaq zorundadırlar. Bu, bütün insanlara məxsus olan milli və dini hisslərdir və hər ikisinə qarşılıqlı olaraq hörmət etmək hamının borcudur.
Bir erməni erməni olduğu ilə, bir ingilis ingilis olduğu ilə və bir fransız fransız olduğu ilə, eləcə də, xristianlar xristian olduqları ilə nə qədər fəxr edirlərsə, bir türk türk olduğu ilə, bir kürd kürd olduğu ilə və bir talış talış olduğu ilə, eləcə də, bir müsəlman müsəlman olduğu ilə bir o qədər fəxr etməyə haqlıdırlar.
Azərbaycan xristian dövləti olmuş olsaydı, bu dövlətdə müsəlman qadınların hicab daşımaları, onların təbii haqları kimi, dövlət tərəfindən qorunmalı idi.
Möhtərəm hakim!
Bu qədər vaxtınızı aldığıma görə, Sizdən bir daha üzr istəyir və cavabdehdən soruşmaq istəyirəm:
 Hüseynova Tünzalə Əli qızı ilə bağlanmış əmək müqaviləsinə niyə xitam verilib:
1.  Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görəmi (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi)?
2. Üzrlü səbəb olmadan, bütün iş günü işə gəlməməsinə görəmi (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi)?
3. Onunla əmək müqaviləsi bağlanarkən, Təhsil Nazirliyinin, ona məlum olmayan 03 mart 2008-ci il tarixli 299 N-li əmrinin tələbləri pozulduğuna görəmi?
4. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə uyğun olaraq islam dininə etiqad etdiyinə və hicablı olduğuna görəmi?

Möhtərəm hakim!

Bu suallara cavab tapmaq üçün, indiki mübahisəni tam, obyektiv və hərtərəfli araşdıracağınıza inanır və uca məqamınıza inam, hörmət və ehtiramımı bildirərək, izahatımı tamamlayıram.
Diqqətinizə görə minnətdaram.

20 dekabr 2010-cu il

                       İmza:                                            / Q.C.Məmmədov /

1 yorum: