yoruldunuzsa, dincəlin bir az

   Dur, burası məzar deyil

Dizini qarnına yığıb
öz içində ölən insan,
Dur, burası məzar deyil.
Ölmək istəyirsən adam kimi  öl,
Ölüm sənin üçün
insanın ucuzlaşdığı bazar deyil.


Bazar deyil burası,
Matahları baha satıb
ucuz alasan,
Müştərisi Allah olan ölümü
fırlayıb gözdən salasan.
Uca tut ölümü,
Ölüm haqqın sorağı.
Ölümdür şərəflə yaşanan həyatın
şölə saçan çırağı.
Daş kimi sallanma
sənə ağlayacaqlar deyə,
ölümün gül yaxasından.
Ölüm odur ki,
həsrətlə boylansınlar arxasından.
At da, it də öləcək,
Atın at, itin it kimi ölməsi gərək,
Hərə bir cür öləcək.
Yaşamırsa adam kimi,
Adamın çatlayıb,
it  kimi ölməsi gərək.
Bir daş altdan, bir daş üstdən
Qaldın iki daş arasında
sıxıla-sıxıla.
Özün çuval içində,
Dünyanın çuval yükü
sənin çiynində,
Nə üzlə gedirsən indi
ölümün üzünə
yıxıla-yıxıla.
Başı var, ayağı var,
Dünyanın binadan dağılmayan
dayağı var.
Nə düşünən baş,
Nə kimsəyə dayaq oldun.
Diriliyə sahib durmadın,
Gözəlim ölümə yamaq oldun.
Qabığından çıx,
İlan tək süründüyün həyatın.
Gör ki, insan kimi yaşamaq nədir,
Yaşaması da kişi kimi,
Ölməsi də kişi kimi,
Bil, insanın öz əlindədir.

Nurəddin 20.06.2010
________________________________________________________________________________
---------------------------------------------------------------------------------------------------------

Adam, gedək dünyanın o üzünə

Bu üzündə abır-həya qoymadıq,
Adam, gedək dünyanın o üzünə.
Demə ki, doyduq, ya doymadıq,
Adam, gedək dünyanın o üzünə.

Neynirsən dumanlı, qarlı dağını,
Çəkdirir sinəmizə hicran dağını,
Çoxdan itirmişik solunu, sağını,
Adam, gedək dünyanın o üzünə.

Dəmini çəkdin, qəminə sahib ol,
Gedir karvanın, gəminə sahib ol,
Allah deyilsən, ölümünə sahib ol,
Adam, gedək dünyanın o üzünə.

Toxunuşdur, ilmə-ilmə toxunub,
Yanağına çox yanaqlar toxunub,    
Fərmanın verilib, hökm oxunub,
Adam, gedək dünyanın o üzünə.

Yuvasını dağıtdığın quşlara bax,
Gözlərdən axıtdığın yaşlara bax,
Xarabatdır, dön, bayquşlara bax,
Adam, gedək dünyanın o üzünə,

Çıxart bədəndən, ruha nicat ver,
Tanrı qismətidir, onu ucalt, ver,
Aşiqə nə eybi, canı yüz qat ver,
Adam, gedək dünyanın o üzünə.

Qalmayıb bazarında baha gözəl,
Yollardır gedilən, sabaha gözəl,
Allaha verdiyin can  daha gözəl,
Adam, gedək dünyanın ö üzünə.

Nurəddin İsmayıl 24.12.2010