Əzizbəyov rayon məhkəməsində (sədrlik edən C.Qədimov)
Ç I X I Ş
Möhtərəm hakim, təssüüf ki, üç aylıq prosessual müddətin keçməsini bəhanə edərək, bu işi hərtərəfli araşdırmaqdan yayındınız. Qanunverici həmin üç aylıq müddəti müəyyən edərkən, işlərə ağlabatan müddətdə baxılmasını və bunun üçün də hakimləri müəyyən intizam çərçivəsinə salmağı nəzərdə tutur.
Ədalət mühakiməsinin əsas məqsədi formal olaraq prosessual müddətlərə əməl edilməsi yox, mübahisələrin obyektiv və qanuni həll edilməsidir. Bu günədək Azərbaycanda heç bir hakim sizin istinad etdiyiniz prosessual müddətin pozulmasına görə cəzalandırılmayıb. Qanunsuz qətnamələrə görə isə...
Mən çox danışıb vaxtınızı almayacağam. Bəzi məsələlərə isə, münasibət bildirilməsi zəruridir.
1. İddia müddəti barədə.
Cavabdeh keçmiş MM-nin 73-cü maddəsinə istinad edərək, iddiaçının iddia müddətini ötürdüyünə görə iddianın rədd edilməsini xahiş edir. Nəzərinizə çatdırıram ki, keçmiş Mülki Məcəllənin 78-ci maddəsinə əsasən, ”iddia hüququ--şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir”. İndiki MM-yə əsasən də bu belədir.
Həmin bağ sahəsi 1958-ci ildə iddiaçının özü tərəfindən, cavabdehin xalasına və anasına tapşırılmışdı. Yəni həmin vaxtan 2008-ci ilin mayınadək tərəflər arasında heç bir mübahisə olmamış, iddiaçı həmin bağ sahəsinə dair hüququnun pozulduğunu 2008-ci ilin may ayında bilmişdi. Məhz həmin vaxt iddiaçı cavabdeh Mikayl İbrahimova bağı boşaltmasını təklif etmiş, imtina cavabı aldıqdan sonra hüququnun pozulduğunu bilmiş və məhkəməyə müraciət etmişdir.”
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 11 may 2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 13 aprel 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiyanın 25-ci maddəsinin 1-ci hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Eyni münasibət və vəziyyətlərdə hər kəsin hüquq və vəzifələrinin bərabərliyinə təminat verən bu Konstitusiya norması baxımından əvvəlki MM-nın 85-ci maddəsinin 3-cü bəndi xüsusi mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən qaytarılması tələblərinə də şamil olunmalıdır.”
Əvvəlki MM-nin 85-ci maddəsinin 3-cü bəndinə əsasən, “kolxozların və kooperativ və s. ictimai təşkilatların və ya vətəndaşların qanunsuz olaraq yiyələndikləri dövlət əmlakının qaytarılması haqqında dövlət təşkilatlarının tələblərinə iddai müddəti aid edilmir”.
Konstitusiya Məhkəməsi, qeyd etdiyim bu qərarı ilə, həmin maddədə nəzərdə tutulan qaydanı xüsusi mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən qaytarılması tələblərinə də şamil etmişdir və ona görə də cavabdehlərin iddia müddəti ilə bağlı mövqeləri qanuni hesab edilə bilməz.
Deyə bilərsiniz ki, mübahisəli bağ sahəsi iddiaçının xususi mülkiyəti kimi qeydə alınmadığından konstitusya məhkəməsinin bu qərarı indiki halda tədbiq edilə bilməz.
Nəzərinizə çatdırıram ki, Avropa İnsan hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” (19853/03 saylı ərizə üzrə) 27 sentyabr 2007-ci il tarixli Məhkəmə qərarının 39-41-ci bəndlərində göstərilib: “Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər.
Bu işdə Məhkəmə qeyd edir ki, 1993-cü ildə ərizəçi sözügedən məzilə yaşayış orderi almışdı. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” deyilən müqavilə bağlanmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi.
Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tədbiq dairəsinə düşən “mülkiyyət” hesab etmək üçün kifayət qədər əsaslar var. ”
Avropa Məhkəməsinin də bu mövqeyinə görə, iddiaçı Q.Bağırova mübahisəli bağ sahəsinin qanuni sahibi və istifadəçisi olduğu üçün, deməli , həm də bağ sahəsinin potensial mülkiyətçisidir və MM-nin 157.8-ci maddəsinə asasən, “ Mülkiyətçi hüquqları, mülkiyətçi olmasa da bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. ”
3. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunun 9-cu maddəsinə əsasən, həmin bağ sahəsi əvəzsiz olaraq iddiaçı Q.BağIrovanin mülkiyətinə verilmişdir və o. bu hüququnu istədiyi vaxt dövlət qeydiyyatına aldıracaqdır.
4. Sizə təqdim etdiyim arxiv arayışları, iddiaçının anası Z.G.Soltanovanın vəsiyyətnaməsi və şahid ifadələri ilə, biz MPM-nin 77.1 maddəsində nəzərdə tutulan vəzifəmizi yerinə yetirmiş, sübut etmişik ki, mübahisəli bağ sahəsi istər Çar Russiyası vaxtında, istərsə də Sovet dövründə iddiaçının atası M.Soltanovun qanuni istifadəsində olmuş və həmin bağ sahəsindəki ev iddiaçının atası tərəfindən tikilmişdir. Bu fakt dolayısi ilə iddiaçıların özü tərəfindən də etiraf edilmişdir. Onlar izahatlarında göstərdilər ki, həmin bağdakı ev onların babası tərəfindən tikilməyib və kim tərəfindən tikildiyini də bilmirlər.
Yaşlı nəslin nümayəndələri olan şahidlərdən Q.Qasımov və Şəfiqə Əhməd qızı həmin bağ evinin şəxsən Mövlaəli tərəfindən tikildiyini təsdiqlədilər.
5. Xahiş edirəm müşavirə otaqında cavabdehin dəvət etdikləri şahidlərin izahatlarına tənqidi yanaşasınız. 1953 və 1955-ci ildə anadan olmuş həmin şahidlər izahatları yaşlarından əvvəl baş verən hadisələrlə bağlı möhtəvər sübut kimi qəbul edilə bilməz.
6. Nəhayət, bir məsələni xüsusi vurğulamaq istəyirəm. İstər məhkəmə iclasına sədrlik edən, istərsə də cavabdehin nümayəndəsi iddiaçı Q.Bağırovadan mübahisəli bağ sahəsinə dair plan, çertyoj və ya cizgi istədilər. Bu məsələdə tərəflər eyni vəziyyətdədilər. Cavabdehlərdə də heç bir plan, cizgi və ya xəritə yoxdur. Ancaq, ortada bir təkzibedilməz bir hal var. O da budur: DƏDRX-in Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi, qanuniliyi cavabdehlər tərəfindən mübahisələndirilməyən, əksinə imzaları iddiaçıların babası İsrafil İbrahimovun qızı Tahirə xanım tərəfindən tanınan sənədlərlə sübut edilir ki, 16 mart 1948-ci ildə ( diqqət edin: cavabdehlərin dedikləri kimi 1946-cı ildə yox, ) Qoqiyevə məxsus 1242 saylı bağı icarəyə götürmək üçün, İ.İbrahimov o vaxtkı Baksovetin torpaq şöbəsinə ərizə verib və həmin gün də 1242 saylı bağa dair icarə müqaviləsi imzalanıb. Çox-çox sonralar isə, 882 saylı bağın nömrəsinə 1171 rəqəmi əlavə edilməklə yeni müqavilələr peydə olub. Həmin sənədlərlə o da sübut edilir ki, 882 saylı bağa dair müqavilə 1948-ci ilin iyun ayında bağlanıb. Yəni birinci müqavilədən 3 ay sonra.
Möhtərəm hakim, həmin bağların inventarlaşdırma kartları ilə müəyyən edilir ki, 1242 saylı bağın sahəsi 74 sot, 882 saylı bağın sahəsi isə, 45 sotdur. Həmin bağlardakı ağac və bitkilərin tərkibi də fərqlidir.
Çox-çox üzr istəyirəm. Biz 74 və 45 rəqəmlərini bir-birindən ayıra bilməyəcək, ənciri heyvadan fərqləndirə bilməyəcək qədər savadsız olmalıyıq və nadan olmalıyıq ki, həmin bağların eyni olduğunu iddia edək. Elə ona görə də, DƏDRX-in nümayəndəsi Ş.Kərimov sədrlik edənin israrlı suallarına birmənalı cavab verdi: “ Xeyr, mən bu bağların üst-üstə düşdüyünü deyə bilmərəm.”
Çıxışımı yekunlaşdırır və sizdən Qəmər Bağırovanın iddiasını tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirəm. Ancaq çox təəssüf ki, DƏDRX-in nümayəndəsi Ş.Kərimovun məhkəməyə xatırlatdığı, 1948-ci ilə aid xəritələri Bakı şəhər İcra Hakimiyətindən tələb etməməklə işi hərtərəfli, tam və obyektiv araşdırmaqdan yayındınız.
Bu isə Sizin qəbul edəcəyiniz qərarın necə olacağı barədə əvvəlcədən xəbər verir.
Çox təəssüf!
Bizi səbrlə dinlədiyinizə görə, Sizə və proses iştirakçılarına təşəkkür edirəm.
19 noyabr 2008-ci il
Hiç yorum yok:
Yorum Gönder