Azərbaycan vəkilliyinin qəbirqazanı : Azər Tağıyev
I Məqalə
Əvvəllər də dəfələrlə qeyd etdiyim kimi, Azərbaycan vəkilliyinin indiki acınacaqlı duruma salınmasının səbəbkarı Azər Tağıyevdir. Hüquqşünas olmayan vətəndaşlarımız üçün qeyd edim ki, vəkillik və vəkil qurumları hakimiyyətin heç bir qolundan- nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyətindən heç bir formada; nə maddi, nə də inzibati asılılığı olmadan fəaliyyət göstərən, öz-özünü maliyyələşdirən, özünüidarəçiliyə əsaslanan konstitusiyon bir təsisatdır. Bütün inkişaf etmiş ölkələrdə vəkil peşəsi ən qiymətli peşələrdən biri sayılır və vəkilliklə məşğul olanlar cəmiyyətin ən hörmətli və maddi baxımdan imkanlı zümrəsinə daxildir. Hakimiyyətin hər hansı qolundan asılı olmadığı üçün, deməli, buna görə də hakimiyyət tərəfindən heç bir qanunsuz təsirə məruz qoyulmaq imkanı olmadığına görə vəkillik, mətbuat kimi, hakimiyyətin qeyri-rəsmi bir qolu hesab edilə bilər. Əksinə, vəkillik məhkəmə hakimiyyətinə, eləcə də icra hakimiyyətinə təsir etmək imkanlarına malikdir.
Çünki istər istintaq, istərsə də məhkəmə orqanlarının işi qismən də olsa vəkillərdən asılıdır. Bu baxımdan, cəmiyyətdəki qanunsuzluqların qarşısının alınmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində vəkilliyin müstəsna rolu var. Ancaq bizdə tam əksinədir. Vəkillik «arabanın beşinci yox, heç on beşinci təkəri» kimi də qəbul edilmir. Çünki ölkədə total bir qanunsuzluq hökm sürür, insan hüquqları hər addımda tapdalanır və müstəqil məhkəmə anlayışı hələ də əlçatmaz arzu olaraq kağız üzərində qalmaqdadır. Ancaq bütün bunlardan başqa, vəkilliyin indiki ürək ağrıdan durumu həm də onun özündən qaynaqlanır.
Çünki istər istintaq, istərsə də məhkəmə orqanlarının işi qismən də olsa vəkillərdən asılıdır. Bu baxımdan, cəmiyyətdəki qanunsuzluqların qarşısının alınmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində vəkilliyin müstəsna rolu var. Ancaq bizdə tam əksinədir. Vəkillik «arabanın beşinci yox, heç on beşinci təkəri» kimi də qəbul edilmir. Çünki ölkədə total bir qanunsuzluq hökm sürür, insan hüquqları hər addımda tapdalanır və müstəqil məhkəmə anlayışı hələ də əlçatmaz arzu olaraq kağız üzərində qalmaqdadır. Ancaq bütün bunlardan başqa, vəkilliyin indiki ürək ağrıdan durumu həm də onun özündən qaynaqlanır.
Azərbaycanda vəkilliyin, mədəni ölkələrdə olduğu kimi, şərəfli bir mövqedə dura bilməməsinin ilkin səbəblərindən biri bu sahədə olan mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına və sağlam məntiqə zidd olmasındadır. Qanunvericilik sahəsindəki nöqsanlar vəkilliklə bağlı qanunun qəbul edilməsində də öz «bəhrə»sini vermişdir. Azərbaycan parlamenti əsasən qeyri-peşəkarlardan təşkil edildiyi üçün (saxta seçkilərlə formalaşan qurumdan başqasını da gözləmək sadəlövhlük olar) qanunlar parlamentdə yox, tamam başqa yerlərdə yazılır. Parlament isə kənar iradə və maraqların, sadəcə olaraq, təsdiqi ilə məşğuldur.
Qanunvericilik sahəsində belə eybəcər bir təcrübə mövcuddur ki, qanunların hazırlanması, bir qayda olaraq, həmin qanunun tətbiq ediləcəyi sahənin rəhbərliyinə tapşırılır. Bu rəhbərlər isə təbii ki, qanunu ilk növbədə öz şəxsi maraqlarına uyğunlaşdırmağa çalışırlar.
«Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanunu da bu eybəcərlikdən azad deyil. Qanunu şəxsən «Azər Tağıyev və komandası hazırlayıb. Hüquqşünaslar bu Qanunu öz aralarında «Vəkillər Kollegiyası haqqında» Qanun da adlandırırlar. Azər Tağıyevə elə gəlir ki, o əbədi yaşayacaq. Vəkilbaşı olmaqdan başqa da özünü və ailəsini dolandırmaq üçün qeyri bir qabiliyyətə malik olmadığından qanunu sırf öz maraqlarına uyğunlaşdırıb.
Bu Qanun hazırlanarkən Azər Tağıyev tərəfindən bir neçə məqsəd güdülüb:
1. Vəkillər Kollegiyasına rəhbərliyi əldə saxlamaq;
2. Şəxsi məqsədlərinə çatmaq üçün lazımi səlahiyyətləri ələ keçirmək;
3. Arzuolunmaz şəxsləri uzaqlaşdırmaq və ya kollegiyaya buraxmamaq imkanları qazanmaq;
4. İstənilən vəkilə inzibati qaydada təzyiqlər göstərməklə yuxarılara yarınmaq imkanını əldə saxlamaq;
5. Bir sözlə, Azərbaycan Vəkillər Kollegiyasını canı ağzından çıxanadək şəxsi monopoliyasında saxlamağı təmin etmək.
Bu məqsədlərinə çatmaq üçün Azər Tağıyev qanunu qanun kimi yox, şəxsi bostanı haqqında əsasnamə kimi hazırlayıb. Bizim hörmətli deputatlarımız da MSK üzvü kimi rejimə göstərdiyi qulluqdan dolayı Azər Tağıyevin arzularına qarşılıq verərək, bu qanunu qəbul etmişlər.
Qanun ilkin variantında o qədər irticaçı, anti-humanist, sağlam məntiqə zidd və tənqidə dözümsüz idi ki, 2001-ci ildən başlayaraq 9 dəfə dəyişikliyə məruz qalıb. Hüquqşünaslar yaxşı bilirlər ki, qanunun keyfiyyəti və hazırlanma səviyyəsi ona edilən dəyişikliklərin azlığı ilə müəyyən edilir. Azər Tağıyev yuxarıda göstərdiyim məqsədlərinə nail olmaq üçün qanunu normal insan ağlına sığmayan və beynəlxalq sənədlərlə təsdiq edilmiş insan hüquq və azadlıqlarına zidd olan elə müddəalarla bəzəmişdir ki, Azərbaycanın mütərəqqi hüquqşünasları düz 8 ildir bu qanunu adam dilinə çevirmək uğrunda mübarizə aparırlar.
Hamıya bəllidir ki, Azərbaycan qanunlarının 99 faizi Rusiya Federasiyası qanunlarının çox pis tərcümə olunmuş variantının təsdiqindən başqa bir şey deyil. Nə qədər təəccüblü... olmasa da, istər mülki və cinayət prosessual məcəlləsi, istərsə də vəkillik haqqında qanun hazırlanarkən, Rusiya Parlamentinin qəbul etdiyi oxşar qanunlara bizimkilər tərəfindən əlavə edilmiş normalar, yuxarıda qeyd etdiyim kimi, xalqın və dövlətin yox, yalnız şəxsi adamların maraqlarına xidmət etməkdədir.
Məsələn, Rusiya Federasiyasının Mülki Prosessual Məcəlləsinin maddə-maddə tərcüməsindən ibarət olan bizim Mülki Prosessual Məcəllənin «işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları» adlı fəslinə əlavə edilən üç maddə: 66-68-ci maddələr vəkilliyə həsr edilibdir. Hər şeydə rusları təqlid edən Azərbaycan Parlamenti bu üç maddəni hansı məntiqlə Mülki Prosessual Məcəlləyə salıb, hələ də bilinmir. Mülki prosesdə vəkil nə tərəf, nə də digər iştirakçı kimi qiymətləndirilə bilməz. Çünki mülki prosesdə vəkil yalnız tərəflərdən birinin dəvəti ilə onun nümayəndəsi kimi iştirak edə bilər və tərəfin malik olduğu prosessual hüquq və vəzifələrdən başqa heç bir hüquq və vəzifəyə malik deyildir. Ona verilmiş hüquqların həcmi isə, məhz tərəfin istəyindən asılıdır. Cinayət-prosessual qanuvericiliyindən fərqli olaraq, dünyanın heç bir ölkəsinin mülki qanunvericiliyində «vəkilin mülki prosesdə məcburi iştirakı» adlı hüquqi institut və ya adi bir müddəa belə yoxdur və ola da bilməz. (Almaniyada tək bir istisna var: yaşayış yeri məlum olmayan cavabdehə vəkil-nümayəndə təyin edilir.) Çünki cinayət prosesindən fərqli olaraq mülki prosesdə tərəflər öz hüquq və azadlıqlarını həyata keçirməkdə tam sərbəst və bərabərdirlər. Ancaq Konstitusiya Məhkəməsinin də 11 iyun 2002-ci il tarixli qərarı ilə Konstitusiyaya uyğunluğu təsdiq edilən Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsində deyilir: «kassasiya və əlavə kassasiya şikayətləri, yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizələr, yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilə və yalnız vəkilin iştirakı ilə baxıla bilər».
Başqa sözlə; qanunverici, hüquqlarının müdafiə olunmasına ehtiyacı olan vətəndaşın üzərinə, bu maddədə göstərilən hallarda mütləq vəkillə müqavilə bağlamaq vəzifəsi qoyur. Onda bunun üçün kifayət qədər maddi vəsaiti olmayan vətəndaşlarımız nə etməlidir? Pulu olmayanın canımı çıxmalıdır?! Konstitusiya Məhkəməsinin qeyd etdiyim qərarından belə başa düşülür ki, aztəminatlı şəxlərin hüquqi yardım almaq hüququnun dövlət hesabına həyata keçirilməsi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir.
«Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 20-ci maddəsinin 1-ci bəndində göstərilir ki, «Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada, inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir».
Sonradan izah edəcəyimiz kimi çirkin şəxsi məqsədlər naminə real icra mexanizmi olmayan bu normanın reallıqla heç bir əlaqəsi yoxdur.
İnzibati Xətalar Məcəlləsinin 376, Cinayət Prosessual Məcəlləsinin isə 92.3-cü maddəsində prosesdə müdafiəçinin məcburi iştirakının əsasları göstərilmiş və maddi imkanı olmayan şəxslərin vəkillə təmin edilməsinin mexanizmi dəqiq müəyyənləşdirilmişdir. Müstəntiq və ya hakim bu barədə qərar qəbul edir, qərarı icra olunması üçün vəkil qurumlarına göndərir və təyinatla işdə iştirak edən vəkillərin əmək haqqları qanunda nəzərdə tutulan qaydada dövlət tərəfindən ödənilir. Ancaq Mülki Prosessual Məcəllənin 67-ci maddəsində nəzərdə tutulan hallarda vəkilin iştirakı məcburi hesab edilsə də, vəkillə təmin etmənin mexanizmi yoxdur və ola da bilməz. Cünki mülki prosesdə tərəfə müdafiəçi yox, sadəcə nümayəndə lazım olur. Nümayəndə kimi isə, istənilən şəxslə yanaşı vəkillər də iştirak edə bilərlər.
Ümmumiyyətlə, «vəkil-müdafiəçi» anlayışı mülki prosesə yad bir anlayışdır. Bu, daha çox qanunu bu və ya digər formada pozan vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı istifadə olunan bir hüquqi termindir. Roma hüququndan üzü bəri məhz belə olmuşdur. Ancaq nədənsə Rusiyanın Mülki Prosessual Məcəlləsini tərcümə edən Azərbaycan qanunvericisi, həmin Məcəlləyə «vəkil, vəkilin prosesdə məcburi iştirakı və vəkilin hüquq və vəzifələri» adlı maddələri əlavə etmişdir.
Konstitusiya Məhkəməsinin yuxarıda qeyd etdiyim qərarından da aydın olur ki, guya qanunverici, həmin maddələri qəbul edərkən Konstitusiyanın 61-ci maddəsinin birinci hissəsində göstərilən «hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ»nun təmin edilməsini nəzərdə tutmuşdur. Lakin Konstitusiyanın həmin maddəsinin hər üç bəndinin qarşılıqlı analizi göstərir ki, Konstitusiyamız yalnız «şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququnu (üçüncü hissə)», o cümlədən də, «qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardımı ödənişsiz və dövlət hesabına almaq hüququ (ikinci hissə)»nu nəzərdə tutmuşdur. Konstitusiyanın bu maddəsində mülki proses zamanı pulsuz hüquqi yardım göstərilməsi nəzərdə tutulmamışdır, elə buna görə də qanunverici Mülki Prosessual məcəllədə konkret olaraq bu barədə heç bir iradə ifadə etməmişdir.
Konstitusiya Məhkəməsinin yuxarıda qeyd etdiyim qərarında «Vəkillər və vəkillik fəaliyəti haqqında» Qanunun 20-ci maddəsinə istinad edilməsi isə, gözdən pərdə asmaqdan savayı heç nə olmayıb, reallığı qətiyyən əks etdirmir. Bu, sadəcə olaraq, avropalılar qarşısında üzəngi parıldatmaqdır. Bu qərara görə, hətta avropalılar da bizə gülürlər. Çünki belə çıxır ki, biz onlardan yox, onlar bizdən hələ çox şey öyrənməlidirlər. Belə çıxır ki, onlarda yox, bizdə insan haqqları tamamilə bərqərar edilibdir. Bizdə hətta mülki işlərdə də aztəminatlı ailələrə pulsuz hüquqi xidmət göstərilir. Ancaq vəkilbaşı Azər Tağıyev bir dənə də olsun fakt göstərə bilməz ki, mülki işlərdə kiməsə pulsuz hüquqi yardım göstərilib və sonradan dövlət tərəfindən vəkillərə haq ödənilib.
O ki qaldı, yalnız vəkil statusuna mülki şəxs tərəfindən göstərilən hüquqi yardımın «keyfiyyətli hüquqi yardım» hesab edilməsinə... bunun tam əksini sübut edən bir misal: 1996-cı il idi. Bakı şəhər məhkəməsində çox hay-küylü bir cinayət işi gedirdi. Məhkəmə iclasının sədri hakim Azər Hüseynov idi. müttəhimlər kürsüsündə adam oğurluğunda ittiham edilən və aralarında Avropa və dünya çempionları olan yeddi pəhləvan cüssəli gənc əyləşmişdir. O prosesdə mənimlə yanaşı Vəkillər Kollegiyasının indiki İntizam Komissiyasının üzvlərindən biri olan Dadaş İmanov da iştirak edirdi. Məhkəmə iclasının gedişində D.İmanov vəsatət qaldırdı ki, prosesdə iştirak edən başqa bir vəkil (adını deməyi mənasız bilirəm) onun müdafiə etdiyi müttəhimin istintaq zamanı müdafiəçisi olmuş və onun gözü qarşısında müttəhim döyülmüş, təhqir olunmuş, zorla ifadələrə qol çəkdirilmişdir. İndi isə məhkəmə prosesində O, başqa bir müttəhimi müdafiə edir. Gələcəkdə şahid kimi dindirilə biləcəyini nəzərə alaraq, D.İmanov həmin vəkilin prosesdən kənarlaşdırılmasını hakimdən xahiş etdi. Öncə deyilənləri inkar edən «həmkar»ımız sonradan ifşa olunduğunu gördükdə bilirsinizmi nə dedi? - : «hörmətli hakim mən əvvələr istintaqda işləmişəm, müstəntiq olmuşam, mən heç bir vaxt istintaqın təəssübünü belə cinayətkarlara vermərəm. Bu Dadaş ona görə bu cinayətkarı müdafiə edir ki, ondan pul alıb. Qurban Məmmədov isə, özü də əvvəllər yatdığına görə cinayətkarları müdafiə edir».
Rəhmətlik, prosesdə iştirak edən məşhur vəkilimiz Teymur İsmiyev: «bu nə danışır ə belə»- deməkdən özünü saxlaya bilmədi. Məhkəmə təxirə düşdü. Həmin gün zal ağzına qədər dolu idi. On üç epizod üzrə zərərçəkmişlərin qohum-əqrabası zalı doldurmuşdur. Mən o vaxt Rəyasət Heyətinin üzvü kimi həmin vəkilin Kollegiyadan uzaqlaşdırılmasını Azər Tağıyevdən tələb etdim və həmin şəxs Kollegiyanın qərarı ilə sıralarımızdan xaric edildi. 1998-ci ildə mən həbs edildikdən sonra xislətcə özünə oxşayan, həmin adamı yenidən Vəkillər Kollegiyasına bərpa edib. Axı, Azər Tağıyev də icra və məhkəmə hakimiyyətinin təəssübünü vəkillərə vermir. Bu da sizin üçün keyfiyyətli hüquqi yardım nümunəsi. Vəkillər Kollegiyasını bu tip adamlarla dolduran Azər Tağıyevin şəxsi məqsədləri var.
Soruşula bilər ki, yuxarıda qeyd etdiyim qanunvericilik problemləri ilə Azər Tağıyevin nə əlaqəsi var? Məsələ ondadır ki, yuxarıda təsvir etdiyim qanunyaratma təcrübəsinə əsasən, vəkillər haqqında qanunların və maddələrin hazırlanması da vəkilbaşına tapşırılır, o da özünün ağlıkəsən formada şəxsi məqsədlərini rəhbər tutmaqla, «Qanun» yaradır.
Oğurlamağa yer tapmadıqları üçün və maddəni özlərindən uydurmağa məcbur olduqları üçün MPM-nin 66-cı maddəsini «vəkil» adlandımış, maddənin məzmunu isə belə verilmişdir: «Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər».
Adla məzmunun heç bir əlaqəsi olmadığı göz qabağındadır. Adı oxuyanda adama elə gəlir ki, maddənin məzmununda, həmin ada tərif veriləcək. Necə ki, həmin Məcəllənin 62/65-ci maddələrində şahid, ekspert, mütəxəssis və tərcüməçi kimi prosesdə kimlərin iştirak edə biləcəyi göstərilib. Aydın olsun deyə bir misal: «işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər (Maddə 64. Mütəxəssis)». Nə qədər qəribə...görünməsə də, Cinayət Prosessual Məcəlləsində «vəkil» adlı maddə yoxdur. Orada söhbət «müdafiəçi»dən gedir. Ruslarda da belədir. Avropalılarda da. Elə Mozanbikdə də. Mülki prosesdə nümayəndədən, cinayət prosesində isə müdafiəçidən söhbət gedir.
MPM-yə 66/68-ci maddələrin, xüsusilə də 67-ci maddənin yamaq edilməsi vətəndaşlarımızın «məcburi qaydada(?!)»keyfiyyfətli hüquqi yardımla təmin edilməsinə yox, vəkilbaşının özünə oxşar, savadsız və qabiliyyətsiz vəkillərini işlə təmin etməyə xidmət edir.
Hüquqşünas Qurban Məmmədov
Hiç yorum yok:
Yorum Gönder