«65 iqtidar + 60 müxalifət»
Nəzərə alaraq ki:
= Azərbaycandakı indiki siyasi hüquqi, sosial və mənəvi vəziyyətin dəyişməsi qaçılmaz olmuş,
- Müxalifət - iqtidar qarşıdurmasının dövlətçiliyimiz üçün çox böyük təhlükə yaradacağı artıq bir faktdır,
- Müxalifət sonadək getməkdə qərarlı olsa da yüz faizli qələbə sadəcə nəzəri xarakter daşıyır,
- İqtidarın heç bir qüzəştdə hazır olmaması, «Status kwo»nun dəyişməsini istəməməsi faktdır və yüz faizli qələbəyə ümid etməsi də nəzəri xarakter daşıyır,
- Beynəlxalq təşkilatların əvvəlki seçkilərdən fərqli olaraq növbəti parlament seçkilərinə ciddi maraq göstərməsi və müdaxilə edəcəkləri, indiki iqtidarın beynəlxalq sanksiyalarla üzləşəcəyi xalqımız və dövlətimiz üçün heç nə yaxşı vəd etmir
- Qırğızıstan, Gürcüstan və Ukrayna təcrübəsi göstərdi ki, inqilabı dəyişikliklər nəticəsində müəyyən çıxarların olması labüddür və bunun millətlərə və dövlətlərə xeyri olduqça həFm də ziyanı var,
- Növbəti seçkilərdə iqtidarın qanunsuz hərəkətlər etməsi nəticəsində qan tökülə bilər və bu, dini və milli dəyərlərimizə əsasən uzunmüddətli qanlı vətəndaş müharibəsinə səbəb ola bilər,
TƏKLİF EDİRƏM:
1. İqtidar- müxalifət münasibətləri dövlətçili1yimiz və millətimizin gələcəyi naminə qarşıdurmadan qarşılıqlı anlaşma, qarşılıqlı uzlaşma, qarşılıqlı güzəşt və qarşılıqlı əməkdaşlıq müstəvisinə keçirilməlidir.
2. Prezident İlham Əliyev başda olmaqla iqtidar və müxalifət nümayəndələri aşağıdakı şərtlərlə müqavilə imzalamalı və razılığa gəlməlidirlər.
- Gələcəkdə heç bir iqtidar nümayəndəsi indiki müxalifət tərəfindən əvvəlki siyasi mövqeyinə, hərəkətlərinə (xüsusilə ağır cinayətlər istisna olmaqla) görə təqib edilməyəcək,
- İndiki nazirlər, polis rəisləri, prokurorlar, hakimlər və ədliyyə işçiləri, konkret cinayət hərəkətləri istisna olmaqla, heç bir halda 2008-ci ilədək vəzifədən kənarlaşdırılmayacaqlar. Zərurət yarandıqda (yalnız cinayət törətdikdə və kobud qanun pozuntusuna yol verdikdə) bu məsələ prezident İlham Əliyevin səlahiyyətləri çərçivəsində müxalifət partiya rəhbərləri ilə məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
- Bütün dövlət, hüquq mühafizə və ədliyyə orqanlarında ikinci-üçüncü vəzifələrə müxalifət partiyalarının kollegial orqanları tərəfindən irəli sürüləcək müxalifət nümayəndələri təyin ediləcəkdir.
- Qanunda nəzərdə tutulmuş hüquqi əsaslar olmadan prezident İlham Əliyevin istefası 2008-ci ilədək tələb edilməyəckdir.
- Mərkəzi Seçki Komissiyası insan hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lərin rəhbərlərindən və bərabər sayda iqtidar və müxalifət nümayəndələrindən təşkil ediləcəkdir.
- 65 seçki dairəsi iqtidara, 60 seçki dairəsi müxalifətə ayrılacaq və həmin dairələrdən iqtidar öz namizədlərini, müxalifət isə öz namizədlərini verəcəkdir. Parlament seçkiləri beynəlxalq təşkilatların, xüsusilə ATƏT və Avropa Şurasının nümayəndələrinin bilavasitə iştirakı ilə aparılacaqdır.
- Özəlləşmə prosesində, iqtisadi fəaliyyət sahəsində, işlə təminat məsələlərində müxalifət qüvvələri üçün indiyədək qoyulmuş məhdudiyyəilər aradan qaldırılacaqdır.
-İqtidar və müxalifət nümayəndələrinin qarşılıqlı olaraq bir birlərinin toy və ya yas mərasimlərində iştirakına görə istənilən tərəfdən təqib olunması pislənəcəkdir.
- Orta məktəb dərslərində siyasi təbliğatla bağlı olan bütün mövzular çıxarılacaq, orta və ali məktəb auditoriyalarında siyasi təbliğata və anti-müxalifət təbliğatına son qoyulacaqdır.
-Özəl televiziya kanallarında birtərəfli və qərəzli təbliğat qanun çərçivəsində, məhkəmə salonlarında həll ediləcəkdir. Dövlət və ictimai televiziya kanallarında qarşı tərəfin iştirakı olmadan nə iqtidar, nə də müxalifət haqqında mənfi ictimai rəy yarada biləcək heç bir verliş buraxılmayacaqdır.
- Prezident İlham Əliyev hər ayın sonuncu günündə müxalifət partiya liderləri ilə görüşlər keçirib ölkədaxili durum, qanunçuluğun vəziyyəti, xarici və daxili siyasət barədə fikir mübadiləsi aparacaq və qanunun imkan verdiyi çərçivədə xarici və hərbi siyasət haqqında onlara və xalqa məlumat verəcəkdir.
- Müxalifət mətbuatında prezident, onun ailəsi və iqtidar nümayəndələri (konkret cinayət törədən şəxslər istisna olmaqla) haqqında anti-təbliğata son qoyulacaqdır.
-İqtidar mənsublarına məxsus olan özəl televiziya kanallarında və iqtidaryönlü qəzetlərdə müxalifəti əsassız olaraq gözdən salan, mənfi ictimai rəy yaratmağa xidmət edən verlişlər və yazılar buraxılmayacaqdır.
- İqtidar və müxalifət tərəfindən təşkil olunmuş hüquqşünaslardan ibarət komissiya tərəfindən son 10 ildə qəbul edilmiş məhkəmə hökm və qətnamələrinin monitorinqi keçiriləcəkdir.
- Müxalifət partiyalarının kollegial orqanları tərəfindən irəli sürülən namizədlər prokurorluq, məhəkəmə və ədliyyə orqanları sistemində müxtəlif vəzifələrə təyin ediləcəkdir.
- Müxalifət tərəfindən 2008-ci ilin prezident seçkilərinədək kütləvi tədbirlərin keçirilməsinə moratorium qoyulacaqdır.
- Yeni seçiləcək parlamentdə prezidentin səlahiyyətlərini məhdudlaşdıracaq qanunlar qəbul edilməyəcək, ciddi və hüquqi əsasları olmadan istefası qoyulmayacaqdır.
- Məhkəmə hakimiyyətinin tam müstəqilliyinin təmin edilməsi üçün hakimlərin prezident və müxalifət partiya rəhbərləri ilə razılaşdırılmış qərarına əsasən, hakimlərin ömürlük təyin edilməsi və iqtisadi baxımdan tam dövlət təminatında olmaları barədə qanun qəbul ediləcək, məhkəmələrin işinə müdaxiləyə son qoyulacaqdır.
Bu təkliflər bir çoxlarına xəyali və fantasitik görünə bilər. Mənim müxalifətçi döstlarım məni iqtidarla əməkdaşlığa meyilli olmaqda ittiham edə bilərlər. Ona görə də bəri başdan bildirirəm ki, heç bir dövlət qulluğunda işləmək fikrim yoxdur və istənilən təklifdən indidən imtina edirəm. Mən bilirəm ki, xüsusilə də indiki vəziyyətdə: xalqın səbrinin tükənməsini, bəzi iqtidar nümayəndələrinin açıq qanunsuz hərəkətlərinin doğurduğu kütləvi narazılığı, məhkəmə və hüquq mühafizə orqanlarında qanunsuzluq və özbaşınalıqları, eləcə də son vaxtlar intensivləşən və kəskinləşən beynəlxalq dəstəyi nəzərə alaraq, müxalifət qüvvələrində yüz faiz qələbə çalacağına, «narıncı inqilab» yolu ilə hakimiyyətin bütövlükdə dəyişəcəyinə inam yaranmışdır. Ancaq bu yüz faizli qələbə sadəcə nəzəri məsələdir və 2003-cü ilin təcrübəsi göstərdi ki, bu nəinki reallaşmaya, əksinə müxalifət üçün daha böyük itkilərlə sonuclana bilər. Mən eyni zamanda, müxalifətin yüz faizli qələbəsindən sonra da Azərbaycanı və indiki müxalifəti gözləyən problemlərin də gözaltına alınmasını istərdim.
Məni, özündən müştəbeh və reallıq hissindən məhrum olan bəzi iqtidar nümayəndələri də qınaya bilər. Ancaq post-sovet məkanında özünün zəngin siyasi təcrübəsi ilə seçilən Şevardnadze iqtidarı və şəxsi savadı, ziyalılığı ilə seçilən Akayev iqtidarının taleyi nəzərdən qaçırılmamalıdır. Fakt göstərdi ki, vaxtında azdan imtina etməyə hazır olmamaq və siyasi dəyişikliklərin zərurilik anını düzgün müəyyən etməmək hər şeyin itirilməsinə gətirib çıxardı. Və bu taleni bizim də iqtidaryaşaya bilər və bunun əksini heç kim proqnozlaşdıra bilməz. Gəlin özümüzü aldatmayaq, Televiziya kanallarında və iqtidar mətbuatında indiki vəziyyətin yaxşılığı ilə bağlı nə qədər təbliğat aparılsa da vətəndaşı aldatmaq mümkün deyil. Çünki süfrəsi boş analarımız, ailə qurmaq imkanınından məhrum gənclərimiz, monopoliya məngənəsində boğulan iş adamlarımız və məhkəmə – polis orqanlarının özbaşınalığından əziyyət çəkən Azərbaycan vətəndaşı vəziyyəti, kimin nə deməsindən asılı olmayaraq, daha yaxşı bilir və O, noyabr seçkilərində mütləq küçəyə çıxacaq, şərəf və ləyaqətini tamamilə itirməyən bir millət olduğunu sübut etməyə mütləq cəhd edəcəkdir. Bəli, məhz «CƏHD» edəcəkdir. Mənim təkliflərim elə bu cəhdlə bağlıdır. Çünki istənilən cəhd mütləq müsbət nəticə vermir, indi də verməyə bilər və indiki iqtidar nümayəndələrinin millətə və qanunlara münasibəti sübut edir ki, bu cəhd millətimiz və dövlətimiz üçün çox böyük faciələr yarada bilər. Hətta bu cəhdin mütləq müsbət nəticə verəcəyi təqdirdə də arzuolunmaz nəticələrdən ötüşə bidlməyəcəyik. Çünki ziyan çəkəcək iqtidar nümayəndəsi və polis işçisi də bizim vətəndaşdır və istənilən halda belə sonluqdan yayınmağı çalışmaq dövlətçilik baxımından hər bir siyasətçinin vəzifəsidir.
Mənim təkliflərim millətini, Azərbaycan dövlətini düşünənlər üçündür.
Eyni zamanda həm iqtidar, həm də müxalifət nəzərə almalıdır ki, bulanıq suda balıq tutmaq sövdasına düşən bir çox xarici güclər yaranacaq vəziyyətdən və qarşıdurmadan öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Nəticədə uduzan Azərbaycan olacaqdır. Bu gün müxalifəti iqtidara «xoxan» kimi göstərib ondan nəsə qoparmağa çalışanlar da, müxalifəti iqtidarın təzyiqlərindən qorumağa cəhd etdiklərini göstərənlər də öz maraqlarını güdür və Azərbaycanda məhz onlardan asılı olan və məhz onlara borclu olan bir maryanet hakimiyyət qurmaq, milli sərvətlərimizi dəyər-dəyməzinə sümürmək istəyənlərdir. Biz iqtidarlı və müxalifətli əl-ələ verib gücü məhz özündən, yalnız və yalnız xalqından alan bir hakimiyyət formalaşdırmalı və Azərbaycanımızı onu gözləyən dəhşətli fırtınalardan yan keçirməliyik. Bütün şəxsi və qrup ambisiyalarını, xəyali, mücərrəd və nəzəri qələbə hərisliklərini bir kənara qoyub bir araya gəlməliyik. Yoxsa indiki iqtidarın Gürcüstan, Ukrayna və Qırğtızıstan taleyindən, müxalifətin isə 2003-cü il məğlubiyyətindən yayınacağını heç kim təminat verə bilməz. İtirən bütöv lükdə xalq və dövlətçiliyimiz olacaqdır.
Çox böyük tarixi və siyasi təcrübələri nəzərdən qaçırmamalıyıq. Vaxtilə Əfqanistanda milli barışıq haqqında rəsmi qərar qəbul olunmasına baxmayaraq bu gün də qan tökülür. 1993-cü ilin 4 iyununda baş vermiş hadisələrlə bağlı (36 nəfər dövlət qulluqçusu qətlə yetirilmişdir) mərhum prezident Ə.Elçibəyin imzaladığı amnistiya aktı proseslərin dərinləşməsinin qarşısını aldı və sonradan hadisələrin daha qorxunc məcrayə yönəlməməsində müstəsna rol oynadı. Son vaxtlar ard-arda prezident İlham Əliyevin siyasi məhbusların əfvi ilə bağlı verdiyi fərmanlar cəmiyyətdaxili çox böyük müsbət proseslərin başlanğıcı ola bilər. Bəli, məhz başlanğıcı, Zəruri saydığımız təkliflərin qəbul edilməyəcəyi təqdirdə növbəti siyasi məhbuslar dalğasının (bunların indiki iqtidar və ya müxalifət nümayəndələrinin olacağını yalnız gələcək hadisələr göstərəcəkdir) başlanacağına heç bir təminat yoxdur.
Mən Azərbaycanı, dövlətimizin gələcəyini və bu torpaqda yaşayan bütün xalqları düşünən insanları, iqtidar və müxalifət nümayəndələrini müzakirələrə dəvət edirəm.
08.07.2005
ADP-nin üzvü hüquqşünas Qurban MƏMMƏDOV
Hiç yorum yok:
Yorum Gönder