12/28/2010

Əmək hüququ. İşə bərpa və s. tələblər üzrə məhkəmə çıxışı. Gənc hüquqşünaslar üçün faydalı ola bilər

Səbail Rayon Məhkəməsinə
(hakim: Elnur Həsənov)

Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı):
AMEA-nın Mərkəzi Nəbatat Bağının
etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlunun
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (012) 564-42-05, (050) 200-66-10


                                                  Ç I X I Ş I

     Möhtərəm hakim!
   İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Həsənov Şavağat Hüseyn oğlunun AMEA-nın Mərkəzi Nəbatat Bağına qarşı “Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxılmaya görə əmək haqqının və son haqq-hesabın tutulması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi və AMEA-nın Mərkəzi Nəbatat Bağının Həsənov Şavağat Hüseyn oğluna qarşı  “İlkin iddianın rədd edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddia ərizəsi üzrə aşağıdakıları qeyd edirəm.

      İstər iddia ərizəsində, istərsə də, məhkəmə iclasında verdiyi izahatlarında iddiaçı göstərir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsi qanunsuzdur və iddia ərizəsində yazdığı kimi, “Tam qətiyyətlə və əminliklə bildirir ki, o, əmək müqaviləsi üzrə üzərinə düşən bütün öhdəliklərini həmişə tələb olunan qaydada yerinə yetirmiş və heç zaman əmək vəzifələrinin pozulması hallarına, o cümlədən də, kobud pozulması hallarına yol verməmişdir. O, heç vaxt oğurluq etməmiş, ərazidə real yanğın mənbəyi və təhlükəsi yaratmamış, əksinə, təbiətə ziyan vuranlara, oğurluq edənlərə qarşı daim mübarizə aparmışdır”.
     İddiaçı həmin iddia ərizəsində işdən azad edilməyi barədə əmrdə qeyd edilən əsasların sübuta yetirilməsini tələb edir və hesab edir ki, əmrdə “oğurluq hallarına yol verməsi” barədə yazılanlar qanuna ziddir və bu, onun Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulan “təqsirsizlik prezumpsiyası hüququ”nu pozur və onun şərəf və ləyaqətini təhqir edir.
İddiaçı daha sonra, iddia ərizəsində göstərir ki, “Mərkəzi Nəbatat Bağının direktoru onu oğru adlandırmaqla, qanunvericilik və əxlaq normalarına əməl olunması baxımından onun ictimaiyyətin, kollektivin və ayrı-ayrı vətəndaşların, o cümlədən ailə üzvlərinin, qohumlarının, dostlarının, tanışlarının və onu tanıyan digər insanların gözündən (nüfuzundan, etibarından) salır, adını batırır və onu biabır edir və guya bununla da, cavabdeh onu AR Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (Oğurluq etmək) nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə suçlamaqla, onu başqa insanların gözündə “cinayətkar” kimi təqdim etməklə onu gözdən salır və s.”.
     İddiaçı bildirir ki, cavabdehin bu hərəkəti onun mənəvi istirab keçirməyinə səbəb olmuş, mənəvi iztirab keçirdiyindən, ona mənəvi zərər vurulmuş və hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinə cavabdeh ona 15 000 manat kompensasiya ödəməlidir.
    Möhtərəm hakim!
    İddiaçı öz iddiasını əsaslandırmaq üçün AR Konstitusiyasının 12 və 46-cı maddələrinə və Mülki Məcəllənin 23-cü maddələrinə istinad etmişdir.
    Möhtərəm hakim, hörmətli proses iştirakçıları!
İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək həm də göstərdi ki, iddiaçı Ş.Həsənov işdən azad edilərkən Əmək Məcəlləsinin XXIX fəslinin tələbləri pozulmuş, yəni iddiaçıya intizam tənbehi tətbiq edilərkən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilərkən həmin əmrlərin surətləri iddiaçıya təqdim edilməmiş, müəyyən sənədlərə iddiaçının imza etməsindən imtina barədə aktlar düzgün tərtib edilməmiş, xüsusilə də, həmin aktlara iddiaçının adı salınmamaqla, qanun pozuntusuna yol verilmişdir.
    Möhtərəm hakim!
   İddiaçı iddia ərizəsində istinad etdiyi Konstitusiya normalarının və Mülki Məcəllənin 23-cü maddəsinin məzmununu düzgün göstərsə də, nəzərə almamışdır ki, həmin maddələrin indiki halda tətbiqinə heç bir qanuni əsas yoxdur.
    Əlbəttə, biz də başa düşürük ki, istənilən şəxsin “oğurluq hallarına yol verməsi” barədə deyilənlər onu nüfuzdan və hörmətdən sala bilər, ona mənəvi əzab verə bilər.
     Qanunverici də elə bunu nəzərə almış və Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü bəndində göstərmişdir: “İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir”.
   Əlbəttə, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan hüquqlar, eləcə də, “şərəf və ləyaqətin müdafiəsi hüququ” haqqında olan Konstitusiyamızın 46-cı maddəsində nəzərdə tutulanlar hamıya, o cümlədən də, idiaçıya məxsusdur.
    Lakin unudulmamalıdır ki, Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndinə əsasən, “İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş «mənəvi ziyan» dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir”.
   Bu maddənin „Qeyd“indəki „həqiqətə uyğun olmayan“, „yalan“ sözlərinə diqqət etmənizi Sizdən rica edirəm.
    Möhtərəm hakim!
   Qanunverici işçiyə vurulmuş mənəvi ziyan dedikdə elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətlər vasitəsilə yayılmış məlumatlar həqiqətə uyğun olmasın və yalan olsun.
   Sizə təqdim etdiyim və iddiaçıyla cavabdeh arasında bağlanmış 15 yanvar 2004-cü il tarixli əmək müqaviləsinin 1-ci bəndində iddiaçının əmək funksiyaları belə müəyyənləşdirilib: „Bitkilərin çoxaldılması, onların becərilməsi, onlara qulluq, yəni suvarmaq, diblərini yumşaltmaq, forma vermək və budamaq“.
     Möhtərəm hakim!
    Gördüyünüz kimi, iddiaçının əmək funksiyaları arasında nə müəssisəyə məxsus taxtaların özbaşına götürülərək arı yeşiyi düzəldilməsi, nə bu yeşiklərin iş yerindən kənara çıxardılaraq satılması və ya şəxsən istifadə edilməsi, nə iş yerində bu məqsədlə dülgər emalatxanası yaradılması, nə də, 10-15 arı yeşiyi saxlanması nəzərdə tutulmamışdır. İddiaçı məhz əmək funksiyalarına uyğun olmayan bu işlərlə məşğul olduğuna görə öz əsas vəzifələrini unutmuş, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və 20 may 2010-cu ildə, eləcə də, 09 iyun 2010-cu ildə ona qarşı „töhmət“ və „sonuncu dəfə xəbərdarlıq edilməklə, şiddətli töhmət“ kimi intizam tənbehləri tətbiq edilməsinə baxmayaraq, o, heç bir nəticə çıxarmamış, qanunsuz hərəkətlərinə son qoymamış və bunun da nəticəsində, Əmək Məcəlləsinin 70-ci maddəsinin „ç“ bəndinə əsasən işdən azad edilmişdir.
    Möhtərəm hakim!
   Əmək Məcəlləsinin 72-ci maddəsinin „ə“ bəndinə əsasən, „əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir“ və işçinin  Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndinə əsasən, “əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır”.
    Şahidlərin izahatları bir yana, iddiaçı şəxsən özü dəfələrlə məhkəmə iclasında etiraf etdi ki, o, həqiqətən də, iş yerində arı yeşikləri düzəltmiş, orada arı saxlamış, iş yerində dülgər emalatxanası yaratmış və ona tapşırılan sahəni, rəhbərliyin dəfələrlə edilmiş etirazlarına rəğmən, çəpərləmişdir.
Arı yeşiklərini guya evindən gətirdiyi mebel taxtaları ilə düzəltməsi barədə dediklərini isə, iddiaçı MPM-nin 77.1-ci maddəsində tələb edilən qaydada  sübut edə bilmədi və bunun üçün məhkəməyə heç bir sübut növü təqdim etmədi.
   Əksinə, həmin arı yeşiklərini iddiaçının məhz cavabdehə - Nəbatat Bağına məxsus taxtalar hesabına düzəldilməsi, başqa sözlə, iddiaçının “oğurluq hallarına yol verməklə” bu işi görməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, Sizə təqdim edilmiş foto-şəkillər və rəsmi qaydada təsdiqlənmiş aktlarla, rəsmi sənədlərlə tamamilə sübuta yetirildi.
   Əlbəttə, öncə də qeyd etmişdim, “təqsirsizlik prezumpsiyası” olduqca vacib bir hüquqdur və bir Avropa dəyəri və insan haqq və hüquqlarına məxsus bir dünya dəyəri kimi dövlət tərəfindən qorunmalı, vətəndaşlar tərəfindən başqalarının bu hüququna hörmət edilməlidir. Ancaq unudulmamalıdır ki, həmin maddənin 1-ci hissəsində söhbət “təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyən və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan şəxsin təqsirsiz sayılması”ndan gedir.
     Göründüyü kimi, bu hüquq şəxsin “təqsirsizliyi”ni ehtiva edən hüquqdur. Təqsir isə, cinayət və ya inzibati qaydada cəza anlayışı ilə bağlıdır. İndiki halda cavabdeh, yəni təmsil etdiyim tərəf iddiaçını qeyd edilən mənalarda cəzalandırmamış, onu “oğru” və ya “cinayətkar” adlandırmamış, həmçinin də, onun şərəf və ləyaqətini təhqir etmək, “yalan məlumat yaymaqla onu gözdən salmaq və ya təhqir etmək” məqsədi güdməmişdir.
    Diqqət etsəniz, görərsiniz ki, əmrdə “oğurluq hallarına yol verməsinə” ifadəsi işlədilmişdir, “oğurluq etməsinə görə” yox. Bu isə, o deməkdir ki, oğurluq məhz iddiaçının səhlənkarlığı ucbatından başqa şəxslər tərəfindən də edilə bilərmiş.
    Lakin arı yeşiklərinin düzəldilməsi üçün istifadə edilən cavabdehə məxsus taxtaların məhz iddiaçı tərəfindən götürülməsi məhkəmə iclasında tamamilə sübut edilmişdir.
     “Həqiqətə uyğun olan və yalan olmayan məlumatlar” isə, nə qədər acı və təhqiramiz olsa da, şəxsi nə qədər incitsə də, ona nə qədər mənəvi əzab versə də, Mülki Məcəllənin 23-cü maddəsinin təsiri altına düşə bilməz və başqa sözlə, yayılmış məlumatların həqiqətə uyğun olması və yalan olmaması halında şərəf və ləyaqətin müdafiəsindən söhbət gedə bilməz.
   Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, “Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin”.
    Yuxarıda da qeyd etdiyim kimi, iddiaçının cavabdehə məxsus taxtalardan arı yeşikləri düzəldərək satması, iş yerində arı saxlaması və dülgər emalatxanası düzəltməsi məhkəmə iclasında həm iddiaçının öz izahatı və şahid ifadələri ilə məhkəmə iclasında sübut edilib və buna görə də, əmrdə qeyd edilən “oğurluq hallarına yol verilməsi” ifadəsi yalan və həqiqətə uyğun olmayan məlumatlar hesab edilə bilməz.
    O ki qaldı, iddiaçının nümayəndəsinin “cavabdehin tərtib etdiyi aktlara iddiaçının imza etmədiyinə görə həmin aktların etibarsızlığı” barədə söylədiklərinə, onun bu məntiqindən belə çıxır ki, “meyit aşkar edilməsi barədə” tərtib edilmiş akta meyit tərəfindən imza edilməzsə, tərtib edilmiş akt etibarsız hesab edilməlidir və ya “oğurluq faktı barədə” tərtib edilmiş akta oğurluq hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması nəticəsində ona imza etdirilməsinin mümkün olmaması, həmin aktın etibarsız hesab edilməsinə əsasdır.
   Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən, “İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir”.
   Əmək vəzifəsinin işçi tərəfindən pozulması barədə aktın tərtib edilməsi üsulu və qaydası və ya həmin aktda konkret olaraq kimlərin imza etməli olduğu barədə nümunəvi forma olmadığı üçün, həmin aktların etibarsızlığından söz gedə bilməz və Əmək Məcəlləsinin 187.1-ci maddəsinin ümumi ruhundan müəyyən etmək olar ki, əmək vəzifəsinin işçi tərəfindən pozulması barədə akta işçinin imza etməməsi, həmin aktın tərtib edilməsini istisna etmir.
Qeyd edilənləri nəzərə alaraq,
                                                         XAHİŞ EDİRƏM:

          İlkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam həcmdə təmin edilməsi, eləcə də, nümayəndəyə hüquqi xidmətə görə cavabdeh tərəfindən ödənmiş 700 manat məhkəmə xərcinin iddaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilsin.

    Səbr və diqqətlə məni dinlədiyinizə görə Sizə minnətdarlığımı bildirirəm və şəxsinizə və uca məqamınıza hörmətimi bir daha bildirərək çıxışımı yekunlaşdırıram və qanuni qətnamə qəbul edəcəyinizə ümid edirəm.

Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı):                                       Hörmət və ehtiramla
AMEA-nın Mərkəzi Nəbatat Bağının                                                “Çalxan” MMC-nin
etibarnamə üzrə nümayəndəsi                                                    (Hüquq firması) direktoru
                   
   / Q.C.Məmmədov /


30 sentyabr 2010-cu il


Hiç yorum yok:

Yorum Gönder