12/28/2010

Dərviş Parisi, Əhməd Bakını dağıdır. Məhkəmə qətnaməsi dövlət əmlakını mülkiyyətçisiz qoydu

                                                               Əhməd Əhmədovun hakimliyi

Dərviş Parisi, Əhməd Bakını dağıdır

     Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi Əhməd Əhmədov (indi Əli Bayramlı Apellyasiya məhkəməsinin hakimidir) hakimlər arasında ən qanunsuz və ağlasığmaz qərarlar qəbul edənlərdən biri, bəlkə də, birincisidir.

    Vaxtilə, 22 iyun 2004-cü il tarixli, 1MK-1448/2004 saylı bir qətnaməsində yazmışdı: «məhkəmə Psixiatrik–Ekspertiza Mərkəzinin 293 saylı, 11 may 2004-cü il tarixli rəyindən görünür ki, ...  cavabdehin hal-hazırki sağlamlıq durumu  xəstəliyin remissiya vəziyyəti kimi qiymətləndirilir və o, hal-hazırda öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarındadır. Cavabdehdə aşkar olunmuş «şizofreniya-paranoid forma» psixi xəstəliyi hal-hazırda müalicə olunduğu üçün öz övladlarına və kənar adamlara qarşı öz-özlüyündə sosial təhlükə təşkil etmir. Hal-hazırki vəziyyətlə əlaqədar yoxlanılan şəxs normal insani mühitdə və normal münasibətlər çərçivəsində yaşaya bilər.
İşə əlavə edilmiş Binəqədi rayon Təhsil Şöbəsinin 04 noyabr 2003-cü il tarixli rəyindən görünür ki, Binəqədi rayon Təhsil Şöbəsi hər iki uşağın cavabdehin (ananın) himayəsinə verilməsini məqsədə uyğun hesab etmişdir.
     Məhkəmə kollegiyası cavabdehin tam sağalmamasını, onun özünün qulluğa, qayğıya ehtiyacı olmasını, onun xəstəliyinin hər zaman uşaqların həyatı, sağlamlığı üçün təhlükə yarada bilməsini əsas tutaraq hesab edir ki, ərizə – uşaqların alınmasına aid hissədə təmin edilməli və hər iki uşaq atalarının himayəsinə verilməlidir.
     Bundan başqa, cavabdehin MƏHKƏMƏ İCLASINDA UCADAN, HAY-KÜYLƏ İZAHAT VERMƏSİ, EMOSİONAL DAVRANIŞI DA, ONUN HAL-HAZIRDA TAM MÜALİCƏ OLUNMADIĞINI, MÜNTƏZƏM MÜALİCƏYƏ EHTİYACI OLDUĞUNU GÖSTƏRİR».
     Oxucular və əlaqədar dövlət orqanları üçün aydın olsun deyə, qeyd edim ki, məlum səbəblərdən adını çəkə bilmədiyim cavabdeh - ana, elə həmin məhkəmə günü, dəlixanadan birbaşa məhkəmə salonuna gətirilmiş, uşaqlarının yetimxanaya yerləşdirildiyini eşidəndə, bütün anaların belə vəziyyətdə göstərə biləcəyi təbii reaksiyanı göstərmişdi.
Həmin məhkəmə iclasında söylədiyim nitqin bir hissəsini yada salmaq istəyirəm:
        " Möhtərəm hakimlər!
     Cavabdehin – iki övladı əlindən alınan ananın, indiki davranışları sizi qətiyyən təəccübləndirməməli, onun sağlamlığı barədə sizdə şübhə yaratmamalıdır... Bir gün kəndimizdə alça ağacının kölgəsində oturub, növbəti qəbul imtahanlarına hazırlaşırdım. Qəflətən bir qarğa, yoncalıqda anaları ilə gəzən cücələrimizə hücum edərək, onlardan birini caynağına alıb, göyə qalxdı. Toyuq balasını xilas etmək üçün qanad açıb, göyə uçdu. Ancaq çox gedə bilmədi. Qonşunun divarı üstünə düşüb, öldü. Qarğa isə qorxusundan balanı qonşunun samanının üstünə buraxmağa məcbur oldu. Ana ölsə də, bala yaşadı.
Möhtərəm hakimlər!
     Bir Azərbaycan qadınının öz balasına bir toyuq qədər məhəbbətinin olmamasını düşünmək, analarımız və bütövlükdə Azərbaycan qadını üçün təhqir deyilmi? Cavabdehin hərəkətləri qətiyyən sizi təəccübləndirməsin ... Bu, xəstəlikdən yox, bir ananın öz balalarına olan məhəbbətindən irəli gələn normal bir davranış kimi qiymətləndirilməlidir. İddiaçının nümayəndəsinin məntiqinə əsaslanaraq, məhkəmə zalında emosional və hay-küylü izahat verən bütün şəxsləri dəli hesab etsək, onda Azərbaycanın məhkəmə salonlarında adicə boşanma və əmlak bölgüsü ilə bağlı işlərdə dava-dalaş salan, bir-birini təhqir edən, emosional və hay-küylü izahat verən bütün şəxsləri dəlixanaya doldurmalıyıq. Bu, absurt deyilmi? Bir də ki, Mülki Prosessual Məcəllənin «sübutların mümkünlüyü» adlı 81-ci maddəsinə görə, qanuni və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Adamın dəli olması da, şahid ifadələri ilə yox, məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyənləşdirilir».
      Nəticədə, bizim yox, qarşı tərəfin dəlilləri ağlabat məntiq kimi, qətnamədə öz əksini tapdı. Əhməd Əhmədovun «hakim müstəqildir və yalnız ... qanundan başqa, hər şeyə tabedir» prinsipi ilə qəbul etdiyi bu qətnamə əsasında, bir ananın iki uşağı yetimxanada yaşamağa məhkum edildi, özünün isə, yenidən dəlixanaya yerləşdirilməsi təhlükəsi yarandı. Yaxşı ki, o vaxt Ali Məhkəmədə «hakim müstəqildir, yalnız qanuna tabedir» prinsipi ilə işləyən hakimlər də tapıldı və bu gün də səadət içində yaşayan bir ailənin faciəsinin qarşısı vaxtında alındı. Ə.Əhmədovun həmin qətnaməsi ləğv edildi, ana balalarına və ailəsinə qovuşdu və bu gün də şad və xürrəm yaşayırlar. O vaxt Ə.Əhmədov haqqında əlaqədar orqanlara yazdığım şikayətlərə də qanuna uyğun  baxılmadı.
   Azərbaycan vəkillərinin və məhkəmələrdə nümayəndə kimi iştirak edən hüquqşünasların çoxu, Əhməd Əhmədovun hakimliyə yaraşmayan davranışlarından xəbərdar idilər və yeni hakim təyinatları zamanı, onun ən azı hakimlikdən qovulacağını gözləyirdilər. Ancaq ...
    Bu günlərdə Ə.Əhmədovun 12 aprel 2007-ci il tarixli, 1MK-956/2007 saylı bir qətnaməsi ilə tanış oldum. Qətnaməni oxuduqda qətiyyən heyrətlənmədim və təəccüblənmədim. Naməlum maraqlara görə, ananı baladan ayıran, valideynləri ola-ola yetimxanada yerləşdirilən körpələrin və balaları yetimxanaya, özü isə dəlixanaya yerləşdirilən bir gənc ananın halına acımayacaq qədər duyğusuz olandan, hər şey gözləmək olar. Görünür, Ə.Əhmədovun bu cür hakimliyi yuxarılarda kimlərisə qane edir deyə, onu yenidən hakimliyə layiq bildilər.
    Ə.Əhmədovun indi şərh edəcəyim qətnaməsi paytaxtda və bütünlüklə respublikada sanki qəsdlə stabilliyin pozulmasına yönəlib. Çünki, bu qanunsuz qətnamə, respublikamızda bu günədək özəlləşdirilən əmlakın yenidən bölüşdürülməsinə qanuni yol açır.
   Qətnamə Azərbaycan Respublikasının adından çıxarılan qanundur və «qanun qarşısında hər kəsin bərabərliyi» prinsipinə uyğun olaraq, həmin qətnamə ilə müəyyənləşdirilən hallar və qaydalar bütün şəxslər üçün məcburidir, eyni qüvvəyə malikdir və davranış nümunəsidir.
    Dövlət Əmlak Komitəsi öz sərəncamında olan Bakı şəhəri, Qarabağ küçəsi 35 saylı binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsini, həmin binadakı mənzillərdən birinin mülkiyətçisi olan Məmmədova İradə Yavər qızının icarəsinə verib. Həmin qeyri-yaşayış sahəsi çirkab suları ilə dolduğundan, anti-sanitariya vəziyyətində olduğundan, İ.Məmmədovadan başqa heç kəs ora sahib çıxmır və İradə xanım xeyli xərc və əmək sərf edərək, sahəni abadlaşdırır və qanuna uyğun olaraq icarəyə götürür, istifadə etməyə başlayır. Hətta icarə müqaviləsi bağlanarkən, başqa qonşuların da yazılı razılığı alınır. Ancaq bir müddətdən sonra qeyri-yaşayış sahəsinin abadlaşdırıldığını və gəlir gətirdiyini görən, binanın birinci mərtəbəsində yaşayan başqa bir qonşu Nərimanov rayon məhkəməsinə müraciət edərək, özünün də oradan istifadə etmək hüququnun olduğuna istinadən, qeyri-yaşayış sahəsinə dair İ.Məmmədova ilə DƏK arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini tələb edir. Nərimanov rayon məhkəməsi tam qanuni olaraq, iddianı rədd edir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə sonradan məşhur Əhməd Əhmədov baxır. Mən onunla birlikdə yan-yana oturan başqa hakimlərin adlarını ona görə çəkmirəm ki, Azərbaycan məhkəmələrində «kollegiallığın» bir görüntü olduğu artıq heç kimə sirr deyil. Qətnamənin əsil müəllifi, iclasa sədrlik edən və məruzəçi hakimdir.
     Əhməd Əhmədov Mülki Məcəllənin 227-ci maddəsinə istinad edərək, belə qənaətə gəlib ki, sən demə, həmin qeyri-yaşayış sahəsi yaşayış binasının tərkib hissəsi olduğu üçün, ümumi mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə mənsubdur. Ona görə də, İ.Məmmədova ilə DƏK arasında bağlanmış icarə müqaviləsi ləğv edilməlidir.
    Əlbəttə, Əhməd Əhmədov savadsız deyil. Uzun müddət prokurorluq və məhkəmə orqanlarında çalışıb. Deməli, bu qətnaməni də, savadsızlığından yox, qəsdlə və bilə-bilə qəbul edib.
    Təbii suallar meydana çıxır:
1. Əgər şəxs ümumi mülkiyyət hüququ ilə hər hansı obyektin mülkiyyətçisidirsə, kim həmin obyekti o şəxsin icarəsinə verə bilər?
2. Mülkiyyətçi (mülkiyyətin formasından asılı olmayaraq) öz mülkiyyətini niyə, nəyə və hansı qanuna görə  icarəyə götürməlidir?
3. Ə.Əhmədov hansı qanunlara, ağlabatan məntiqə və hüquq düşüncəsinə istinad edərək, belə ağlasığmaz qətnamə qəbul edib?
4. Mülki Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan qeyri-yaşayış sahələri, ümumiyyətlə icarəyə verilə bilərmi?
5. İcarəyə verilə bilərsə, onda niyə yalnız birinci mərtəbədə yaşayan mülkiyyətçilərin icarəsinə verilə bilər, bəs başqa sakinlər?
     Oxucular və Məhkəmə Hüquq Şurasının üzvləri üçün aydın olsun deyə, qeyd edim ki, AR Mülki Məcəlləsinin 227-ci maddəsinə əsasən, «yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi, paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur». Bu qədər aydın, ana dilində yazılan bu maddəni Ə.Əhmədovun başa düşməməsi mümkün deyil.
      Ə.Əhmədovun həmin qətnaməsi qanunidirsə, onda:
1. Dövlət Əmlak Komitəsi bu günədək qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən yığdığı bütün pulları onların mülkiyyətçilərinə qaytarmalıdır. Çünki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, «mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur».  Göründüyü kimi, mülkiyyətçi özünə məxsus obyektdən istifadə etmək üçün DƏK-dən və sair təşkilatdan icazə almamalı və onun bu hüququ polis, prokurorluq və Ə.Əhmədov kimi hakimlər tərəfindən qorunmalıdır.
2. Bundan sonra bütün yaşayış binalarının tərkib hissəsinin mülkiyyətçiləri yaşadıqları binaların zirzəmilərində, birinci və ikinci mərtəbələrində yerləşən və artıq başqa şəxslərə satılmış qeyri-yaşayış sahələrinin yenidən bölgüsü üçün məhkəmələrə müraciət edə bilərlər. Bax, həngamə onda başlayacaq. Respublikada vətəndaş müharibəsi təhlükəsi yaranacaq. Axı bütün tarix mal-mülk və torpaq üstündə gedən müharibələrdən ibarətdir. Ə.Əhmədovun həmin qətnaməsi birbaşa vətəndaşlar arasında qarşıdurmaya və xaosa yol açır.
     Öz qanunsuz qətnaməsini əsaslandırmaq üçün Ə.A.Əhmədov hətta qətnamədə saxta, iş materialları ilə sübut edilməsi mümkün olmayan dəlillərə də istinad etməkdən çəkinməyib. Qətnamədə yazılır: « ... işdən görünür ki, mübahisəli zirzəmi ... evin tərkib hissəsidir və həmin zirzəmidə binanın dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlıqları yerləşir». Bunun həqiqətən belə olması işdən necə görünə bilər? Ya iş materiallarında hakimin və ya hakimlərin mübahisəli sahəyə baxış protokolu, ya işdə səlahiyyətli orqanların rəsmi arayışı, ya da tikinti-texniki ekspertizasının rəyi olmalıdır. Bunlardansa heç biri iş materiallarında yoxdur və ola da bilməz. Çünki, Əhməd Əhmədov heç həmin mübahisəli sahənin harada yerləşdiyini də əməlli-başlı bilmir. Halbuki, mübahisəli obyektdə, qətnamədə yazıldığı kimi, heç bir avadanlıq yoxdur, tavanının hündürlüyü 2 m. 60 sm. olmaqla, ayrıca otaq kimi istifadə olunma imkanına malik olub, müstəqil girişi və çıxışı olan, təcrid olunmuş qeyri-yaşayış sahəsidir. Nə birinci instansiya, nə də Apellyasiya məhkəməsində obyektə baxış keçirilməyib. İş materiallarında məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi haqqında heç bir məhkəmə qərar yoxdur. Onda bu yalan, saxta dəlilə söykənməkdə Əhməd Əhmədovun nə marağı olub? Bir şeyə əminəm: qanunçuluqdan başqa, istənilən marağı ola bilər. Əhməd Əhmədov gözəl bilir ki, qətnamədə yalandan yazdığı kimi, binanın dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlıqlarla dolu olan zirzəmi, heç kəsin icarəsinə verilə bilməz və başında ağlı olan heç kəs belə zirzəmini icarəyə götürməz. Yox əgər, zirzəmidə «... avadanlıqlar» yoxdursa, onda belə sahələr 227-ci maddənin təsirinə düşmür və Dövlət Əmlak Komitəsi haqlı olaraq, AR Prezidentinin «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması haqqında» 629 saylı, 06.09.1997-ci il tarixli fərmanına əsasən, həmin sahəni ilk müraciət edən şəxsin - İradə Məmmədovanın icarəsinə vermişdir.
   Ə.Əhmədov deyə bilər ki, onun qətnaməsi qanunsuzdursa, onda Ali Məhkəmənin MİÜMK-sı (sədrlik edən Allahverdiyev Qəhrəman Əli oğlu, hakimlər: Rüstəmov Əli Məhəmməd oğlu, İbayev Vəfaddin Ələm oğlu) niyə onu qüvvədə saxlayıb? Çox güman ki, Ali Məhkəmə mahiyyətcə işə baxmadığına görə, Ə.Əhmədovun saxta, iş materialları ilə təsdiqlənməyən dəlillərini yoxlamaq imkanları da olmayıb. Yoxsa, dövlət siyasətinə, prezidentin fərmanına, sağlam məntiqə və normal insan təfəkkürünə zidd olan belə bir qətnamə qüvvədə saxlanıla bilməzdi. 
     İndi söz Ali Məhkəmənin sədri hörmətli Ramiz Rzayevdə və Məhkəmə Hüquq Şurasındadır.
Ə.Əhmədov kimi hakimlər öz vəzifələrində qaldıqca, vətəndaşlarımızın hüquqları hələ çox pozulacaq və stabilliyin pozulmasına yönələn, xalqın dövlətdən və hakimiyyətdən narazılığına səbəb olan qərarlar çox qəbul ediləcəkdir.  

«Çalxan» MMC-nin direktoru, hüquqşünas Qurban Məmmədov

P.S.  Bu məqalədən sonra xeyli hakim  və məhkəmə prosesləri gördüm və bildim ki, Azərbaycanın hakim korpusunda ən insaflı, ən ləyaqətli və ən ziyalı hakimlərdən biri  elə   Ə.Əhmədov imiş.
    Görün qalanları nə gündədir?

Hiç yorum yok:

Yorum Gönder