12/28/2010

Nağıyev Ağa Nəriman oğlu Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamentine qarşı

Nərimanov Rayon Məhkəməsinə

İddiaçı: Nağıyev Ağa Nəriman oğlu
Qeydiyyatda olduğu ünvan: Naxçıvan MR, Babək aryonu, Cəhri kəndi
Faktiki yaşadığı ünvan : Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi,
korpus 7, ev 12, mənzil 7/8
Əlaqə tel:  ((055) 779 51 53

Cavabdeh: Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
“Avtonəqliyyatservis” Departamenti
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu,

vurulmuş  zərərin ödənilməsinə dair

                                                                 İDDİA  ƏRİZƏSİ
                                                     (MM-nin 21-ci maddəsinə əsasən)

   Möhtərəm hakim!
   Mən, 85 BU 326 dövlət nömrə nişanlı, mənə məxsus “ZİL” markalı  yük avtomobili ilə 10 iyul 2008-ci ildə Zirə Qala yolu ilə hərəkət edərkən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamentinin 4 nəfər nümayəndəsi maşınımı saxladaraq vergi ödənilməsi barədə sənədlərimi istədilər. Mən də təqdim etdim. Uzun müddət, təxminən keçən ildən bu günədək vergilər Naxçıvan MR-də  ödəndiyi üçün, qəbzlər əlimdə deyildi. Bunu səbəb gətirərək, mənim etirazlarıma, 4 övlad atasıyam, balalarımı ac qoymayın, yoxlanış keçirilsin sonra nömrəmi açın deməyimə baxmayaraq, onlar nömrəmi açıb götürərək mənə heç bir möhürü, imzası olmayan kağız verdilər. Sonradan mənə məlum oldu ki, bu bildirişdir. "Qəbzləri, çatışmayan sənədləri gətirdikdə nömrəni götürərsən"---- deyərək, çıxıb getdilər.

    Sənədləri hazır edib 12 iyul 2008-ci ildə idarəyə gedərək təqdim edib nömrəmi istədikdə, Idarənin nümayəndələrindən olan Mayıl Hacıyev adlı şəxs, mənə bildirdi ki, sənin lisenziyan yoxdur, ya mənə 150 AZN ver nömrəni götür get, ya da lisenziyanı al, gətir. Nəyə görə 150 manat, axı başqalarına, heç bir sənədi olmadan bu işi 50, 100 manata edirsiz, axı mənim təkcə lisenziyam yoxdur, niyə məndən 150 manat istəyirsiz, deyə soruşduqda, o mənə bildirdi ki, ayda 20 manat verməmək üçün, sən bizimlə işləmirsən, ona görə də sənə bu iş baha başa gəlməlidir.
 Mən də bildirdim ki, sizə 150 AZN verməkdənsə gedib lisenziyamı alaram, o da dedi ki, özün bil, onsuz da o pul səndən çıxacaq.
     Mən də 17 iyulda  lisenziyanı gətirib Mayıl Hacıyevə təqdim edib nömrəmi istədikdə o, bildirdi ki, sən 132 manat cərimə ödəməlisən, cəriməni ödə, sonra nömrəni götür. Ümumiyyətlə, Naxçıvanda düzgün iş getmir, sənin maşının köhnə maşındı, ona heç lisenziya düşmür, bu sənəd saxtadır, onsuz da Naxçıvandakı  Nəqliyyat Departamentinin idarəsini Bakıya köçürdəcəyik, görək ondan sonra nə edəcəksən? 
    Bu pulu hara, nə məqsədlə ödəməli olduğumu soruşduqda, O, məni söyərək: sənə demişdim axı, bu pulu onsuz da ödəyəcəksən, ya banka, ya mənə deyib, otağından qovdu.
     11 sentyabr 2006-cı ildən 0300174772 seriyalı VÖEN-i açdırmışam. 20 sentyabr 2006-cı ildən 30 aprel 2007-ci ilədək ödəməni Bakı şəhərində, həmin idarədə aparmışam. Mayıl Hacıyev hər ay məndən, fərqlənmə nişanını almaqdan ötrü lazım olan qəbzə qol çəkmək üçün, 20 AZN artıq tələb edirdi, mən də bundan bezərək ödəməni 2007-ci ilin mayından etibarən Naxçıvan MR-da ödəməyə başlamışam.
    Möhtərəm hakim!
    Mülki Məcəllənin 21-ci maddəsinə (Zərərin əvəzinin ödənilməsi) əsasən,  “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 
     Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
    Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır”.
    Cavabdeh mənə qəsdən və bilə-bilə, ondan: "balalarımı ac qoyma, mənim başqa gəlir yerim yoxdur"-- deməyimə baxmayaraq, vəzifə səlahiyyətlərini aşaraq, etdiyi  qanunsuz hərəkətləri ilə zərər vurmuşdur.
    Belə ki, mən kirayədə yaşayan 6 nəfərlik ailəmi, həmin yük maşını ilə qazandığım gündəlik vəsaitlə dolandırırdım.
    Mənim gündəlik qazancımın 50 AZN olmasını nəzərə alsaq, iyul ayının 10-dan bu günə kimi, 12 gün müddətində, O, məni artıq 600 AZN ziyana salıb.
    Mayıl Hacıyev vəzifə səlahiyyətlərini aşaraq, mənə ziyan vurmuş, balalarımı ac qoymuşdur.
   Şikayətimə o idarədə heç kim baxmadı, bildirdilər ki, işini Mayılla həll etməlisən. Dedikdə ki, sizin hərəkətlərinizdən müvafiq yuxarı orqanlara müraciət edəcəyəm, Mayıl Hacıyev mənə dedi ki, “mən yuxarı tanımıram, elə yuxarı mən özüməm, kimə istiyirsən şikayət elə.”
    MM-nin 1099.1-ci maddəsinə (Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti) əsasən, “ Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”.
    Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamenti hüquqi şəxsdir,  MM-nin 1099.1-ci maddəsinə əsasən, mənə dəymiş ziyanın ödənilməsi Mayıl Hacıyevin, mən bildiyimə görə, şöbə rəisi olduğu Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamentinin üzərinə qoyulmalıdır.
   Yuxarıda qeyd edilənlərə və MM-nin 21, 1097.1, 1099.1, MPM-nin 149-150-ci maddələrinə uyğun olaraq,

XAHİŞ   EDİRƏM:

    Mənə dəymiş ziyanın-- 600 manatın  Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamenti tərəfindən tam həcmdə ödənilməsi barede qetname qebul edesiniz.

Qoşma:   1. İddia ərizəsinin surəti
                2.Dövlət rüsumunun ödənilməsi barədə qəbz
                3. 85 BU 326 dövlət nömrə nişanlı, “ZİL” markalı  yük
                        avtomobilinin sənədlərinin surəti
                4. Etibarnamənin surəti
              
22  iyul    2008-ci il
                                        İmza:                                                      /A.N.Nağıyev/
_________________________________________________________________________________

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
Elmira xanım Süleymanovaya

Şikayətçi: Nağıyev Ağa Nəriman oğlu
Ünvanı: Bakı şəh., Nərimanov r-n, Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8
Əlaqə tel.: (055) 779-51-53, (012) 564-42-05/06

                                                                                         Şikayət
      Hörmətli Ombudsman!
     “Avtonəqliyyatservis” Departamentinin qanunsuz hərəkətləri və Xətai rayon prokurorluğunun faktiki hərəkətsizliyi nəticəsində mənim əmək hüququm və azad sahibkarlıqla məşğul olmaq hüququm pozulmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən,
“I. Əmək fərdi və ictimai rifahın əsasıdır.
II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır”.
   Azərbaycan Respublikasının Konstitusiyasının 69-cu maddəsinə əsasən, “Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.”
“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının 28 dekabr 2001-ci il tarixli, 246-II KQ saylı Konstitusiya Qanununun 8.1-ci maddəsinə əsasən, “Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının ... insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır”
   Hörmətli  Elmira xanım!
   Mən, 85 BU 326 dövlət nömrə nişanlı, mənə məxsus “ZİL” markalı  yük avtomobili ilə 10 iyul 2008-ci ildə Zirə-Qala yolu ilə hərəkət edərkən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentinin 4 nəfər müfəttişləri maşınımı saxladaraq vergi ödənilməsi barədə sənədlərimi istədilər. Mən də təqdim etdim. Uzun müddət, təxminən 2007-ci ildən bu günədək vergilər Naxçıvan MR-da ödəndiyi üçün, qəbzlər əlimdə deyildi. Bunu səbəb gətirərək, mənim etirazlarıma, “4 övlad atasıyam, balalarımı ac qoymayın, yoxlanış keçirilsin sonra nömrəmi açın”-deməyimə baxmayaraq, onlar nömrəmi açıb götürərək mənə heç bir möhürü, imzası olmayan kağız verdilər. Sonradan mənə məlum oldu ki, bu bildirişdir. “Qəbzləri, çatışmayan sənədləri gətirdikdə nömrəni götürərsən”-deyərək çıxıb getdilər.
    12 iyul 2008-ci ildə tələb olunan sənədləri toplayaraq “Avtonəqliyyatservis” Departamentində çalışan məsul şəxs Mayıl Hacıyevə təqdim edərək, nömrənin qaytarılmasını tələb etdim. O, lisenziyamın olmadığını, buna görə ya 150 manat rüşvət verməyimi ya da lisenziyanı təqdim etməyimi tələb etdi. Mən də, “sənə 150 manat rüşvət verməkdənsə, gedib lisenziyamı düzəldərəm”-deyərək, M.Hacıyevin yanından çıxıb lisenziyamı düzəltməyə başladım və 17 iyul 2008-ci ildə lisenziyamı və bütün çatışmayan sənədlərimi hazırlayıb M.Hacıyevə təqdim etdim. M.Hacıyev lisenziya və digər sənədlərə baxaraq, “Voobşe Naxçıvanda düzgün iş getmir, bu lisenziya saxtadır. Sənin avtomobilin köhnədir, ona lisenziya düşmür”-dedi və avtomobilimin dövlət qeydiyyat nişanını qaytarmaqdan imtina etdi.
Mən isə, ona: “Mən orasını bilmərəm. Əgər, dediyin kimidirsə, sorğu göndər ordan sənə lazımi cavabı verərlər. Mənə nə veriblər onu da təqdim edirəm”-dedim. 
    O, isə: “Yaxşı, 132 manat cəriməni ödə, get nömrəni götür”-dedi.
 Mən, “Bütün sənədlərim düzdür! Başqalarının heç bir sənədi olmadığı halda onlardan 50-100 manat alırsan, mənim bütün sənədlərim düz olduğu halda məndən 132 manat rüşvət istəyirsən. Yazılı hər hansı bir qəbz ver aparıb ödəyim”-dedikdə, M.Hacıyev-“Ona görə ki, onlar bizimlə işləyirlər, sən isə Naxçıvanla, ona görə də bu iş sənə daha baha başa gəlməlidir” deyərək məni küçə söyüşləri ilə təhqir edib, kabinetindən qovdu.
   Ona bildirdim ki, “səndən yuxarıya şikayət edəcəyəm, sən özbaşınalıq edirsən”.
    O isə, “Get hara istəyirsən şikayət et. Yuxarı elə mən özüməm”-dedi.
M.Hacıyevin yanından çıxdıqdan sonra həmin idarənin müdriyyətinə 2-3 gün ərzində dəfələrlə müraciət etməyimə baxmayaraq, məni orada heç kəs qəbul etmədi.  Nəhayət, bütün  bunlardan cana gələrək 22 iyul 2008-ci il tarixində Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov cənablarına, Nərimanov rayon məhkəməsinə və Nərimanov rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim. Nərimanov rayon prokurorluğu işi aidiyyəti üzrə Xətai rayon prokurorluğuna göndərdi.
Şikayətim üzrə işin araşdırılması müstəntiq Günay İsmayılovaya tapşırıldı.
     G.İsmayılova məndən izahat aldıqdan bir müddət sonra, 8 sentyabr 2008-ci ildə mobil telefonuma zəng vuraraq avtomobilimin nömrəsinin “Avtonəqliyyatservis” Departamentində olduğunu və gedib məsul şəxs Qəzənfər Əliyevdən nömrəni götürə biləcəyimi bildirdi. Mən, nömrəni götürmək üçün, nümayəndəmlə birlikdə “Avtonəqliyyatservis” Departamentinə getdim. Bizi, Q.Əliyev və Namiq adlı şəxs qəbul etdi. Təxminən 3 saat danışıqdan  sonra, nümayəndəm “yaxşı nömrəni aktlaşdırın verin”-dedikdə, onlar iş vaxtının qurtardığını bəhanə gətirdilər və “nömrəni Ağa gəlib götürər”-deyərək bizi yola saldılar.
    10 sentyabr 2008-ci ildə yenidən “Avtonəqliyyatservis” Departamentinə getdim. Q.Əliyev yalnız, ərizələrimin geri götürüləcəyi təqdirdə nömrəni geri ala biləcəyimi bildirdi və “Get nümayəndənlə məsləhətləş, dövlətlə dövlətçilik etməyəcəksiniz ki?! Bu, yuxarının tapşırığıdır”-dedi. Bu sözlərdən sonra mən tam əmin oldum ki, onlar mənim avtomobilimin dövlət nömrə nişanını verməyəcəklər və 12 sentyabr 2008-ci ildə “diktofonu” cibimə qoyaraq, yenidən “Avtonəqliyyatservis” Departamentinə getdim.  Mənə dəymiş ziyanın ödənilmədiyi təqdirdə ərizəmi geri götürməyəcəyimi bildirdikdə, bu dəfə məni, rəis müavini Eldar Adıgözəlovun yanına saldılar. Orada olan söhbəti, bundan əvvəl Sizə poçtla göndərdiyim, “Hürriyyət” qəzetinin 12-15  və 16-18 yanvar 2009-cu il tarixli saylarında  dərc olunan məqalənin surətindən və kompyuter diskindən Siz, artıq bilirsininiz.
Xətai rayon prokurorluğunun müstəntiqi G.İsmayılova bütün bunlara məhəl qoymayaraq, 15 sentyabr 2008-ci ildə “cinayət işinin başlanmasının rədd edilməsi dair” qərar qəbul etmişdir.
Həmin qərardan verdiyim şikayətə əsasən, qərar, Bakı şəhər Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yüsif  İldırımzadə tərəfindən 11 dekabr 2008-ci ildə ləğv edilmiş, iş düzgün araşdırılması üçün Xətai rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Mirdamət Əliyevə tapşırılmışdır.
M.Əliyev də öz növbəsində qeyri-obyektiv olaraq “cinayət işinin başlanılmasının rədd edilməsinə dair” 4 yanvar 2009-cu il tarixli qərar qəbul etmişdir.
Həmin qərardan verdiyim şikayətə əsasən, Xətai rayon məhkəməsi M.Əliyevin qərarını ləğv etmiş və material, əlavə yoxlama aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilmişdir. Xətai rayon prokurorluğu isə işi, araşdırılması üçün yenidən M.Əliyevə həvalə etmişdir.
Qeyd edim ki, işin M.Əliyevə həvalə edilməsinə etiraz olaraq Xətai rayon prokuroruna 17 mart 2009-cu il tarixli ərizə ilə müraciət etmişəm.
    Mən, Azərbaycan vətəndaşıyam, adi sürücüyəm. 6 nəfərdən ibarət ailəmin hüquqlarının tapdalanmasına prokurorluq və Nəqliyyat Nazirliyi böyük güclə səy göstərir. Bu hal, ölkəmizdə demokratiyanın pozulması istiqamətində kimlərinsə qərəzli səylərinin bariz göstəricisi və  müstəqil Azərbaycan Respublikasının  gələcəkdə  üzləşəcəyi  təhlükələrin ilkin xəbərçisidir. 
Ulu Öndərimiz, Azərbaycan Respublikasının Ümummilli Lideri, mərhum Prezidentimiz Heydər Əliyev cənablarının “Xalq dövlət üçün yox, dövlət xalq üçün çalışmalıdır” sözləri hörmətli Prezidentimiz İlham Əliyev cənablarının ətrafında cəmləşən bəzi dövlət məmurları tərəfindən hesaba qoyulmur.
Əgər, belə olmasaydı mənim avtomobilimin dövlət nömrə nişanının 8 ay öncə qanunsuz olaraq açılıb bu günə kimi mənimsənilərək saxlanılmasına yol verilməzdi.
Müdir müavini Eldar Adıgözlovun məndən açıq-aşkar rüşvət tələb etməsi buna əyani sübutdur.
ANS” TV və “XƏZƏR”  TV-də dəfələrlə departamentin işçiləri tərəfindən nömrələrin açılaraq götürülməsi göstərilsə də, prokurorluq buna göz yumur. Başa düşə bilmirəm, prokurorluq bu qədər dəlil-sübut  təqdim olunmasına baxmayaraq,  bu cinayətkar qurum qarşısında niyə acizdir?
Yuxarıda qeyd edilənlərə və “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının 28 dekabr 2001-ci il tarixli, 246-II KQ saylı Konstitusiya Qanununun 8.1 və 9.1-ci maddələrinə əsasən,

xahiş edirəm:


1. “Avtonəqliyyatservis” Departamentinin qanunsuz hərəkətlərinə son qoyulması,
2. Maşınımın dövlət nömrə nişanının mənə qaytarılması və
3. Təqsirkar şəxslərin qanunsuz hərəkətləri haqqında prokurorluq orqanlarının qanuni tədbirlər
    görməsi üçün əlaqədar orqanlara tapşırıqlar verəsiniz.

19 mart 2009-cu il
                                                       İmza:                                                           /A.N.Nağıyev/
_________________________________________________________________________________
Azərbaycan Respublikasının Baş Prokuroru
Zakir Qaralov cənablarına

Şikayətçi: Nağıyev Ağa Nəriman oğlu
Qeydiyyatda olduğu ünvan: Naxçıvan MR, Babək rayonu, Cəhri kəndi
Faktiki yaşadığı ünvan : Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi,
korpus 7, ev 12, mənzil 7/8
Əlaqə tel:  (055) 779-51-53
                                                                    
                                                             Ş İ K A Y Ə T

   Cənab baş prokuror!
   Mən, 85 BU 326 dövlət nömrə nişanlı, mənə məxsus “ZİL” markalı  yük avtomobili ilə 10 iyul 2008-ci ildə Zirə-Qala yolu ilə hərəkət edərkən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamentinin 4 nəfər müfəttişləri maşınımı saxlatdı, avtomobilin nömrəsini qanunsuz olaraq açıb götürdülər və mənə heç bir möhürü, imzası olmayan “Bildiriş” adlı qəbz verdilər. “Qəbzləri, çatışmayan sənədləri gətirdikdə nömrəni götürərsən”-deyərək çıxıb getdilər.
Bu hadisə barədə Sizə şikayət ərizəsi ilə müraciət etmişdim və həmin ərizə üzrə təhqiqat Xətai rayon prokurorluğunun müstəntiqi Günay İsmayılovaya tapşırılmışdır.
G.İsmayılova məndən izahat aldıqdan bir müddət sonra, 8 sentyabr 2008-ci ildə mobil telefonuma zəng vuraraq avtomobilimin dövlət nömrə nişanının “Avtonəqliyyatservis” Departamentində olduğunu və gedib məsul şəxs Qəzənfər Əliyevdən nömrəni götürə biləcəyimi bildirdi. Mən, nömrəni götürmək üçün, nümayəndəmlə birlikdə “Avtonəqliyyatservis” Departamentinə getdim. Bizi, Q.Əliyev və Namiq adlı şəxs qəbul etdi. Təxminən 3 saat danışıqdan  sonra, nümayəndəm “yaxşı, nömrəni aktlaşdırın verin”-dedikdə, onlar iş vaxtının qurtardığını bəhanə gətirdilər və “nömrəni Ağa gəlib götürər”-deyərək bizi yola saldılar.
10 sentyabr 2008-ci ildə yenidən “Avtonəqliyyatservis” Departamentinə getdim. Q.Əliyev yalnız, ərizələrimin geri götürüləcəyi təqdirdə nömrəni geri ala biləcəyimi bildirdi və “Get nümayəndənlə məsləhətləş, dövlətlə dövlətçilik etməyəcəksiniz ki?! Bu, yuxarının tapşırığıdır”-dedi. Bu sözlərdən sonra mən tam əmin oldum ki, onlar mənim avtomobilimin dövlət nömrə nişanını verməyəcəklər və 12 sentyabr 2008-ci ildə “diktofonu” cibimə qoyaraq, yenidən “Avtonəqliyyatservis” Departamentinə getdim. Mənə dəymiş ziyanın ödənilmədiyi təqdirdə ərizəmi geri götürməyəcəyimi bildirdikdə, bu dəfə məni, rəis müavini Eldar Adıgözəlovun yanına saldılar. Orada olan söhbət barədə isə qısa olaraq deyə bilərəm ki, rəis müavini Eldar Adıgözəlov rüşvət vermədiyim üçün məni məzəmmət etdi və məsləhət gördü ki,maşınımı da götürüm “Azərbaycanda yox gedim Naxçıvanda fəaliyyət göstərim”.
Müstəntiq Günay İsmayılova həmin iş üzrə “cinayət işi başlanılmasının rədd edilməsinə dair” 15 sentyabr 2008-ci il tarixli qərar qəbul etmişdir. Qərar mənə, Xətai rayon prokurorluğuna dəfələrlə israrlı müraciətimdən sonra 28 noyabr 2008-ci ildə, yəni 2 ay 15 gündən sonra təqdim edilmişdir.
Həmin qərardan verdiyim şikayətə əsasən, qərar,  Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzadənin 11 dekabr 2008-ci il rarixli qərarı ilə ləğv edilmiş, iş, düzgün araşdırılması məqsədi ilə Xətai rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Mirdamət Əliyevə tapşırılmışdır.
Kiçik ədliyyə müşaviri M.Əliyev işə qərəzli yanaşmış və “cinayət işinin başlanmasının rədd edilməsinə  dair”  04 yanvar 2009-cu il tarixli (baxmayaraq ki, 04 yanvar 2009-cu il qeyri iş gününə düşür) qanunsuz qərar qəbul etmişdir. Qərar mənə, Xətai rayon prokurorluğuna dəfələrlə israrlı müraciətimdən sonra 28 yanvar 2009-cu ildə, yəni qərarın qəbul olunduğu gündən 24 gün sonra təqdim edilmişdir.
Qərardan verdiyim şikayətə əsasən,  Xətai rayon məhkəməsinin 10 fevral 2009-cu il tarixli qərarı ilə, M.Əliyevin həmin qərarı ləğv edilmiş və material əlavə yoxlama aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilmişdir. Xətai rayon prokurluğu isə, işi, araşdırılması üçün yenidən Xətai rayon prokurorunun baş köməkçisi, kiçik ədliyyə müşaviri M.Əliyevə həvalə etmişdir.
Qeyd edim ki, işin yenidən M.Əliyevə həvalə edilməsinə etiraz olaraq Xətai rayon prokuroruna 17 mart 2009-cu il tarixli ərizə ilə müraciət etmişdim. Etiraz ərizəmin Xətai Rayon Prokurorluğuna 29 mart 2009-cu ildə daxil olmasına baxmayaraq, M.Əliyev əvvəlki hüquqi mövqeyinin düzlüyünü bir daha təsdiq etməkdən ötrü, yəni vəzifə maraqlarını təmin etmək məqsədi ilə “cinayət işinin başlanmasının rədd edilməsinə dair” 31 mart 2009-cu il tarixli yeni qərar qəbul etmişdir. Qərar mənə, Xətai Rayon Prokurorluğuna dəfələrlə israrlı müraciətlərimdən sonra 21 aprel 2009-cu ildə, yəni qərarın qəbul edildiyi gündən 21 gün sonra şəxsən təqdim edilmişdir.
Xətai Rayon Məhkəməsi, həmin qərardan verdiyim şikayəti təmin edərək, M.Əliyevin “cinayət işinin başlanmasının rədd edilməsinə dair” 31 mart 2009-cu il tarixli qərarının ləğv edilməsinə dair 12 may 2009-cu il tarixli qərar qəbul etmişdir.
Həmin iş üzrə Xətai rayon prokurorluğunda artıq 3 dəfə “cinayət işinin başlanılmasının rədd edilməsinə dair” qərar qəbul edilmiş, lakin hər üç qərarın qanunsuz olduğu sübuta yetirilmişdir.
 “Avtonəqliyyatservis” Departamentinin qanunsuz əməllərinin düzgünlüyünü təsdiq edən müxtəlif mötəbər sübutlar, yəni 2 ədəd kompyuter diski və hadisənin şahidi olmuş Zalov Qamət Mötəbər oğlu və Aslanov Kamran Məmmədtağı oğlunun prokurorluğa verdiyi izahatlar araşdırılmamışdır.
Cənab baş prokuror!
Mən, Azərbaycan vətəndaşıyam, adi sürücüyəm. 6 nəfərdən ibarət ailəmin hüquqlarının tapdalanmasına prokurorluq və Nəqliyyat Nazirliyi böyük güclə səy göstərir.
Bu hal, ölkəmizdə demokratiyanın pozulması istiqamətində kimlərinsə qərəzli səylərinin bariz göstəricisi və  müstəqil Azərbaycan Respublikasının  gələcəkdə  üzləşəcəyi  təhlükələrin ilkin xəbərçisidir. 
Ulu Öndərimiz, Azərbaycan Respublikasının Ümummilli Lideri, mərhum Prezidentimiz Heydər Əliyev cənablarının “Xalq dövlət üçün yox, dövlət xalq üçün çalışmalıdır” sözləri Sizin ətrafınınızda cəmləşən bəzi dövlət məmurları tərəfindən hesaba qoyulmur.
Əgər, belə olmasaydı mənim avtomobilimin dövlət nömrə nişanının 11 ay öncə qanunsuz olaraq açılıb bu günə kimi mənimsənilərək saxlanılmasına yol verilməzdi.
Müdir müavini Eldar Adıgözlovun məndən açıq-aşkar rüşvət tələb etməsi buna əyani sübutdur.
“ANS” TV və “XƏZƏR”  TV-də dəfələrlə departamentin işçiləri tərəfindən nömrələrin açılaraq götürülməsi göstərilsə də, prokurorluq buna göz yumur.
Son dəfə, 20 may 2009-cu ildə saat 23:00-da “ANS”TV-də efirə gedən  “İÇ XƏBƏR” verilişində, “Avtonəqliyyatservis” departamentinin müfəttişlərinin 1 nəfər vətəndaşı döydüklərini, nəticədə, həmin şəxsin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyini göstərmişlər.
Xətai rayon Prokluğunun bu hadisə barədə verdikləri ifadəyə görə, guya Xətai rayon prokurorluğuna daxil olan heç bir cinayət, üstü açılmamış qalmır.
Əgər belədirsə, bəs nəyə görə, “Avtonəqliyyatservis” Departamentinin əməkdaşları tərəfindən mənə qarşı törədilən cinayət əməlinin araşdırılmasına qeyri-obyektiv yanaşılır?
Başa düşə bilmirəm, prokurorluq bu qədər dəlil-sübut təqdim olunmasına baxmayaraq, bu cinayətkar qurum qarşısında niyə acizdir?
Avtomobillərin nömrə nişanları “Avtonəqliyyatservis” Departamentinin əməkdaşları tərəfindən qanunsuz olaraq açılıb saxlanılır və sürücülər bunun qarşısını almaq üçün cəhd göstərərkən “Avtonəqliyyatservis” Departamentinin əməkdaşları tərəfindən döyülürlər.
Gələcəkdə mənim “Avtonəqliyyatservis” Departamentinin əməkdaşları tərəfindən öldürülməyəcəyimə və ya şərlənməyəcəyimə kim zəmanət verə bilər?
Yuxarıda qeyd edilənlərə əsasən,

                                                           XAHİŞ EDİRƏM:

1. “Avtonəqliyyatservis” Departamentinin qanunsuz hərəkətlərinə son qoyulması,
2. Maşınımın dövlət nömrə nişanının mənə qaytarılması və
3. Təqsirkar şəxslərin qanunsuz hərəkətləri haqqında Xətai rayon prokurorluğunun
    qanuni tədbirlər görməsi üçün,  lazımi tapşırıqlar verəsiniz və həmin işi şəxsi nəzarətinizə
     götürəsiniz.

09 iyun 2009-cu il
                                                         İmza:                                                      A.N. Nağıyev





Hiç yorum yok:

Yorum Gönder