Hörmətli Prezident!
Siz bilirsinizmi ki, Sizi bu ölkənin məmurları saymır və Sizə hörmət etmirlər.
Məmurların şirin dili və yaltaqlığı Sizi aldatmasın.
Belə məmurların hesabına xalq Sizə nifrət edir.
Millətdə Sizə nifrət hissini coşduran idarələrin başında ƏMDK yanında DƏDRX-in Bakı ərazi idarəsi və onun rəisi Fərahim Mirzəyev və həmin idarənin qeydiyyat şöbəsinin müdiri Nigar Quliyeva gəlir (bu yazı yerləşdiriləndə F.Mirzəyev işdən azad edilmiş, N.Quliyeva isə daha da irəli çəkilərək rəis müavini təyin edilmişdi).
Sonuncunun məhz birinci ledi Mehriban xanımı təmsil etməsi və toplanan rüşvətin H.Əliyev Fonduna keçirilməsi barədə bu idarənin qarşısında məqsədli təbliğat aparılır. DƏDRX-də total korrupsiya və rüşvət hökm sürür.
Təbii ki, rüşvətxorluq və korrupsiya kimi ağır cinayətləri sübuta yetirmək üçün xüsusi orqanların müdaxiləsi lazımdır. Əgər MTN bu idarədə baş verənlərdən xəbərsizdirsə, deməli dövlətimizin iqtisadi təhlükəsizliyi şübhə altındadır.
Bütün idarələrdə rüşvət var. Ancaq buradakı rüşvətxorluq bütün əndazələri aşıb. Bunu sübut etmək üçün bu idarədəki icra intizamını yoxlamaq kifayətdir.
Əlbəttə, rüşvət və korrupsiya ən çətin sübut edilən cinayətlərdəndir. Ancaq Siz, həqiqətən də, dövlətimizin iqtisadi əsaslarını sarsıdan və şəxsən Sizə, eləcə də ailənizə qarşı xalqda nifrət aşılayan bu qanunsuzluqlara qarşı mübarizə aparmaq istəyirsinizsə, onda göstəriş verin DƏDRX-in Bakı ərazi idarəsində qanunların icrası vəziyyəti yoxlanılsın.
Siz də bir hüquqşünas və dövlət adamı kimi yaxşı bilirsiniz ki, rüşvət qoparmaqda ən sınanılmış və klassik üsul süründürməçilikdir.
Vətəndaş o qədər süründürülür ki, nəticədə, düşdüyü bəladan qurtulmağın "doğru" yolunu rüşvət vermədə görür.
"Dövlət reyestri haqqında" 29 iyun 2004-cü il tarixli Qanunun 5.3-cü maddəsinə əsasən,"Forma-1" arayışı 5 gün, 9.2-ci maddəsinə əsasən isə, mülkiyyət hüququna dair "Çıxarış" 20 gündən gec olmayaraq vətəndaşa təqdim edilməlidir. Bu idarədə vətəndaşlar aylarla süründürülür və qanunun bu tələblərinə əməl edilmir. Həmin sənədlərə görə rüşvətin aşağı məbləği 300 manatdan başlayır, yuxarı həddi isə bəlli deyil.
Məhkəmə qətnamələrinin icra edilməməsi və ya qanuni məhkəmə qətnamələrindən əsassız yerə apellyasiya şikayəti verərək vətəndaşın əlavə xərcə salınması (axı məhkəmələrimizdə də rüşvət tüğyan edir və hər məhkəmə iclasında sizə və ailənizə qarğışlar yağdırılır) adi hal alıb bu idarədə.
Rəis F.Mirzəyevin imzaladığı bəzi sənədlərdən aydın olur ki, bu adam öz savadsızlığı ilə tutduğu vəzifəyə layiq deyil.
Arif Qaraşovun ölənlərinə rəhmət oxudanlar, əslində bir Prezident kimi Sizin səhv kadr siyasəti aparmağınız barədə xalqda kifayət qədər mənfi rəy yaradıblar.
Şəxsən mən rüşvətin əleyhinə deyiləm. Çünki bu mərəz xalqın qanına və ruhuna yeridilib və bəzi məmurların rüşvətsiz işləyəcəklərinə inanmaq sadəlövhlük olardı.
Ya bu rüşvəti qanunlaşdırın ki,həmin məbləğdən də vergi verilsin, ya da məmurlara tapşırın ki, rüşvəti insafla alsınlar.
Heydər Əliyev Fondu həqiqətən də böyük işlər görür. Ancaq bu işlər alınan rüşvətlər hesabına görülürsə bu heç kimə lazım deyil.
Siz bir çıxışınızda kimlərinsə Fond adından dələduzluq etdiklərini dediniz və cəzalanmalarını tələb etdiniz.
DƏDRX-in Bakı ərazi idarəsində şəxsən mən öz qızım Turan Haqverdiyevanın və nümayəndəsi olduğum İsgəndər Məcidovun sənədlərini almaq istəyəndə mənə açıq şəkildə bildidrilib ki,Nigar Quliyevanı "görməliyəm". Nigarı isə bütün Azərbaycana Mühriban xanımın kadrı kimi təbliğ edirlər. əgər bu belə deyilsə ( səmimi etiraf edim ki, hələ ki mən də buna inanıram, yoxsa bu miqyasda həyasızlıq mümkün deyil), onda bu idarədəki özbaşınalıqların və qanunsuzluqların arxasında duran o qüdrətli adam kimdir.
"Dövlət Reyestri haqqında" Qanunun altında Sizin imzanız durur. əgər bu qanun olduğu kimi icra edilmirsə, Azərbaycan Dövləti adından çıxarılmış qətnamələr icra edilmirsə, onda Siz kimsiniz? Bir Prezident kimi Sizi saymayanlar, Sizə hörmət etməyənlər nəyə görə mənim də verdiyim vergi hesabına öz ailələrinə çörək aparmalıdırlar?
Bir də ki sayılmadığınız və ya hörmət edilmədiyiz bir millətə niyə prezident olmalısınız axı?
Mən ümid edirəm ki, Sizin göstərişinizlə və mənim iştirakımla bu idarədəki qanunsuzluqlar araşdırılacaq və qanuni tədbirlər görüləcək.
Hörmət və ehtiramla, Məmmədov Qurban Cəlal oğlu.
P.S. 08 avqust 2010-cu il tarixli şikayətimi DƏDRX-ə göndərdiyinizdən qəzəblənən F.Mirzəyev qızım Haqverdiyeva Turan Qurban qızının şikayəti ilə bağlı Nərimanov rayon məhkəməsinin 20 aprel 2010-cu il tarixli qətnaməsindən 146 gündən sonra, 16 avqust 2010-cu ildə apellyasiya şikayəti verib. Bunun nə demək olduğunu hörmətli Şahin Əliyev yaxşı bilir.
Məmur etikası və subardinasiya baxımından, eləcə də dövlətçilik və qanunçuluq baxımından isə, F.Mirzəyevin bu hərəkəti Sizə və adminstrasiyanıza və dövlətimizə tüpürməkdir.
Hiç yorum yok:
Yorum Gönder