12/28/2010

Oğurlandı, zorlandı və hüququ polis-istintaq orqanları tərəfindən tapdalandı.....

Qusar Rayon Məhkəməsinə

Oğurlanmış və zorlanmış ......    qızı tərəfindən,
Ünvanı: Qusar r-n, .......  kəndi
Əlaqə tel.: (+99450) 200-66-10, (+99412) 564-42-05 (nümayəndə)


          Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Yunisov Rəşad Zakir oğlunun HK-1/1125 
              saylı material üzrə qəbul etdiyi “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 20 oktyabr 
                          2010-cu il tarixli qərarına dair

Şikayət
(Məhkəmə nəzarəti qaydasında)
    Hörmətli hakim!
   Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Yunisov Rəşad Zakir  oğlunun həmin qərarı ilə mənim Qusar rayon Yuxarı Ləyər kənd sakini Balakişiyev Sərxan Fəxrəddin oğlu tərəfindən oğurlanaraq zorlanmağım barədə toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir.
Qərar 20 oktyabrda qəbul edilsə də, surəti mənə 01 noyabr 2010-cu ildə poçt vasitəsilə təqdim edilib.
Həmin qərar aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməlidir.
    Hörmətli hakim!
   Mən, həmkəndlim Balakişiyev Sərxan Fəxrəddin oğlu tərəfindən 17 dekabr 2009-cu ildə oğurlanaraq zorlanmışam. Bu barədə, mənim bioloji  anam Ospatova Həbibət Hacıverdi qızının Qusar RPŞ-yə və Qusar Rayon Prokurorluğuna verdiyi şikayət əsasında, işin araşdırılması ilkin olaraq Qusar RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı İbrahimov Məhəmməd Abdulkərim oğluna həvalə edilmişdir.
Müstəntiq M.A.İbrahimov toplanmış material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 yanvar 2010-cu il tarixli qərar qəbul etmişdir. Qərar Qusar Rayon Məhkəməsi tərəfindən ləğv edilmiş və iş yenidən araşdırılması üçün İstintaq Bölməsinə qaytarılmışdır.
Təkrar araşdırma zamanı müstəntiq M.İbrahimov tərəfindən heç bir ciddi araşdırma aparılmadan, ikinci dəfə də “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 aprel 2010-cu il tarixli qərar qəbul edilmişdir.
    Həmin qərar, prokuror nəzarəti qaydasında verilmiş şikayət əsasında Qusar Rayon Prokuroru Z.Vəliyev cənabları tərəfindən ləğv edilmiş, material araşdırılması üçün yenidən Qusar RPŞ-nin  İstintaq Bölməsinə qaytarılmışdır.
    İşin araşdırılması Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Yunisov Rəşad Zakir  oğluna həvalə edilmişdir.
    Müstəntiq R.Z.Yunisov da öz həmkarları kimi, mənim ilkin ifadəmi əsas götürərək, heç bir yeni araşdırma aparmadan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 iyun 2010-cu il tarixli qərar qəbul etmişdir.
    Qərar, nümayəndəm vasitəsilə verdiyim şikayət əsasında Qusar Rayon Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixli qərarı ilə ləğv edilərək, material araşdırılması üçün yenidən Qusar RPŞ-nin İB-nə qaytarılmış və təkrar istintaqın aparılması yenidən müstəntiq R.Z.Yunisova həvalə edilmişdir.
   Qərar belə əsaslandırılıb:
    “Birincisi: .....  yeva Qusar şəhərində, küçədə S.Balakişiyevlə görüşdüyü zaman S.Balakişiyev ona zor tətbiq etmiş olsaydı  .....yevanın ən azı qışqırıb səs-küy salmaq imkanı olmuşdur ki, o, bunu etməmişdir.Bundan başqa, Xaçmaz şəhərinə gedərkən ....yevanın yol boyunca S.Balakişiyevlə deyib-gülərək zarafat etməsi onun zorla qaçırıldığını deyil tam əksini, yəni könüllü getdiyini sübut edir, hansı ki, maşında onunla Sərxandan başqa sürücü və daha bir şəxs, Q.Seyidov olmuşlar və təbii ki, o, maşında səs-küy salıb Sərxanın onu zorla qaçırdığını desəydi, sürücü A.Sultanov və qabaqda oturmuş Q.Seyidov heç olmazsa özlərinin gələcəkdə cinayət məsuliyyətinə cəlb ediləcəklərindən çəkinərək buna yol verməzdilər.
     İkincisi: Xaçmaz şəhərində qaldıqları birneçə gün ərzində ......yevanın dəfələrlə imkanı olmuşdur ki, zorla qaçırıldığı halda bu barədə bildirsin, belə ki, S.Balakişiyev onun üçün ev kirayələmiş S.Məmmədovla mağazaya gedən zaman o, evdə təxminən bir saat ərzində tək qalarkən, S.Məmmədovun onlarla evdə oturub söhbət edərkən, ev sahibi E.Osmanovun ondan zorla qaçırılıb-qaçırılmadığı barədə soruşarkən və bir sıra hallarda da ..... yevanın ona qarşı zor tətbiq edildiyini bildirmək imkanı olmuş, lakin o, bunu etməmişdir. Bununla da sübuta yetirilir ki, ..... yeva S.Balakişiyevlə könüllü şəkildə qaçmışdır.
     Üçüncüsü: ... yeva Xaçmaz şəhərindən Bakı şəhərinə gedərkən, Bakı şəhərində avtovağzalda və eləcədə S.Balakişiyev əmisi Q.Balakişiyevin yaşadığı kənd Əhmədli qəsəbəsində, bundan başqa da Q.Balakişiyevin onlar üçün Ramana qəsəbəsində kirayələdiyi evdə yaşayarkən ... yeva dəfələrlə tək qalmış və onun zorla qaçırılması və zorlanması barədə bildirmək imkanları olmuş, lakin o, bunu etməmişdir.
    Dördüncüsü: Təyin edilmiş məhkəmə-tibb ekspertizasının 24 dekabr 2010-cu il tarixlə, 630 saylı rəyindən görünür ki, ....yevanın bədəni üzərində hər-hansı xəsarət və ya onun izləri aşkar edilməmişdir və həmin qərarın “İŞ HAQQINDA MƏLUMAT” hissəsində (səh14) .... yevanın öz sözlərindən göstərilmişdir ki, 17.12.2010-cu il tarixdə sevdiyi Balakişiyev Sərxan Fəxrəddin oğlu ilə könüllü olaraq ailə qurmaq məqsədi ilə qaçmış, 24.12.2010-cu il tarixədək onunla birlikdə yaşamış və bu məddət ərzində, 18.12.2010-cu il tarixdə öz istəyi əsasında Sərxan Balakişiyevlə könüllü şəkildə cinsi əlaqədə olmuşdur.Bu xüsusat əlavə məhkəmə-tibb ekspertizası zamanı da öz təsdiqini  tapmışdır. Sadalanan bütün hallar bir daha onu sübut edir ki, Sərxan Balakişiyev ....yevaya qarşı hər-hansı bir zorakılıq hərəkətləri etməmiş, istər 17 dekabr 2010-cu il tarixdə onunla Qusar şəhərindən Xaçmaz şəhərinə gedərkən, istər 19 dekabr 2010-cu il tarixdə Xaçmaz şəhərindən Bakı şəhərinə gedərkən S.Balakişiyev .....yevanı zorla aparmamış və birlikdə olduqları müddət ərzində onunla zorla cinsi əlaqədə olmamış, onların cinsi əlaqədə olmaları qarşılıqlı razılıqla baş vermişdir. Göründüyü kimi ....yevanın əvvəl S.Balakişiyevi sevərək onunla könüllü şəkildə qaçmasını və öz istəyi əsasında cinsi əlaqədə olmasını göstərməsi, lakin sonradan S.Balakişiyevin onu zorla qaçıraraq zorladığını bildirməsi onun anası  .... qızının birbaşa təzyiqi altında olmuşdur”
   
     Müstəntiq Z.R.Yunisov Qusar Rayon Məhkəməsinin, iş üzrə qəbul etdiyi 04 oktyabr 2010-cu il tarixli qərarında göstərdiyi, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün zəruri hesab olunan görülməli prosessual hərəkətlərin heç birini icra etməməklə, yalnız mənim oğurlanaraq zorlanmağımda bilavasitə iştirak etmiş Aydın Sultanovu təkrar dindirməklə, əvvəlki mövqeyini təkrar edən 20 oktyabr 2010-cu il tarixli qərar qəbul etmiş, bununla da, işin nəticəsində maraqlı olduğunu bir daha təsdiq etmişdir.
   Həmin qərar əvvəlki ləğv edilmiş qərarlarla məzmun və mahiyyət baxımından eynidir və demək olar ki, cümlə-cümlə onların təkrarıdır.
    Müstəntiq R.Z.Yunisov materiallar onun icraatına daxil olandan sonra heç bir prosessual hərəkət etməmiş, əslində, material üzrə heç bir araşdırma aparmamışdır. Buna o, heç cəhd də göstərməmişdir.
  Belə ki, Qusar Rayon Məhkəməsi 04 oktyabr 2010-cu il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 iyun 2010-cu il tarixli qərarı ləğv etmiş və materiallar ən tezi 08-09 oktyabr 2010-cu ildə müstəntiq R.Z.Yunisovun icraatına verilmişdir. O da, bu 11-12 gün ərzində heç bir əlavə araşdırma aparmamış, buna heç fiziki imkanı və zamanı da olmamışdır. “Adam oğurlama” və “zorlama” kimi ağır cinayət hadisələrinin 1 həftəyə tədqiq oluna bilməsinə inanmaq, sadəlövhlük olardı.
     Müstəntiq həmin qərarı qəbul edərkən, aşağıdakı arqumentlərə əsaslanmışdır:
“1. Məhkəmə tibbi ekspertizasının 24 dekabr 2009-cu il tarixli 630 saylı və əlavə məhkəmə tibbi ekspertizasının 07 yanvar 2010-cu il tarixli 01A saylı rəylərinə əsasən, müəyyən edilmişdir ki, A.Niftəliyevanın bədənində hər-hansı xəsarət və ya onun izi, o cümlədən, fiziki zor tətbiq etməklə zorla cinsi əlaqədə olmaya uyğun olan xəsarətlər aşkar edilmədi.
2. 13 aprel 2010-cu il tarixdə Qusar RPŞ-nin CAB-nə əməliyyat tapşırığı verilmiş və 17 dekabr 2009-cu il tarixdə Balakişiyev Sərxan Fəxrəddin oğlu tərəfindən yetkinlik yaşına çatmamış Niftəliyeva Azadə Arxabala qızının zorla bıçaqla hədələmə yolu ilə qaçırılması bir daha təsdiq olunmamışdır.
3. Araşdırma zamanı izahatı alınmış Dadaşova Günay Ədalət qızı göstərmişdir ki, Azadə ona Sərxanla bir-birilərini sevdiklərini və gələcəkdə Sərxanla ailə qurmaq fikrində olduğunu danışmışdır. Lakin, Azadənin anası Həbibə buna razı deyil, ona görə də Azadə Sərxana qoşulub qaçaraq ailə quracaqlarını ona demişdir.
4. Araşdırma zamanı AZERCELL telecom MMC-yə müraciət edilərək A.Niftəliyevaya məxsus 050 860-58-16 nömrəli telefona daxil olan və həmin nömrədən çıxan mesajların və S.F.Balakişiyevə məxsus 050 353-25-14 nömrəli telefona daxil olan və həmin nömrədən çıxan mesajların mətnindən göründüyü kimi, Azadə və Sərxan daima telefon əlaqəsi saxlayaraq, bir-birilərini sevdiklərini və həmişə də sevəcəklərini bildirmişlər, vaxtaşırı görüşmüşlər, gələcəkdə ailə quracaqları və övladlarının adlarını kimin qoyacağı barədə (14 noyabr 2009-cu il tarixdə 20:25:56-da Azadənin Sərxana göndərdiyi mesaj) danışmışlar”.
    Müstəntiq R.Yunisov yuxarıda qeyd etdiyim bu dörd “arqumenti” gətirdikdən sonra, belə bir nəticəyə gəlmişdir ki, “17 dekabr 2009-cu il tarixdə ....yevanın ailə qurmaq məqsədi ilə həmkəndlisi Balakişiyev Sərxan Fəxrəddin oğlu ilə getməsi, onunla cinsi əlaqədə olması öz razılığı əsasında olmuşdur”. Guya “həmin xüsusatlar araşdırma zamanı şahid qismində dindirilmiş şəxslərin izahatları və məhkəmə tibbi ekspertizasının rəyləri ilə də təsdiq edilir”.
     Hörmətli hakim!
    Müstəntiq R.Yunisov indiki halda müstəntiq kimi yox, bir ekspert kimi çıxış etmiş, özü şəxsən heç bir araşdırma aparmaya-aparmaya, ondan əvvəl toplanmış materiallara öz məntiqinə uyğun qiymət verməyə çalışmışdır.
    Onun həmin “arqumentləri” aşağıdakılara görə tamamilə əsassızdır:
1. Zorlama cinayətinin sübut edilməsi üçün, təkcə zərərçəkmişin bədənində hər-hansı xəsarətin və ya fiziki zor tətbiq etməklə zorla cinsi əlaqədə olmaya uyğun olan xəsarətlərin aşkar edilməsi vacib deyil. Şəxsi zorlamaq üçün, fiziki zor tətbiq etmə yeganə üsul deyil. Zərərçəkmişin bədənində hər-hansı fiziki zor tətbiq etmə izlərinin olmaması onun zorla cinsi əlaqəyə məcbur edilməsini istisna etmir. Çünki AR CM-nin 149.1-ci maddəsinin dispozisiyasına görə, “zorlama” dedikdə, “zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma” başa düşülür.
“Zor tətbiq etməklə hədələmə”nin və “zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etmə”nin nə demək olduğu barədə hüquq elmləri doktoru, professor Firudin Yusif oğlu Səməndərovun elmi redaktorluğu ilə çap edilmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası”nda (bax: “Digesta” nəşriyyatı, Bakı-2005, səh. 343-344) geniş şərh verildiyi üçün, bu barədə əlavə nəsə yazmaqla vaxtınızı almaq istəmirəm. Ancaq, müstəntiq R.Yunisovun mənim bədənimdə yalnız fiziki zor tətbiq etməklə zorlama izlərinin olmamasına istinad edərək, həmin qərarı qəbul etməsi tamamilə əsassızdır.
    SSR Ali Məhkəməsi Plenumunun “zorlama işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1964-cü il 25 mart tarixli qərarında deyilir ki, “Zorlama o halda zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edilməklə törədilmiş sayılır ki, o, özünün psixi və fiziki vəziyyətinə görə (azyaşlı olması, fiziki qüsurlarının olması və s.) onun barəsində edilən hərəkətlərin mənasını anlasa da, təqsirkara müqavimət göstərmək imkanından məhrum olsun, təqsirkar isə, belə vəziyyətdə olan zərərçəkmişlə cinsi əlaqəyə girdiyini dərk etmiş olsun (bax: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası “Digesta” nəşriyyatı, Bakı-2005, səh. 344)”.
     “Zorlama” eyni zamanda, zərərçəkmişin yaxın qohumlarına, habelə, zərərçəkmiş şəxsə əziz olan başqa şəxslərə qarşı fiziki zor tətbiq ediləcəyi ilə qorxutmada ifadə olunan “zor tətbiq etməklə hədələmə” yolu ilə də həyata keçirilə bilər.
   Mən 26 oktyabr 1993-cü ildə doğulmuşam. 17 dekabr 2009-cu ildə zorlananda, 16 yaşımı yenicə doldurmuşdum. Fiziki baxımdan çəlimsiz və zəif bir qız uşağıyam. Sərxan Balakişiyev isə, fiziki baxımdan məndən 3 dəfə sağlam, ucaboylu və güclü birisidir.
    İş üzrə şahid kimi dindirilmiş Osmanov Eyvaz Hacıbaba oğlu (mən ona məxsus Xaçmaz şəhəri, Məktəbli küçəsi, 51 saylı evdə zorlanmışam) ifadə verib ki, guya Sərxan onun evinin 2-ci mərtəbəsində olmuş, onunla 1 saat söhbət etmiş, bu müddət ərzində mən həyətdə olan kirayədə yaşadığım otaqda tək qalmışam, söhbət zamanı Sərxan E.Osmanova bildirmişdir ki, məni 2-3 həftə bundan əvvəl qaçırmış və Qusar rayonunda yaşamışıq və guya anam Həbibə razı olmadığına görə məni uzaqlara aparmaq qərarına gəlmişdir. E.Osmanov daha sonra göstərib ki, guya 18 dekabr 2009-cu ildə (zorlandığım gün) mənimlə söhbət etmiş, mən isə ona “biz bir-birimizi 3 ildir sevirik, öz xoşumla, öz razılığımla gəlmişəm, biz bir-birimizə 3 həftədir qovuşmuşuq və s.” deyə cavab vermişəm. E.Osmanov da bizə “mən kasıb adamam, ağrımayan başıma yaylıq bağlamaq istəmirəm, mənim evimi tərk edin” desə də, biz heç olmasa bu gecəni orada qalmağımızı xahiş etmişik. Zorlama da elə həmin gecə baş vermişdir. Müstəntiq R.Yunisov E.Osmanovun həm öz-özlüyündə, həm də mənim ifadələrimlə ziddiyyətli olan (çünki mən E.Osmanovu görmədiyimi, Xaçmaz rayonunda tanımadığım bir həyətdə bağlı qapı arxasında Sərxanla birlikdə qaldığım barədə ifadə vermişəm) bu xüsusatları araşdırmamış, onu təkrar dindirməmiş, mən və Sərxanla üzləşdirməmiş, yuxarıda da qeyd etdiyim kimi, ekspertsayağı özündən əvvəl toplanmış materiallara qiymət verməklə kifayətlənmişdir.
    2. Müstəntiq R.Yunisovun yuxarıda qeyd etdiyim ikinci arqumentindən başa düşmək mümkün olmur ki, mənim 25 dekabr 2009-cu il tarixli izahatlarım Qusar RPŞ-nin CA Bölməsi tərəfindən necə araşdırılmış və ümumiyyətlə, belə bir araşdırma mümkün olmuşdurmu? CA Bölməsi mənim zorla bıçaqla hədələmə yolu ilə qaçırılmadığım və zorlanmadığım barədə təhqiqat orqanına hansı dəlil və sübutları təqdim etmişdir? Bu barədə, qərarda bir kəlmə də olsun yoxdur.
3. Mən, Sərxanı həqiqətən də sevdiyimi, onunla mesajlaşdığımı özüm də inkar etmirəm. Lakin otaq yoldaşım Dadaşova Günay Ədalət qızının izahatında qeyd edildiyinin əksinə olaraq,  Sərxanla qoşulub qaçacağım barədə ona heç nə deməmişəm, əksinə, xalası qızı ilə nişanlı olduğunu bildiyim andan etibarən, Sərxandan ayrılmışam, ona nifrət etmişəm və bu barədə, G.Dadaşova da bilmişdir. G.Dadaşova ilə mənim ifadələrimdəki bu xüsusatlar barədə ziddiyyətli mövqelər müstəntiq tərəfindən araşdırılmamış, biz üzləşdirilməmişik, ziddiyyətlər aradan qaldırılmadan qanunsuz qərar qəbul edilmişdir.
4. Müstəntiq R.Yunisov həmin qanunsuz qərarını əsaslandırmaq üçün, AZERCELL telekom MMC-dən mənim Sərxana göndərdiyim sevgi mesajlarını çox böyük həvəslə şərh etsə də, bıçaq hədəsi ilə zorla qaçırıldığım və s. barədə bacım Esmira Əliyevaya yazdığım aşağıda qeyd etdiyim mesajı araşdırmaqdan  yayınmışdır.
    Hörmətli hakim!
   Cinayət hadisəsi belə baş verib:
  Mən, Azərbaycan Respublikası Dövlət Pedaqoji Kollecinin Qusar rayon filialının 1-ci kursuna qəbul olmuşam, həmin Kollecin tələbəsi Dadaşova Günay Ədalət qızı ilə birlikdə Qusar şəhəri T.İsmayılov küçəsi, 132 saylı evdə kirayədə yaşamağa başlamışam.
    17 dekabr 2010-cu ildə həmkəndlim – azyaşlı Vəlibəyov Peyman Əhrulla oğlu mənim  kirayədə yaşadığım evin qapısını döyərək, anamın mənə çanta göndərdiyini dedi və çantanın İcra Hakimiyyətinin qarşısında olduğunu bildirdi. Mən, bir evdə yaşadığım Dadaşova Günay Ədalət qızı ilə birlikdə İcra Hakimiyyətinin qarşısına getdim, orada mənə çatası heç bir çantanın olmadığını gördükdə, Vəlibəyov Peyman Əhrulla oğlundan çantanın harada olduğunu soruşdum. P.Ə.Vəlibəyov cavabında gülümsəyərək qaçıb getdi. Mən, Peyman Vəlibəyovun bu hərəkətindən şübhələnərək G.Ə.Dadaşova ilə birlikdə, dərhal evə qayıtdım. Yolda, heç kəsin olmadığı bir yerdə Qusar rayonu, Ləyər kənd sakini Balakişiyev Sərxan Fəxrəddin oğlu hasarın arxasından çıxdı və mənim qolumdan yapışaraq saxladı, mənimlə söhbəti olduğunu dedi. G.Dadaşova getmək istəyəndə, mən ona “gözlə bir yerdə gedək” - dedim. Çünki Sərxan son vaxtlar məni tez-tez telefonla hədələyirdi. Bundan Günayın da xəbəri də var idi. Günay məni gözləmədi (görünür, nişanlı olduğu üçün, öz gələcəyindən narahat olmuşdur) və sürətli addımlarla oradan uzaqlaşdı. Bundan sonra Sərxan Balakişiyev əlindəki bıçağı mənim böyrümə dirədi, onunla birlikdə getməyəcəyim təqdirdə, məni və özünü öldürəcəyi ilə hədələdi. Mən nə qədər dartınsam da, məndən fiziki cəhətdən xeyli güclü olan Sərxan məni buraxmadı. Bıçaqla birlikdə tutduğu əl telefonunun düyməsini basdı və “tez olun” – deyə kiməsə xəbər verdi. Dərhal bizim yanımızda bir taksi durdu. S.Balakişiyev mənim  qolumdan dartaraq taksiyə oturtdu. Mən, sürücünü və onun yanında oturan başqa bir adamı tanıdım, onların Sərxanın dostları olduğunu bildim. Mən qorxu və vahimədən, eləcə də, Sərxanın əsəbi vəziyyətindən tam iradəsiz hala düşmüşdüm. Mən müqavimət göstərməyin mənasız olduğunu və həyatımın təhlükədə olduğunu dərk edirdim. Taksi bizi Xaçmaz rayonuna gətirərək, hansısa bir evin həyətində düşürüb getdi, S.Balakişiyev məni həmin həyətdə kiçik bir otağa saldı və bütün gün qapıdan çıxmağa qoymadı, özü də mənim yanımdan ayrılmdı. Kimsə bizə çörək gətirirdi. Bir dəfə Sərxan həmin adamla görüşmək üçün çıxanda, fürsətdən istifadə edərək, S.Balakişiyevin istifadəsində olan +994555840278 nömrəli mobil telefondan bacım Əliyeva Esmira Nizami qızının istifadəsində olan +994558953951 telefon nömrəsinə mesaj yazdım.
   Həmin mesajın məzmunu belədir: “Ya onunla yaşamalıyam, ya da ikimizi də öldürəcək. Niyə başa düşmürsən, ölməyim yaxşıdı? Mən də mamamı fikirləşirəm, əlində bıçaq vardı”.
    S.Balakişiyev mənə əl vurmayacağını dedi. Ancaq sabahısı gün, yəni 18 dekabr 2009-cu ildə gecə Sərxan məni döyərək zorladı. Mən nə qədər ona yalvarsam da, S.Balakişiyev mənə qulaq asmadı və “bunu etməliyəm ki, qohumların mənə mane olmasınlar, sən mənim olmalısan” – dedi. Bütün bu müddət ərzində S.Balakişiyev məni tez-tez əlindəki bıçaqla öldürəcəyi ilə hədələyirdi. Mənim ona müqavimət göstərmək imkanım fiziki və psixoloji baxımdan mümkün olmamışdır.
       Səhərisi gün S.Balakişiyev məni avtobusla Bakıda yaşayan əmisigilə apardı. Evdən çıxanda, “avtobusda ağlayacağım və səsimi çıxaracağım halda” məni öldürəcəyi ilə hədələdi. S.Balakişiyev məni 3 gün Bakıdakı Qılınc adlı əmisinin evində saxladı, dördüncü gün isə, əmisinin polis işləyən İlqar adlı dostunun evinə apardı. Mən orada başa düşdüm ki, anamın şikayətinə əsasən, bizi axtarırlar.
   Həmin “polis İlqar” mənə izahat yazdırdı və məni başa saldı ki, onsuz da heç kəs məni qəbul etməyəcək, evimizə dönə bilməyəcəyəm, iş-işdən keçdiyinə görə, yəni artıq qadın olduğuma görə, mən daha ailə qura bilməyəcək və küçələrdə məni çox acı bir tale gözləyir. “Polis İlqar” mənə yazdırdı ki, guya mən özüm gəlmişəm, Sərxanı sevmişəm və onunla ailə qurmaq istəmişəm. “Polis İlqar”ın ondan izahat aldığı günün səhərisi biz Qusar RPŞ-yə getdik. “Polis İlqar” da bizimlə polisə getdi və oradakı təhqiqatçı ilə əvvəlcədən mənim iştirakım olmadan nəsə danışdılar. Sonra həmin təhqiqatçı məni dindirdi və İlqara verdiyim izahata uyğun izahat verməyin vacib olduğunu bildirdi. Hətta, dindirmə zamanı, İlqar: “Mən izahat yazdırmışam” – deyəndə, təhqiqatçı ona bildirdi ki, “biz özümüz həmin izahatı almalıyıq, qoy olduğu kimi köçürsün”. Mən də həmin izahata uyğun izahat verdim. İzahatı verib qurtardıqdan sonra, anam, xalam və bacım içəri  daxil oldular. Onların mənə olan münasibətindən başa düşdüm ki, “polis İlqar”ın və Sərxanın deməsindən fərqli olaraq, onların məni atmaq fikri yoxdur, anam məni qəbul edir, “küçələrdə qalmamaq üçün” Sərxanla ailə qurmağa məhkum deyiləm. Mən həmin gün anamla getdim və sabahısı gün Qusar RPŞ-yə qayıdaraq, hadisələrin əslində necə olduğu barədə izahat verdim. Müstəntiqlər isə, mənim Sərxanla aramızda olan telefon  mesajlarına istinad edərək, cinayət işi qaldırmaqdan imtina edirlər.
    Hörmətli hakim!
   Mən, həqiqətən də, Sərxanı sevmişəm. Bəlkə də, azyaşlı olduğuma görə, nə istədiyimi də qanmamışam. Ancaq S.Balakişiyevin öz xalası qızı ilə nişanlı olduğunu bildiyim andan, ona olan sevgim kəskin bir nifrətə çevrilmiş və mən bir qız kimi aldadıldığımı, ələ salındığımı və təhqir olunduğumu başa düşərək, ondan imtina etmişəm. Məhz, bu andan sonra Sərxan Balakişiyev məni sistemli olaraq telefon vasitəsilə hədələmiş, həyatımı cəhənnəmə döndərmiş və sonda da məni oğurlayaraq zorlamışdır.
    Hesab edirəm ki, bu ağır cinayət işinin yenidən obyektiv araşdırılması üçün həmin qərar ləğv edilməli və araşdırma zamanı aşağıdakı prosessual hərəkətlər həyata keçirilməlidir:
a) Mən, zorlandığım evin sahibi Osmanov Eyvaz Hacıbaba oğlu ilə üzləşdirilməliyəm.
b) Bakı şəhərində öz evində məndən ilkin izahat alan “polis İlqar”ın şəxsiyyəti müəyyənləşdirilərək izahatı alınmalı və mənimlə üzləşdirilməlidir.
c) Qusar rayonunda mənimlə bir evdə kirayədə yaşayan Dadaşova Günay Ədalət qızı mənimlə üzləşdirilməlidir.
ç) Bacım Esmira Əliyeva dindirilməli, S.Balakişiyevin istifadəsində olmuş +994555840278 nömrəli mobil telefonundan E.Əliyevaya məxsus +994558953951 nömrəli telefona həmin dövrdə daxil olan mesajlar “Bakcell” ATSC-dən alınaraq iş materiallarına əlavə edilməli və hüquqi baxımdan qiymətləndirilməlidir.
     Hörmətli hakim!
     Qeyd edilənlərdən başqa aşağıdakıları diqqətinizə çatdırmağı vacib hesab edirəm:
-- Əgər mən ilkin izahatımı sərbəst iradə ifadəmə uyğun olaraq yazmış olsaydım, bəs nəyə görə, ilkin ifadəmdə “sevmişəm” dediyim insanla evlənməyə razılıq vermirəm, televiziyalarda, qəzetlərdə, məhkəmə və istintaq orqanlarında, öz ləkələnmiş namusumun və pozulmuş hüquqlarımın müdafiəsi  üçün çalışıram?
-- Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında elə bir fakt varmı ki, öz istəyilə qaçırıldığını və öz razılığı ilə cinsi əlaqəyə girdiyini söylədiyi insanla ailə qurmaq istəməsin? Belə bir fakt mövcud deyil. Çünki, heç bir Azərbaycan qadını, eləcə də mən, adına ləkə gətirilməsini, zorlanaraq atılmasını istəməz.
-- Müstəntiq öz qərarında, mənim telefon nömrəmdən S.Balakişiyevin mobil telefonuna gedən “sevgi mesajları”na və onunla aramızda sevgi münasibətlərinin olmasına istinad etmişdir. Mən S.Balakişiyevi sevmiş olsam da belə, bu, mənim oğurlanaraq zorlanmağım üçün əsas ola bilməz. Hətta, rəsmi nikah münasibətlərində olan qadın da, öz əri tərəfindən zorlana bilməz. Mən isə, Sərxanın öz xalası qızı ilə nişanlı olduğunu bidiyim andan nəinki onu sevməmiş, əksinə, ona nifrət etmiş, ondan iyrənmişəm.
-- Müstəntiq R.Z.Yunisov öz qərarında ekspertiza rəyinə əsaslanaraq, bədənimdə zorlanma əlamətləri olmadığı üçün, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Çəlimsiz bir qız uşağını zorlamaq üçün, heç də ona qarşı mütləq fiziki zor tətbiq etməyə ehtiyac yoxdur. Zorlama cinayəti təkcə fiziki zor tətbiq etməklə həyata keçirilmir, bu, həm də şəxsin psixi və mənəvi təzyiq altına salınması ilə də baş verə bilər (Bax: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyası, elmi redaktor: Firudin Yusif oğlu Səməndərov, “Digesta” nəşriyyatı, Bakı-2005, səh. 344).
S.Balakişiyev də məni Xaçmaz rayonuna qaçıraraq, orada yalnız ikimizin olduğu bir otağa salmış, məni və ailə üzvlərimi öldürəcəyi ilə hədələmiş, iradəmi qıraraq, məni zorlamışdır.
    Hörmətli hakim!
   Müstəntiq R.Yunisov və həmkarları bu ağır cinayət hadisəsini cinayət yox, normal hal hesab edirlərsə, əmin ola bilərsiniz ki, azadələrin sayı durmadan artacaq, Sərxan Balakişiyevin növbəti qurbanlarının sayı-hesabı olmayacaq.
    Yuxarıda qeyd edilənlərə və CPM-nin 449.1.4, 449.2.2,  449.3.5, 450, 451.1.2 və 451.2.8-ci maddələrinə əsasən,
                                                             Xahiş edirəm:

-- Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı  Yunisov Rəşad Zakir oğlunun HK-1/1125 saylı material üzrə qəbul etdiyi “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 20 oktyabr 2010-cu il tarixli qərarının ləğv edilməsi,
-- İşin istintaqını aparmaq vəzifəsinin Qusar Rayon Prokurorluğuna həvalə edilməsi,
-- Mənim Qusar RPŞ-yə təqdim etdiyim şikayət ərizəm üzrə cinayət işi qaldırılması vəzifəsinin Qusar Rayon Prokurorluğunun üzərinə qoyulması,
-- İstintaqın tam, hərtərəfli və obyektiv aparılması üçün prokurorluğun müstəntiqinin rəhbərliyi altında istintaq qrupunun yaradılması və 055 584-02-88 saylı mobil telefondan 055 895-39-51 nömrəli mobil telefona və əksinə 13-17 dekabr 2009-cu il tarixdə göndərilmiş mesajların mətnlərinin “Bakcell LTD” MMC-dən alınması, eləcə də yuxarıda göstərdiyim prosessual hərəkətlərin həyata keçirilməsi vəzifəsinin Qusar Rayon Prokurorluğuna həvalə edilməsi və ibtidai istintaqın qanuni və obyektiv aparılmasını təmin etmək vəzifəsinin Qusar rayon prokuroruna tapşırılması barədə qərar qəbul edəsiniz.

      İşin nəticəsində maraqlı olan Qusar RPŞ-nin İB-nin müstəntiqləri M.İbrahimovun və R.Z.Yunisovun barəsində qanuni tədbirlər görülməsi üçün xüsusi qərardad qəbul edəsiniz

Qoşma: -- Şikayətin surəti,
                  -- Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı  Yunisov Rəşad Zakir oğlunun HK-1/1125 saylı material üzrə
                qəbul etdiyi “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 20 noyabr 2010-cu il tarixli qərarının surəti,

05 noyabr 2010-cu il

         İmza:                                                     / A.A.Niftəliyeva /


Hiç yorum yok:

Yorum Gönder