Rafiq Tağının həbsi İslama ləkədir.
Qurban bəy, Rafiq Tağının həbsi ilə bağlı sizin düşüncələriniz necədir?
Rafiq Tağı ilə bağlı hadisələr utanc vericidir. Mən hesab etmirəm ki, Allahın, Qurani-Kərimin və İslam dininin bir qrup nardaranlının müdafiəsinə ehtiyacı var. Şübhəsiz ki, Rafiq Tağı çox böyük səhv edib və həqiqətən də Peyğəmbərin və İslamın əleyhinə təhqiramiz fikirlər söyləyib. Ancaq heç kimin buna görə Rafiq Tağıya ölüm fitvası verməsinə hüququ yoxdur. Azərbaycan dünyəvi dövlətdir və istənilən mübahisə mövcud qanunlar çərçivəsində həll edilməlidir.
Sizcə bu necə olmalıdır?
Mən məsələnin dini və əxlaqi tərəfləri barədə öz fikirlərimi bildirmək istəyirəm.
Əgər xatirinizdədirsə, vaxtilə Əbülfəz Elçibəyi vəhşicəsinə vuran adam nardaranlı idi. Mən soruşmaq istəyirəm: nardaranlılar onu cəzalandırdılarmı? Ən azı ictimai qınağa məhkum etdilərmi? Yasını və toyunu adamsız qoydularmı? Ondan salam alıb, salam vermədilərmi?
Axı Həzrəti Əli aşiqləri yaxşı bilirlər ki, haqsızlığa qarşı mübarizə aparmaq hər bir müsəlmanın borcudur. Respublikamızın hər yerində olduğu kimi, Nardaranda da minlərlə namuslu, qeyrətli və cəsarətli vətəndaşlarımız var. Ancaq bir qrup şəxsin qalxıb nardaranlıların adından fitva verməsi İslam dinini hörmətdən salmaqdan və Qərbin də bu gün iddia etdiyi kimi İslamı vəhşi və terrorçu bir din kimi göstərməkdən başqa bir şey deyil. Qərb də elə bunu istəyir.
Qurani-Kərimdə bir ayə var: «İslamda zor yoxdur». Vaxtilə bir cəbhədə olduğum, hüquqlarını müdafiə etdiyim və şəxsiyyətinə hörmət etdiyim Hacı Əlikramın bu ayəni yaxşı bilməsinə heç bir şübhəm yoxdur. Hörmətli Hacı həm də onu yaxşı bilir ki, İslamda bağışlama və tövbə institutu var. Rafiq Tağı televiziya vasitəsilə səhv etdiyini etiraf etmiş və üzr istəmişdir. Bundan sonra onu bağışlamamağa kimin haqqı var? Axı «Allah bağışlayandır və bağışlayanları sevər, bağışlananlarla yaxşı rəftar edin» ayəsi də Qurani-Kərimdəndir.
Qanamayan yerdən qaşıyıb qan çıxarmaqda məqsəd nədir? Rafiq Tağıya ölüm hökmü kəsənlər Respublikamızda tüğyan edən haqsızlığa, qız-gəlinlərimizi fahişəliyə, kişilərimizi işsizliyə məhkum edən bu rejimə qarşı nədən çıxış etmirlər?
Axı Həzrəti Əli bizə belə buyurmayıb. Bir də hansı nardaranlı iddia edə bilər ki, Allahı, Peyğəmbəri və Quranı məndən, Rafiq Tağıdan ve ya bir başqa müsəlmandan daha çox sevir, daha çox inanır? Əsil müsəlman istənilən haqsızlığa qarşı mübarizə aparandır. Mən son 3-4 ildə bu rejimin qanunsuz və cinayətkar əməllərinə qarşı keçirilən heç bir tədbirdə nardaranlıları belə mütəşəkkil dəstə halında görməmişəm. Əlbəttə, ayrı-ayrı nardaranlı bacı və qardaşlarım həmişə bizimlə çiyin-çiyinə olublar. Ancaq belə mütəşəkkil qaydada - «nardaranlılar da sizinlədir» şüarı ilə yox. İslamı heç kəsin inhisarına verməyiblər. Hətta Qurani-Kərimdə Allah Təala Peyğembere buyurur ki, "İslamı özüm qoruyacağam, sen tebliğ et". Allahınsa, bizim köməyimizə ehtiyacı yoxdur. Əksinə, bizim, Rafiq Tağının və həmin o nardranlıların Allaha ehtiyacı var. Əgər bir bəndə səhv edib yolunu azıbsa, onu düz yola qaytarmaq, zor tətbiq etmədən onu inandırmaq daha düzgün yoldur, nəinki ölüm fitvası ilə.
Demək istəyirsiniz ki, Rafiq Tağının əməlində cinayət tərkibi yoxdur?
Əlbəttə yoxdur. Mənim də anam seyiddir. Mən də müsəlmanam. Namaz qılıb, oruc tuturam. Rafiq Tağının yazısını oxuyanda özümü çox pis hiss etdim. Həqiqətən də, təhqir olunduğumu gördüm. Ancaq bunu dini nifrət və düşmənçiliyin salınması kimi qiymətləndirmədim. Məndə Rafiq Tağıya qarşı nifrət yox,heyret hissi yarandı. Hətta telefonla da onunla danışdım və o, səhv etdiyini etiraf etdi. Onun əməlində Cinayət Məcəlləsinin 283-cü maddəsinin tərkibi yoxdur. Həmin maddəyə əsasən, «milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə — şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır».
Əvvəla, maddədən də göründüyü kimi, həmin əməllərə görə alternativ cəzalar nəzərdə tutulmuşdur və bəribaşdan onun haqqında həbs qətimkan tədbirinin seçilməsi tamamilə qanunsuzdur. Bəlkə də bu, Rafiq Tağının şəxsi təhlükəsizliyi məqsədilə edilib.
İkincisi isə, Rafiq Tağının məlum yazısında «dini nifrət və düşmənçiliyin salınmasına» və ya «dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə» yol verilməmişdir və verilməsi də mümkün deyil. Ona görə ki, Rafiq Tağı təcili yardım həkimi olmaqla, müsəlmanların hüquqlarını məhdudlaşdırmaq imkanına malik deyil. Əksinə, əgər araşdırılsa, görəcəksiniz ki, onun bir həkim kimi yardım göstərdiyi bütün xəstələr hamısı müsəlmandır. Əgər Nardaranda kiminsə Rafiq Tağını ikinci Orxan Pamuq yapmaq niyyəti varsa, bu başqa məsələdir. Bir də həmin yazını diqqətlə oxusanız, görərsiniz ki, orada xristian dininə də üstünlük verilmir. O yazır: «F.Nitşe yaradıcılığı məhz dindən uzaqlığında gözəl idi. Xristianlıqdan kənar Dostayevski daha maraqlı, daha fundamental olacaqdı».
Nitşe və Dostayevski də xristian idilər.
Rafiq Tağı belə düşünür. Səhv düşünən insanı təqib etməz, öldürməzlər. Onu inandırmaq lazımdır. O isə səhv etdiyini artıq etiraf edib. Bağışlayıb, bağışlamamaq isə hər bir müsəlmanın öz işidir. Ancaq hər halda Allah Təala bağışlayanları sevər. Rafiq Tağı dərhal azadlığa buraxılmalı və Qərbin məqsədlərinə uyğun olaraq, İslamı bar-barların dini kimi bir daha qələmə verməkdən çəkinməliyik.
Hiç yorum yok:
Yorum Gönder