Binəqədi Rayon Məhkəməsinə
(hakim: Maarif Kazımov)
Ərizəçi: Ağayeva Leylaxanım Allahverdi qızının
Faktik olduğu ünvan: Bakı şəhəri, Nərimanov r-n, Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05
Möhtərəm hakim!
Mən, 23 yanvar 1964-cü ildə Azərbaycan Respublikası, Bakı şəhəri “Krupskaya” adına doğum evində doğulmuşam və Bakı şəhəri, 26 Bakı komissarı rayonunun (indiki Səbail) VVAQ İdarəsindən AZE seriyalı 619440 saylı, 08 fevral 1964-cü il tarixli doğum haqqında şəhadətnamə verilib. Atam Ağayev Allahverdi Məmiş oğlu 23 iyul 1930-cu ildə Azərbaycan Respublikası Cəbrayıl r-n, Yarəhmədli kəndində, anam Ağayeva Zəhra Hacıağa qızı 22 iyun 1931-ci ildə Azərbaycan Respublikası Lənkəran şəhərində doğulublar və hər ikisi Azərbaycan vətəndaşıdırlar.
Mən, Azərbaycan vətəndaşı Soltanov Birqardaş Ağaqardaş oğlu ilə 1979-cu ildə faktik nikah münasibətinə girmişəm, 13 mart 1982-ci ildə nikahımızı rəsmiləşdirmişik və həmin nikahdan 07 dekabr 1987-ci ildə Soltanova Balacaxanım Birqardaş qızı adlı övladımız olub.
Qızım Balacaxanım ailə quraraq həyat yoldaşının “Məlikova” soyadını qəbul edib və hal-hazırda Azərbaycan vətəndaşı kimi Siyəzən şəhəri, Ş.Baxşıyev küç., ev-4 ünvanında qeydiyyatda olmaqla yaşamaqdadır.
Möhtərəm hakim!
Bütün bu dediklərimi təsdiq edən və 1996-cı ilədək Bakı şəhəri, Əmircan qəsəbəsi, keçid 1847-48, ev-2, mən.7-də qeydiyyatda olduğum barədə rəsmi sənədləri hərəkətlərindən şikayət olunan orqana – Dövlət Miqrasiya Xidmətinə təqdim etmişdim. Miqrasiya Xidməti “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli qanununun 5-ci maddəsinin 1-ci hissəsinə istinad edərək, mənim Azərbaycan Respublikasının vətəndaşı olmadığım barədə qanunsuz arayış vermişdir.
Miqrasiya Xidmətinin nümayəndəsi bugünkü məhkəmə iclasında əvəlki mövqelərini təkrar edərək təklif etdi ki, mən Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmək üçün həmin idarəyə təkrar müraciət edim və onlar da “humanistlik göstərərək” mənə yardım edib vətəndaşlığımı bərpa etsinlər.
Belə çıxır ki, mənim vətəndaşlığım hansısa məmurun “humanist olub-olmamasından” asılıdır.
Möhtərəm hakim!
“Bərpa” sözü əvvəllər mövcud olmuşun yenidən mövcud edilməsi mənasını verir, yəni qarşı tərəf mənim nə vaxtsa Azərbaycan Respublikasının vətəndaşı olduğumu etiraf edir və məhz olmuş həmin vətəndaşlığın bərpa edilməsi barədə mənim yenidən ərizə verməyimi təklif edir.
İstər mənim şikayət ərizəmdə yazılanlarla, istərsə də, bu gün qarşı tərəfin nümayəndəsinin dedikləri ilə bağlı aşağıdakıları diqqətinizə çatdırmaq istəyirəm:
Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
Ali Qanun sayılan Konstitusiyanın bu maddəsindəki 2-ci cümlədə bildirilir ki, “Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
Göründüyü kimi, Ali Qanunumuz vətəndaşlığı “pasport qeydiyyatı” ilə qətiyyən əlaqələndirmir. Yuxarıda da qeyd etdiyim kimi, mənim hər iki valideynim Azərbaycan Respublikasının vətəndaşı olub və mən Azərbaycan Respublikasının ərazisində doğulmuşam. Doğum haqqında şəhadətnamə mənə Azərbaycan Respublikası tərəfindən verilib.
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz”.
Cavabdehin mənə verdiyi arayışda istinad etdiyi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununun 1-ci maddəsində Konstitusiyamızın 52-ci maddəsi, eləcə də, Qanunun 2-ci maddəsində Konstitusiyanın 53-cü maddəsi eyni məzmunda təkrarlanmışdır.
Mahiyyət etibarilə bu Qanun Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və bərpası, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma və Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi, valideynlərin vətəndaşlığı dəyişdikdə və övladlığa götürüldükdə uşaqların vətəndaşlığı, eləcə də, vətəndaşlıq məsələləri ilə bağlı beynəlxalq hüquq normalarının tətbiqi qaydalarını müəyyənləşdirir.
Möhtərəm hakim!
Azərbaycan Respublikası Konstitusiyasının 52 və 53, eləcə də, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 5-ci maddəsinin 2-ci bəndinin qarşılıqlı təhlili göstərir ki, mənimlə bağlı cavabdeh, qanunun 5-ci maddəsinin 1-ci bəndini düzgün təfsir və tətbiq etməmişdir. Həmin maddəni sırf hərfi mənada başa düşən cavabdeh, faktik olaraq, Konstitusiyanın 53-cü maddəsinin 1-ci bəndini pozmuş və mənim Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsində nəzərdə tutulan vətəndaşlıq hüququmu tapdalamışdır.
Diqqət edin: Qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, “1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılırlar”.
Belə çıxır ki, əgər mən Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmasaydım, lakin Azərbaycan Respublikasında 1996-cı ilədək qeydiyyatda olduğuma görə, Azərbaycan Respublikasının vətəndaşı sayılacaqdım. İndi isə, hansısa texniki səbəblərdən və ya hansısa məmurun qanunsuz hərəkəti nəticəsində, 1996-1998-ci illərdə qeydiyyatda olmamışamsa, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsinə əsasən, (Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır) mən anadan Azərbaycan Respublikasının vətəndaşı kimi doğulsam da, indi Azərbaycan vətəndaşı hesab edilmirəm. Bu ki, absurddur.
Konstitusiyanın 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz”.
Cavabdehin mövqeyindən və əsaslandığı qanunun 5-ci maddəsinin 1-ci bəndinin hərfi mənasından belə çıxır ki, müvəqqəti olaraq pasport qeydiyyatında olmaması şəxsin Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilməsi üçün əsasdır.
MPM-nin 77.1-ci maddəsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”.
Möhtərəm hakim!
Mən 1996-cı ildə yaşayış yeri üzrə qeydiyyatdan öz iradəmə uyğun olaraq çıxmamışam və Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmağım üçün heç bir dövlət orqanına rəsmi ərizə ilə müraciət etməmişəm.
Mənim öz iradə ifadəmə uyğun, yaşayış yeri üzrə qeydiyyatdan çıxmağım barədə cavabdehin söylədikləri tamamilə absurddur və məhkəməyə, bunu sübut edəcək heç bir sənəd təqdim edə bilməmişdir.
Mən, yaşayış yeri üzrə pasport qeydiyyatından hansısa bir məmurun qanunsuz hərəkəti nəticəsində və ya texniki yalnışlıq nəticəsində çıxarılmışam. Bu isə, mənim Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilməyimə əsas ola bilməz.
O ki qaldı cavabdehin nümayəndəsinin, “humanistlik göstərərək mənim vətəndaşlığımın bərpa edilə biləcəyi” vədləri ilə bağlı dediklərinə, bu barədə aşağıdakıları diqqətinizə çatdırıram:
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 15-ci maddəsinə əsasən, “Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, bu Qanunun 14-cü maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir”.
Bu maddənin mahiyyətindən də görünür ki, “bərpa edilmə” əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxslərə aiddir və bu zaman bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir.
Bu isə, o deməkdir ki, Qanunun bu maddəsi o şəxslərə şamil edilməlidir ki, həmin şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun ya 16-cı maddəsinə əsasən vətəndaşlığına xitam verilmiş olsun, ya da həmin qanunun 17-ci maddəsinə əsasən, o, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma barədə vəsatəti üzrə Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmış olsun.
Başqa sözlə, “bərpa edilmə” anlayışı, qeyd etdiyim həmin iki hüquqi əsasa görə, yəni qanunun 16-17-ci maddələrinə əsasən, əvvəllər malik olduğu Azərbaycan Respublikası vətəndaşlığını itirmiş şəxslərə şamil edilir.
Mən isə, heç bir vaxt nə Azərbaycan Respublikasının vətəndaşlığından çıxmağım barədə vəsatət qaldırmamışam, nə də Azərbaycan Respublikasının vətəndaşı kimi doğulduqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığıma xitam verilməmişdir.
Möhtərəm hakim!
Diqqətinizə çatdırıram ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun 30 sentyabr 1998-ci ildə qəbul edilib və bu Qanun 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmamalıdır.
Artıq yuxarıda qeyd etdiyim kimi, AR Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsinə əsasən, mən Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının vətəndaşlarından doğulduğum andan, yəni 23 yanvar 1964-cü ildən Azərbaycan Respublikasının vətəndaşıyam.
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu (normativ hüquqi aktlar) maddəsinin 3-cü hissəsinə əsasən, “Qanunlar Konstitusiyaya zidd olmamalıdır”.
Bu Konstitusiya normasının mənasına görə, əgər cavabdehin istinad etdiyi qanun Konstitusiyanın yuxarıda qeyd etdiyim 52 və 53-cü maddələrinə ziddirsə, onda indiki mübahisəyə Qanunun 5.1-ci maddəsi yox, Konstitusiyanın 52 və 53-cü maddələri tətbiq edilməlidir.
Çünki Konstitusiyanın 147-ci maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir”.
Möhtərəm hakim!
Mən, eyni zamanda, hesab edirəm ki, cavabdeh tərəfindən qanunun 5.1-ci maddəsinin mənə verdiyi arayışdakı kimi başa düşülməsi və ya təfsir edilməsi kökündən yanlışdır və sağlam məntiqə ziddir.
Həmin maddənin məzmununa bir daha diqqət edin: “Bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılırlar, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun”.
Cavabdehin məntiqi ilə yanaşsaq, 1998-ci ilin sentyabrın 1-də, bu və ya digər səbəbdən, yaşadığı yer üzrə qeydiyyatdan çıxan və bu və ya digər səbəbdən, hətta səhlənkarlıq nəticəsində də olsa, 30 sentyabr 1998-ci ilədək pasport qeydiyyatına alınmayan istənilən vətəndaş Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş sayılır.
1998-ci ilin 30 sentyabrınadək “qeydiyyatda olmama” müddəti 1 gün, 1 ay, 3 ay və ya mənimki kimi 2 il də ola bilər.
Bu o deməkdirmi ki, həmin müddətlərdə rəsmi qeydiyyatı olmayan bütün vətəndaşlar Azərbaycan vətəndaşlığını itirmiş hesab edilməlidirlər. Bu ki, absurddur.
Azərbaycan Respublikasının qanunvericiliyi bu qədər xəstə və məntiqsiz mövqe ilə qanun qəbul edə bilməz.
Cavabdehin istinad etdiyi qanunun həmin maddəsi, sadəcə olaraq, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi üsul və vasitələrini nəzərdə tutur. Həmin maddədəki “qanunun qüvvəyə mindiyi günədək şəxsin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması” ifadəsini isə, şəxsin məhz 30 sentyabr 1998-ci ilədək qeydiyyatda olması kimi başa düşmək yanlışdır və belə mövqe Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsi və 53-cü maddəsinin 1-ci hissəsi ilə daban-dabana ziddir.
Məncə, qanunverici həmin qanunun 5.1-ci maddəsi ilə demək istəmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs 30 sentyabr 1998-ci ilədək nə vaxtsa Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuş olsun.
Misal üçün: Şəxs 1950-ci ildə Bakı şəhərində anadan olmuş, 1970-ci ildə yaşadığı yerdən pasport qeydiyyatından çıxmış və hər hansı səbəbdən yenidən pasport qeydiyyatına düşməmişdir.
Əgər o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 17-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə vəsatət qaldırmamış və ya qanunun 16-cı maddəsinə əsasən onun vətəndaşlığına xitam verilməmişdirsə, 30 sentyabr 1998-ci ilədək, yəni 1950-1970-ci illərdə Azərbaycan Respublikasının ərazisində Azərbaycan vətəndaşından doğulub və bu da, 1 gün də olsa pasport qeydiyyatına alınma ilə təsdiqlənirsə, həmin şəxs Azərbaycan Respublikasının vətəndaşıdır və qanunda nəzərdə tutulmuş əsaslar olmadan həmin şəxs Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz.
Möhtərəm hakim!
Cavabdeh qanunu səhv təfsir və tətbiq etməklə, mənim hüquqlarımı pozmuş və məni faktik olaraq növbəti parlament və prezident seçkilərində iştirak etmək hüququndan məhrum etmişdir.
Mən isə, növbəti seçkilərdə ulu öndər və ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı cənav İlham Heydər oğlu Əliyevə və onun rəhbərlik etdiyi YAP namizədlərinə səs vermək və vətənimdə tam hüquqlu Azərbaycan vətəndaşı kimi yaşamaq istəyirəm.
Hərəkətlərindən şikayət olunan orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti isə, qəsdlə və bilə-bilə cənab İlham Əliyevə səs verməmək üçün mənim hüquqlarımı pozur.
Yuxarıda qeyd edilənlərə əsasən,
XAHİŞ EDİRƏM:
Məni ... səs verməkdən məhrum edən, mənim vətəndaşlıq hüquqlarımı pozan Dövlət Miqrasiya Xidmətinin mənim Azərbaycan Respublikasının vətəndaşı hesab edilməməyim barədə 15 yanvar 2010-cu il tarixli 30 saylı və 04 iyun 2010-cu il tarixli 05/3861 saylı qanunsuz arayışlar verməsində ifadə olunan hərəkətləri qanunsuz hesab edilsin və həmin qanunsuz hərəkətlərin aradan qaldırılması, mənə Azərbaycan Respublikasının vətəndaşı olmağım barədə arayış vermək vəzifəsi hərəkətlərindən şikayət olunan orqan --- Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulsun.
Məhkəmə xərci kimi ödədiyim 3 manat dövlət rüsumu cavabdehdən mənim xeyrimə tutulsun.
İmza: / A.A.Ağayeva /
P.S. Binəqədi rayon məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın icraatında olarkən, Suraxanı RPŞ-nin qeydiyyat bölməsi A.Ağayevaya şəxsiyyət vəsiqəsi verərək onu qeydə aldı.
Başqa sözlə, A.Ağayevaya verilmiş şəxsiyyət vəsiqəsi ilə onun Azərbaycan Respublikasının vətəndaşı olması təsdiq edilsə də, Binəqədi rayon məhkəməsinin hakimi M.Kazımov tərəfindən qanuniliyi iddia edilən Miqrasiya idarəsinin məktubunda onun vətəndaş olmaması iddia edilir.
Burası Azərbaycandır, burası çaqqallar vadisidir.
"Bu necə məmləkətdir, bəndəsi haqq istəmir,
ALLAH da bizdən bezib, ALLAH olmaq istımir" (Rüstəm Behrudi)
Hiç yorum yok:
Yorum Gönder