12/23/2010

"Reytinq"dəki müsahibə barədə müsahibə

Sual: Qurban bəy, «Reytinq» qəzetinin 05 avqust tarixli sayındakı müsahibəniz cəmiyyətdə rezonansa səbəb olub. Müsahibə cəmiyyətdə olduqca pessimist əhval-ruhiyyə yaradıb. Vəziyyət doğrudanmı çıxılmazdır?

Cavab:  Həmin müsahibədəki bütün fikirlər mənə məxsusdur. Pessimizmə qapılmağa əsas yoxdur. Ancaq müsahibənin siz dediyiniz əhval-ruhiyyə yaratmasının başqa səbəbi var. Bir jurnalist kimi sizə müsahibə janrı yaxşı tanışdır. «Reytinq»in əməkdaşı hörmətli Zaur Əhməd mənimlə etdiyi söhbəti tam əhatə edə bilmədiyi üçün müsahibə belə «qaranlığa» bükülmüşdür.



- Yazılmayan nələr deyilmişdi ki?

- Mənim fikrimcə, istənilən dövlətin məhkəmə sistemi həmin dövlətin korrupsiya və rüşvətxorluq girdabından və cinayətkarların əlindən xilas edilməsinin sonuncu şansıdır. Yəni, məhkəməsi düzgün işləyən istənilən dövlət və istənilən rejim yaşamaq haqqına sahibdir. Bu baxımdan dövlət və idarəçilik həyatımızın bütün sahələrinin rüşvətxorluq və korrupsiya girdabında boğulduğu, dövlətin və millətin manapoliya və qanunsuz xərac toplama məngənəsində məhv edildiyi bir məqamda, insan və vətəndaş hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğu bir şəraitdə Azərbaycan məhkəmə sisteminin üzərinə çox böyük tarixi bir vəzifə düşür.

- Təsvir etdiyiniz bu şəraitdə məhkəmələr nə edə bilərlər?

- Adi bir misal deyim. İstənilən vəzifəli şəxs, başda prezident olmaqla, bilsə ki, onun qəbul edəcəyi hər hansı qanunsuz qərar məhkəmə tərəfindən ləğv ediləcək, ən azı özünə hörmət naminə, təkrar belə addım atmaz. İkincisi, məhkəmələrdə hüquqlarının müdafiə olunacağına əmin olan Azərbaycan vətəndaşı özünü daha rahat və güclü hiss edər, hüquqları uğrunda mübarizədən kütləvi şəkildə yayınmaz. Nəticədə isə,  sıravi vətəndaşla yanaşı, həmin vəzifəli şəxslər də, dövlətimiz də udar. Qanun qarşısında hər kəsin bərabərliyi və qanunun aliliyi prinsipi yalnız məhkəmə vasitsilə, yəni, hakimlərin əli ilə təmin edilə bilər.

- Belə hakimlər varmı?

- Nə qədər acı olsa da, qeyd etməliyəm ki, Azərbaycanın  məhkəmə sisteminin mövcud təşkili prinsipləri və hakimlərin seçilmə və təyin edilmə mexanizmləri bir nəfər də olsun hakimin, nəinki prezidentin şəxsən özünün, hətta onun uzaq qohumunun belə əleyhinə qanuni qərar qəbul etməsinə imkan vermir.

- Demək istəyirsiniz ki, günah prinsip və mexanizmlərdədir, hakimlərin özlərində yox? Onda belə çıxır ki, xaricdən hakim «idxal» etməliyik.

- İstənilən halda, aparıcı olan şəxsiyyətdir.  Mexanizm və prinsiplər isə ikinci dərəcəlidir. Hakimlər korpusunun belə vəziyyətdə olmasının obyekitiv və subyektiv səbəbləri vardır. Hələ sovet imperiyası dövründə məhkəmə, prokurorluq və polis sisteminin əməkdaşlarına belə bir fikir aşılanırdı ki, onlar məhz ideologiyanın və rejimin müdafiəçiləridir. «İdeologiya və rejim» isə dövlətlə eyniləşdirilirdi. SSRİ dövründə vətəndaş və dövlət qarşıdurmasında vətəndaşın xeyrinə qəbul edilən bir qərar nümunəsi də yoxdur. Kölə psixologiyası, qarnının əsiri olmaq və istənilən yolla vəzifə ələ keçirmə və vəzifədə qalma psixologiyası bütün sahələrdə olduğu kimi, məhkəmə və hüquq-mühafizə sistemində də mövcud idi. Həmin vəziyyət bu gün də böyük eybəcərliklə davam edir. Hələ də, başa düşmək istəmirlər ki, haqqı qorunan, qanuni var-dövləti çox olan və öz haqları uğrunda çəkinmədən, cəsarətlə mübarizə aparan vətəndaşların dövləti də güclü və varlı olur. Ən vacibi isə, tərbiyə və mənəviyyat problemidir. Mən qəti bu fikirdəyəm ki, rüşvət ehtiyacla, korrupsiya da imkansızlıqla bağlı deyil.

Xaricdən isə, hakim «idxal» etməyə ehtiyac yoxdur. Mən onlarla hakim və sair hüquq işçisi tanıyıram ki, onlar şəraitin imkan verdiyi həddə, sonadək haqqı müdafiə edirlər. Hakim tanıyıram ki, uşağını özəl məktəbə qoymaq üçün pul tapa bilmir. Heç də bütün hakimlər ucdan-tutma əli əyri və rüşvətxor deyil. Azərbaycan  xalqı bugün azacıq insan kimi yaşamasına, hüquqlarının qismən də olsa təmin edilməsinə görə hakimlərə borcludur. Ancaq Azərbaycanda çoxluq təşkil edən elə hakimlər, polis və prokurorlar var ki, onlar bu xalqa qarşı erməni ordusundan da şiddətli döyüşürlər.

- Sizcə, son islahatlar vəziyyəti dəyişə biləcəkmi? Ümumiyyətlə, həyata keçirilənləri islahat hesab etmək olarmı?

- Şübhəsiz ki, məhkəmə sistemindəki struktur dəyişikliklər islahatdır. O başqa məsələdir ki, bu islahatlar səmərəli nəticə verəcək, yoxsa yox. Mən qəti əminəm ki, bu struktur dəyişikliklər kompleks islahatlar olmadan nəticə verə bilməz. Bir insan üçün onun haqqının Mozambikdəmi, ya Şəkidəmi, Vatikandamı, ya Əli-Bayramlıdamı qounmasının heç bir fərqi yoxdur. Əsas, hakim, onun rəsmi statusu, iqtisadi vəziyyəti, dövlətçiliyə və qanunçuluğa münasibəti, əxlaq və tərbiyəsidir.

- Bu sonunculara aydınlıq gətirə bilərsinizmi?

- Hakimin müstəqilliyinin bir neçə çox vacib şərti var:

1. Yaşından və iş stajından asılı olmayaraq, hakim ömürlük təyin edilməlidir.

2. Hakimi təyin edənin onu azad etmək hüququ olmamalıdır.

3. Hakimin vəzifəsindən kənarlaşdırılmasının və ya geri çağrılmasının əsasları qanunda dəqiq göstərilməlidir.

4. Hakim və onun yetkinlik yaşına çatmış uşaqları istisna olmaqla, bütün ailə üzvləri iqtisadi baxımdan tam təmin edilməlidir.

5. Hakimlərin seçilməsi və təyin edilməsi prosesi şəffaflıqla aparılmalı, onların keçmiş fəaliyyətləri, fiziki və psixi sağlamlıqları, ailə vəziyyəti, əxlaq və davranışları obyektiv olaraq nəzərə alınmalıdır. Eyni zamanda hakimlərin yuxarıda qeyd etdiyim kommunist sistemindən qalma dövlət və vətəndaşla bağlı psixoloji münasibətlərin aradan qalxması üçün dövlət səviyyəsində siyasi iradə nümayiş etdirilməli və onların müstəqilliyi sözdə yox, əməldə təmin edilməlidir.

- Müsahibənizdəki paradoksa aydınlıq gətirin. Bir tərəfdən, hakimiyyətdən siyasi iradə gözləyirsiniz, digər tərəfdən xalqın seçmədiyi iqtidarın heç vaxt siyasi iradə göstərə bilməyəcəyini iddia edirsiniz...

- «Necə olmalıdır»la «necədir»i qarışdırmayın. Mən hakimlərin müstəqilliyi üçün nələrin lazım olduğunu deyirəm. Ancaq reallıqları da qeyd edirəm ki, ya xalq bu reallığı dəyişdirmək üçün iradə göstərsin, ya da xalqın iradəsini zorlayıb, hakimiyyəti zəbt edərək məhkəmələrdən və hakimlərdən öz şəxsi niyyətləri üçün zopa kimi istifadə edənlər, bəlkə insafa gəlib bu yazıq millətə bir nəfəs versinlər.

- Sizcə niyə İlham Əliyev siyasi iradə göstərmir? Sizin qeyd etdiyiniz problemləri məgər o bilmir?

- İlham Əliyevin lazımi siyasi iradə ifadə etməməsinin, ortaya konkret mövqe qoymamasının səbəbi mənə məlum deyil. Gözlə görünən budur ki, ya belə bir iradəyə sahib deyil, dövləti o yox, ətrafdakıları idarə edir, ya da elə onun siyasi iradəsi mahiyyətcə Azərbaycan xalqının tapdalanmasına, əzilməsinə, məhv edilməsinə, ləyaqətinin alçaldılmasına yönəlib. Mən üçüncü məntiqi nəticə görmürəm. Əvvəllər də dəfələrlə qeyd etmişəm, bir daha təkrar edirəm, bir məmləkətdə qanunsuzluq baş alıb gedirsə, məmləkətin sahibi ya bu qanunsuzluğun təşkilatçısıdır, ya da başçı özü qabiliyyətsiz və səlahiyyətsizdir, birinci halda həbsxanaya, ikinci halda isə, istefaya getməlidir. Mən hərdən özüm də təəccüb edirəm. Görəsən, Azərbaycan xalqı bu ailəyə nə pislik edib ki, ondan belə intiqam alınır? Moskvadan Naxçıvana, Naxçıvandan da Bakıya onları çiyinlərində gətirən, yollarını şəhid qanlarına bulaşmış gül-çiçəklə bəzəyən bu millətə, bu nifrətin səbəbini anlamaq çətindir. Fikir verin: hər hansı hakim və ya məmur haqqında mətbuat yazır, beynəlxalq təşkilatlar öz hesabat və rəsmi qərarlarında qeyd edir, insanlar intahar edir, yollar kəsilir, kütləvi etirazlara çıxır, prezident isə susur. Tədbir yox, siyasi iradə yox.

- Deyəsən, sizin vəkilliyə qəbulunuz da belə oldu...

- Bəli, bütün dünyanın gözü qarşısında siyasi mövqeyimə görə mənim Vəkillər Kollegiyasının  üzvü olmağıma imkan verilmir. Bunu İlham Əliyev də yaxşı bilir, hörmətli Ramiz Mehdiyev də. Əgər heç bir reaksiya yoxdursa, Vəkillər Kollegiyasını dədəsinin bostanı kimi idarə edən Azər Tağıyev haqqında tədbir görülmürsə, mən nə düşünməliyəm?

- Müsahibədə qeyd etmisiniz ki, mən vəkil seçilsəydim, Azər Tağıyev «infark» keçirərdi. Belə bir seçim qarşısında qalsaydınız, iddianızdan imtina edərdinizmi?

- Şəxsiyyətini, kişiliyini, mənliyini, qabiliyyət və bacarığını yalnız əlinə düşən vəzifə səlahiyyətlərindən istifadə etməklə reallaşdırmağa çalışan fərdlər istənilən toplum və millət üçün qorxuludur. Azərbaycanda vəkil kimi tanınmayan Vəkillər Kollegiyasının yeganə üzvü Azər Tağıyevin özüdür. O, Kollegiyaya üzv olandan vəkil kimi yox, məmur kimi fəaliyyət göstərib və o, mənim üçün zatən ölüdür.  Mən onun öz həmcinslərinə və həmkarlarına qarşı indiki nifrətinin səbəblərini anlamqdan həqiqətən çətinlik çəkirəm. Ancaq mənimlə bağlı qəbul etdiyi qərarı məhz yuxarıların göstərişi ilə etdiyini də gizlətmir. Azər Tağıyev tipik kommunist məmurudur. Ruhən və mənən 70-ci illərdə qalıb. Yazıq adamdır, açığı mənim ona yazığım gəlir. Ancaq mənə qarşı pislik etməklə çörək qazanmağı mənə mənəvi ruh verir. 

- Başa düşə bilmədim, nə üçün?

- Mən həyatımı xalqımın yaxşı yaşaması və hüquqlarının bərpası uğrunda mübarizəyə həsr etmişəm. Azər də onlardan biridir. Məni söyməklə yaşayanlar da məndəndir. İşdən çıxarsalar, necə yaşayacaq? Bir nəfər də olsun vətəndaş ya vəkil, ya da nümayəndə kimi ona müraciət etməyəcək. O da belə yaşamaq yolu tapıb, qoy, yaşasın.

- Müsahibədə onu da qeyd etmisiniz ki, «hakimiyyət müxalifətə ikinci sort kimi yanaşır. Ancaq mən  müxalifətdə olmağımla fəxr edirəm». Qəribədir, siz bir müddət öncə bəyan etmişdiniz ki, siyasi fəaliyyətdən imtina edirsiniz. Bu səpkili çıxışlarınız ən radikal mövqeli siyasi liderin çıxışından heç nə ilə fərqlənmir.

- Müxalifət sözü geniş anlayışdır. Məsələn, «vicdan» və «qorxu» hissi insanın daxili müxalifətidir. Onu qanunsuz hərəkətlər etməkdən, başqalarına pislik etməkdən çəkindirir. Bitki və heyvanat aləmində bəzi xəstəliklər və yırtıcılar eyni funksiyanı daşıyır. Yən,i növ və sinifdaxili daha böyük xəstəliklərin qarşısı alınır, təbiətdə, flora və faunada mənfi proseslərin qarşısı alınır. İstər təbiətdə, istərsə də cəmiyyətdə «qarşılıqlı məhdudlaşdırma qanunu» deyilən obyektiv bir qanun hökm sürməkdədir. Məhdudlaşdırma həm məhdudlaşdıranın, həm də məhdudlaşdırılanın öz xeyrinədir. Siyasi müxalifət də bu baxımdan iqtidarın qanunsuz hərəkətlərini məhdudlaşdırmaqla, həm cəmiyyətə, həm də iqtidarın özünə xidmət edir. Bu baxımdan mən hesab edirəm ki, məsələnin siz deyən kimi qoyulması yanlışdır. Məncə, tənqidə söykənən qarşıdurmaya yox, qarşılıqlı tənqidlərlə müşayət olunan əməkdaşlığa üstünlük vermək lazımdır. Bu hər iki tərəfə, nəticə etibarı ilə isə xalqımıza və dövlətimizə xeyirdir. Mən inanıram ki, Azərbaycanın hakim korpusu bu günə qədər olanlardan nəticə çıxaracaq, nəhayət, bu xalqı sevməyə başlayacaq. Axı, bizim yaşamağa başqa vətənimiz, mənsub olmağa başqa xalqımız yoxdur.

- Qeyd etmisiniz ki, «içi mən qarışıq bu ölkədə haram yeməyən bir kəs tanımıram». Doğrudanmı, nə vaxtsa haram çörək yemisiniz...

- Yeməmişəm desəm, səmimiyyətimə inanarsınızmı? Bu məmləkətdə tikəsinə haram qatılmayan bir nəfər də olsun adam tapa bilməzsən. Ya tarladan, ya yoldan, ya qonşudan, ya dövlətdən, ya havadan, ya torpaqdan, ya ölüdən, ya diridən, ağıllı və ya dəlidən nəsə çırpışdırmayan yoxdur. Ya taxta yeyib, ya dəmir, ya büdcəni yeyib, ya da yetim haqqını. Tikəsinə haramı ya özü qatıb, ya da ana südü ilə qatılıb. Başqa cür də mümkün deyil, çünki SSRİ adlı dövlətin mayası haramla qoyulmuşdu, indiki rejimsə haram üstündə bərqərardır. Yaltaqlıq və qorxaqlıq da haramdır. Zalımın zülmünə ləbbey demək, ona dözmək də haramdır. Mən də bu haram cəmiyyətin bir sakiniyəm. Bir yerdə tövbə etməyimizi, haramdan qaçmağımızı istəyirəm. Ən azı, erməni qədər bir-birimizi sevməyi istəyirəm. İstəmirəm xəstə həkimi, şagird müəllimi, məhbus nəzarətçisi, proses iştirakçısı hakimi və vətəndaş məmuru ilə arxa-arxaya bağlanaraq bir-birinə əzab versin və bir-birinə nifrət eləsin. Çox yox, azacıq sevgi istəyirəm bir-birimizə. İnanın, biz ermənidən çox da pis millət deyilik.

-Oxucularımızın çoxusu bu sözləri xalqımıza təhqir kimi qiymətləndirəcək...

- Mən də bu millətdənəm. Ancaq nə edim ki, yaltağıq, qorxağıq, zalımın zülmünə dözənik, torpaq uğrunda yox, vəzifə uğrunda ölənik, yaxşıları gözdən salıb, pislərə boyun əyənik. Neyləyim ki, biz erməni qədər mədəni millət deyilk. Necə susum ki, biz bazar milləti kimi tanınırıq. Necə deməyim ki, ziyalısı zirzəmilərdə, həyatın dibində, oğrusu və namussuzu saraylarda yaşayan millətik. Necə göz yummaq olar ki, erməni seçki hüququnun təmin olunması üçün  ölüm-dirim savaşı verir, bizim isə ağbirçək qadın «müəlliməmiz» seçkinin nəticələrini saxtalaşdırmaq üçün dəridən-qabıqdan çıxır. Bir «molodes»ə qonşusunu yox, qardaşını satan adamların olduğunu bilə-bilə mən necə susum? Mənim bu fikirlərimdən inciyənlər dərhal ətrafa boylansınlar: qonşuya, bir tin o tərəfə, məhkəmə salonlarında üz-üzə duran bacı və qardaşlara baxsınlar, əmlak üstündə anasını məhkəmələrdə süründürən bığıburma oğula baxsınlar, evdə qalıb qarıyan gül kimi qızlarımızı qoyub, başqa millətlərin əxlaqsız qadınlarının ardınca özlərini min bir məşəqqətə atan insan sürüsünə nəzər salsınlar. Onda məndən inciməzlər, Zülfüqar müəllim.

- Bu sözlərinizdən sonra oxucuları inandıra bilməzsiniz ki, siyasi iddialarınızdan əl çəkmisiniz. Sözlərinizdən qan iyi gəlir, qorxuram ki, 2008-ci ildə müxalifətin ən şanslı namizədi siz olasınız.

- Məhkəmə salonlarında danışmaq haqqını əldə edə bilməyən hüquqşünas ya mitinqdə, ya da qəzet səhifələrində danışmalıdır. Hüquqşünas üçün iki tribuna var, ya məhkəmə, ya siyasi tribuna. Mən xalqımı, bu gün talayanlardan dəfələrlə çox sevirəm. Onlardan daha yaxşı idarə etmək qabiliyyətindəyəm. Bütün parametrlərdə onlardan yüksəkdəyəm. Onların bizdən təkcə oğurladıqları haram pul, bi rdə xalqa olan nifrətləri çoxdur. Hər halda son söz Azərbaycan xalqının olacaqdır.

- Sizin İlham Əliyevin namizədliyini dəstəkləmək perspektivi varmı?

- Söhbət İlham Əliyevdən getmir. Ümumilər fərdləşdiriləndə bəzən səhv nəticələr çıxarılır. Mən ümumiyyətlə demişəm ki, mənim arzu və istəklərimi həyata keçirən istənilən adamı dəstəkləməyə hazıram. Bunun əksi isə anormallıq olar. Bu baxımdan biz istənilən namizədi, başqaları da onların istədiklərini  həyata keçirdiyimiz təqdirdə, bizim namizədliyimizi dəstəkləməyə borculdurlar. Bu çox sadə və anlaşılan bir məntiqdir.




Hiç yorum yok:

Yorum Gönder