Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili
Elmira xanım Süleymanovaya
Şikayətçi: Məmmədov Qurban Cəlal oğlu
Vəzifəsi: “Çalxan” MMC-nin (hüquq firması) direktoru
Ünvanı: Bakı şəh.: Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05
“Konstitusiya Məhkəməsinə müraciət edilməsi barədə”
ŞİKAYƏT
Hörmətli E.Süleymanova!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 41 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnamə”nin 2.13-cü maddəsinə əsasən, “Nəqliyyat vasitələrini idarəetmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri bu müddət başa çatdıqdan sonra tibbi müayinədən keçdikdən və onların bilik səviyyəsi, sürmə vərdişləri yoxlanıldıqdan sonra qaytarılır”.
Nazirlər Kabinetinin müəyyənləşdirdiyi bu qayda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 456.2-ci maddəsinə ziddir.
Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 456.2-ci maddəsinə əsasən, “Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, yaxud həmin müddət bu Məcəllənin 455.5-ci maddəsinə uyğun olaraq azaldıqda, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır”.
Bu maddənin məzmunundan da göründüyü kimi, “şəxsdən alınan sənədin ona qaytarılması” heç bir əlavə öhdəlik və ya vəzifə ilə şərtləndirilməmişdir. İndiki halda, Azərbaycan Respublikası Nazirlər Kabineti özünün 15 mart 1999-cu il tarixli, 41 saylı qərarı ilə təsdiq etdiyi “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnamə”nin 2.13-cü maddəsi ilə İXM-nin 456.2-ci maddəsinin icra qaydasını müəyyənləşdirmiş, bununla da səlahiyyət həddini aşaraq, vətəndaş üçün əlavə vəzifələr yaratmışdır.
Qanunun bilavasitə özündə nəzərdə tutulmayan və qanunvericinin İXM-nin 456.2-ci maddəsində ifadə olunan iradəsinə tamamilə zidd olan bu “imtahan vermə” tələbi ona bənzəyir ki, cinayət qaydasında, CM-nin 46.1-ci maddəsinə əsasən, “müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə” cəzasına məhkum edilən şəxs, həmin müddət keçdikdən sonra yenidən qəbul imtahanı verməli və yenidən ali təhsil almalıdır ki, yalnız bundan sonra hər hansı vəzifə tuta bilsin və ya peşə ilə məşğul ola bilsin.
Nəzərə alsaq ki, İXM-nin 28.1-ci maddəsinə əsasən, verilmiş xüsusi hüququn məhdudlaşdırılmasının aşağı həddi 2 aydır, onda belə çıxır ki,
-- ən azı 2 ay ağır xəstə olduğuna,
-- ən azı 2 ay xarici ölkədə olduğuna və ya
-- maşını ən azı 2 ay təmirdə olduğuna görə, nəqliyyat vasitəsini idarə etməyən şəxslərin sürücülük vəsiqələri onlardan alınmalı, yalnız “tibbi müayinədən keçdikdən və onların bilik səviyyəsi, sürmə vərdişləri yoxlanıldıqdan sonra” sürücülük vəsiqəsi onlara qaytarılmalıdır.
Bu məntiqlə, pensiya yaşına çatmış bütün vətəndaşlar da yenidən imtahan vermə prosesinə cəlb edilməli və ya onlardan sağlamlıq haqqında arayış tələb edilməlidir. Yaxud da, bütün təqaüdçülərin sürücülük vəsiqələri geri alınmalı və yalnız sağlamlıqlarının və “sürmə vərdişləri”nin yoxlanılması prosesindən keçdikdən sonra, sürücülük vəsiqəsi onlara qaytarılmalıdır. Bu isə, absurddur!
Bəzi DYP əməkdaşları həmin normanın vacibliyini belə əsaslandırmağa çalışırlar ki, guya sürücülük hüququndan müəyyən müddətə məhrum edilmiş şəxslərin yol hərəkəti qaydasını pozması onların biliklərinin və ya sürücülük vərdişlərinin aşağı olmasını göstərən bir faktdır, ona görə də həmin şəxslər yenidən imtahan prosesinə cəlb edilməlidirlər.
Hörmətli E.Süleymanova!
Sürücü, yalnız son zərurət (İXM-nin 18-ci maddəsi), zəruri müdafiə (İXM-nin 19-cu maddəsi), anlaqsızlıq (İXM-nin 20-ci maddəsi) və az əhəmiyyətli inzibati xəta (İXM-nin 21-ci maddəsi) istisna olmaqla, qəsdlə törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilir. Başqa sözlə, sürücü yol hərəkəti qaydalarını bilir və qəsdlə də, sürücülük vərdişlərinə əsaslanaraq həmin qaydaları pozur, yəni yol hərəkəti qaydasını pozması sürücünün həmin qaydaları bilmədiyi anlamına gəlmir. Əgər, sürücü, yol hərəkəti qaydalarını bilməsəydi, DYP ona sürücülük vəsiqəsi verməzdi.
Sürücülük vəsiqəsi aldığının sabahısı günü, sürücülük hüququndan məhrum edilmə ilə nəticələnən yol hərəkəti qaydasını pozan sürücünün yenidən imtahana cəlb edilməsi, əvvəlki sürücülük vəsiqəsinin rüşvətlə verilməsini sübut etmirmi?!
Mən də sürücüyəm, Nazirlər Kabinetinin həmin qərarı mənim də hüququmu pozur.
Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə əsasən, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır”.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 26 noyabr 1999-cu il tarixli 761-IQ saylı Qanununun 4-cü maddəsinə əsasən, “Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar və bu səlahiyyətlərin hüdudları Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilir”.
Nazirlər Kabinetinin həmin qərarının 2.13-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 26 noyabr 1999-cu il tarixli 761-IQ saylı Qanununun 4-cü maddəsinə uyğun olaraq, qüvvədən düşmüş hesab edilməlidir.
Təcrübədə bu norma, faktiki olaraq, korrupsiya və rüşvətxorluğun çiçəklənməsinə şərait yaradır.
Hörmətli E.Süleymanova!
“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının 28 dekabr 2001-ci il tarixli 246-II KQ saylı Qanununun 13.2.8-ci maddəsinə əsasən, “Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edə bilər”.
Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin VII bəndinə əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər”.
Yuxarıda qeyd edilənlərə əsasən,
XAHİŞ EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 41 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnamə”nin 2.13-cü maddəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 456.2-ci maddəsinə zidd olduğuna görə qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edəsiniz.
Qoşma: -- Şikayət ərizəsinin surəti,
-- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 41 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat
vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara
sürücülük vəsiqəsinin verilməsi qaydalarının surəti,
-- Məmmədov Qurban Cəlal oğlunun “Çalxan” MMC-nin direktoru olması barədə əmrin təsdiqlənmiş surəti,
-- “Çalxan” MMC-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin təsdiqlənmiş surəti.
18 oktyabr 2010-cu il
İmza: / Məmmədov Qurban Cəlal oğlu /
Hiç yorum yok:
Yorum Gönder